Belarus təhlükəsizlik qüvvələri ölkənin avtoritar rəhbəri Aleksandr Lukaşenkonun istefasına çağıran küçə nümayişlərinin davam etdiyi vaxt bazar günü ölkə boyu onlarla insanı saxlayıb.
Nümayişçilər paytaxt Minsk və Belarusun digər şəhərlərində avqust ayında müxalifət tərəfindən saxtalaşdırıldığı deyilən mübahisəli prezident seçkilərindən bəri davam edən etiraz aksiyalarına toplaşıb.
Bu, Belarusda nümayişlərin “Qonşuların Yürüşü” şüarı altında keçirildiyi üçüncü bazar günüdür. Müxalifət etiraz aksiyalarının mərkəzsizləşdirilməsi və polisin fəalları saxlamasını çətinləşdirmək üçün belə bir strategiya qəbul edib.
Lukaşenko seçkilərdə qələbə çaldığını iddia edir. Onun opponentləri isə seçki nəticələrinin saxtalaşdırıldığını vurğulayır və Lukaşenkonun istefasını tələb edir.
Avqustun 9-da səsvermə Lukaşenkonun altıncı dönəm prezidentliyi ilə nəticələndi. Lakin müxalifət öz namizədi Svetlana Tixanovskayanın seçkilərin həqiqi qalibi olduğuna inanır və Lukaşenkonun istefası ilə yanaşı bütün siyasi məhbusların azad edilməsini və yeni seçkilər keçiriməsini tələb edir.
Qərb Lukaşenko və Belarusun onlarla yüksək səviyyəli rəsmisinə qarşı sanksiyalar tətbiq edərək, seçkinin nəticələrini tanımaqdan imtina edir.
Belarus rəsmiləri tərəfindən etirazçıların hərəkatına qarşı artan repressiyalar fonunda dekabrın 6-da Minskin bir neçə rayonunda, eləcə də Brest və Qrodno da daxil olmaqla ölkənin digər şəhərlərində həbslərin edildiyi haqda məlumat verilib.
Minskdə yerləşən Vesna insan haqları mərkəzi yerli vaxtla saat 15.20-yə qədər paytaxtda 40-dan çox insanın həbs edildiyini bildirib. Şəhərdə bir neçə metro stansiyası qısa müddətə bağlanıb və azı iki meydan təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb.
Seçkilərdən bir müddət sonra rəsmilərin təzyiqi ilə ölkəni tərk edən və hazırda Litvada mühacirətdə olan Tixanovskaya dekabrın 5-də "öz həyətinə, rayonu və şəhərinə çıxan hər kəsi dəstəkləyəcəyini" deyib.
“Hər bir yürüş belarusların təslim olmayacağını xatırladır. Biz hüquqlarımızın əlimizdən alınmasına və gözlərimizin cinayətlərə yumulmasına yol verməyəcəyik”, Tixanovskaya açıqladığı bəyanatda bildirib.