Stepanakert aeroportunun (Xocalı) işi yaxın vaxtlarda bərpa olunacaq. Bunu dekabrın 2-də "DQR prezidenti"nin müşaviri David Babayan bildirib. O, konkret tarix göstərməyib.
"Demək çətindir ... Çox yaxın gələcəkdə", - RİA Novosti agentliyi Babayandan sitat gətirib.
Qeyd edək ki, Xocalı aeroportu 1992-ci ilin fevralında ermənilər tərəfindən şəhərin özü ilə birlikdə işğal edilib.
Aeroport 1974-cü ildə tikilib, Bakı və Yerevana reyslər yerinə yetirib. Ermənistan-Azərbaycan münaqişəsi başlayandan sonra hava limanı işğal olunana qədər Azərbaycanın nəzarətində idi.
Sonrakı dönəmdə sərnişin daşımaları üçün istifadə edilməyib. Ermənilərin onu işə salmaq cəhdlərinin qarşısı Azərbaycan hakimiyyəti tərəfindən sərt şəkildə alınıb, icazəsiz uçuşlar həyata keçirən təyyarələrin vurulacağı bildirilib.
10 noyabr tarixli üçtərəfli bəyanatda aeroportun işinin bərpasından danışılmır. Rəsmi Bakı hələlik bu məlumatı şərh etmir.
İndiki vəziyyətdə aeroportdan yalnız Rusiya Bakının razılığı ilə istifadə edə bilər.