Belçika parlamenti: "Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir"

Belçika parlamenti: "Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir"
11 Dekabr 2020
Mətni dəyiş

Dekabrın 2-də Belçika Federal Parlamentinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində Qarabağla bağlı qətnamə layihəsi müzakirə olunmuş və sənəd layihəsi bir sıra düzəlişlərlə sözügedən komitədə qəbul edilməklə Plenara tövsiyyə olunmuşdu. Qətnamə layihəsinin komitədə qəbul edilən mətninin cari ilin 17 dekabr tarixində Belçika Nümayəndələr Palatasının plenar iclasında səsverməyə qoyulması gözlənilir. Lakin ermənipərəst dairələrin canfəşanlığı nəticəsində Belçika Senatı da eyni mətni dekabrın 11-də səsverməyə çıxarmağı qərara alıb.

Bu barədə Milli Məclisdən məlumat verilib.

Qətnamə layihəsinin Senata gətirilməsinin əsas təşəbbüskarı Senatın Sahələrarası məsələlər komitəsinin sədri, Belçikanın özündə də separatçılıq meyllərinin əsas daşıyıcılarından olan, islamofob və anti-türk əhval-ruhiyyəli millətçi Yeni Flamand İttifaqı Partiyasının (N-VA) üzvü Mark Demesmaekerdir. Bir faktı da xüsusi qeyd etməkdə fayda vardır ki, cənab Demesmaeker Brüsseldəki əsas erməni lobbi təşkilatının rəhbəri Kaspar Karampetyan ilə sıx əməkdaşlıq edir və sonuncunun təşkilatçılığı və şəxsən müşayiəti ilə ötən il oktyabr ayında Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə qeyri-qanuni səfər etmişdir.

Sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinin Belçika üzrə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Kamal Cəfərov belçikalı senator Mark Demesmaekerə məktub ünvanlamışdır. Məktubda millət vəkili belçikalı həmkarına mahiyyəti üzrə ətraflı məlumat vermiş, Dağlıq Qarabağ məsələsi ilə bağlı beynəlxalq hüququn və hətta Belçikanın rəsmi mövqeyinin Azərbaycanın ərazi bütövlüyünün yanında olduğunu xatırlatmışdır.

Onu da qeyd edək ki, müxtəlif erməni diaspora təşkilatları və ermənipərəst qüvvələr bu tip qətnamələr qəbul etdirməklə Ermənistanın Azərbaycan qarşısındakı son uğursuzluqlarını pərdələməyə çalışırlar. Əslində Fransada istədiklərinə tam nail olmayan erməni lobbi təşkilatlarının Belçika parlamentindəki anti-Azərbaycan səyləri də puç olmuşdur. Belə ki, qətnamənin ilkin layihəsində sabiq işğalçı rejimin tanınması və onun təhlükəsizliyinin təminatı üçün bu rejimlə diplomatik əlaqələrin qurulması məsələsi təklif edilirdi. Lakin Azərbaycan Hökumətinin və Milli Məclisinin vaxtında atılmış addımları nəticəsində bu cür absurd təkliflər qəbul edilmədi. Həmçinin qətnamə layihəsinin ilkin mətnindəki qondarma “artsax” adına bütün istinadlar çıxarıldı və Dağlıq Qarabağ anlayışı qəbul edildi. Ən mühüm məqam isə ondan ibarət olmuşdur ki, beynəlxalq hüquqa uyğun olaraq BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələri layihəyə daxil edildi. Başqa sözlə, ermənilərin və ermənipərəst qüvvələrin hər vəchlə qəbuluna çalışdığı sənəd Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu təsdiq etdi.

Eyni zamanda layihənin ilkin versiyasında olan digər bir sıra absurd fikirlər – “ATƏT-in Minsk qrupundan Naxçıvanla Azərbaycan və Türkiyə arasında Ermənistan ərazilərindən keçməklə koridor yaradılması ideyasını rədd etməyi tələb etmək”, “Azərbaycan ordusuna 27 sentyabrdan əvvəl tutduğu mövqelərə dərhal çəkilməsi üçün çağırış etmək”, “9 noyabr bəyanatı Ermənistana təzyiq altında əlverişsiz şərtlərlə imzalatdırılmışdır” kimi təkliflər rədd edildi, qəbul edilmədi.

Qardaş Türkiyənin Azərbaycana verdiyi aktiv diplomatik dəstəklə əlaqədar olaraq, sənəddə Türkiyəyə müəyyən təzyiqlərin edilməsi ilə bağlı çağırışlar da qəbul edilmədi. Belə ki, “Türkiyənin Aİ üzvlüyünə dair danışıqların dərhal dayandırılması”, “Türkiyə səfirinə Belçika hökumətinin etirazının çatdırılması”, “Türkiyənin NATO-dan çıxarılması üçün bütün mümkün tədbirlərin görülməsi” kimi cəfəng fikirlər layihənin mətnindən çıxarıldı.

Erməni lobbi təşkilatlarının qətnamə layihəsindəki müəyyən bəndləri qabardaraq “uğur” kimi təqdim etməsi cəhdlərinə baxmayaraq, əslində qondarma “artsax respublikasının” tanınması qətnaməsinin iflasa uğraması və Fransadan sonra Belçikada çox gözlənilən “dəstəyi” ala bilməməsi erməni və ermənipərəst dairələrdə, o cümlədən “artsaxın tanınanmasına” dair qətnamə təkliflərini irəli sürən deputatlarda böyük narazılıq və ruh düşkünlüyü yaradıb.

Əsas məqsədləri Belçika parlamentində “artsaxın tanınması” olan, lakin bu ideyanın reallaşdırılmasına nail ola bilməyən ermənilərin Fransa modelini təkrarlamaq niyyətləri puça çıxdı. Almaniya, Lüksemburq və Belçikadan sonra qondarma rejimin tanınma məsələsində Fransa, faktiki olaraq, Avropada təklənmiş duruma düşdü.

Azərbaycan Respublikası Milli Məclisi hadisələrin gedişatını izləməyə davam edir və mütəmadi olaraq ictimaiyyəti məlumatlandıracaqdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun