Azərbaycanın 4 hərbi qulluqçusu həbs edildi

Azərbaycanın 4 hərbi qulluqçusu həbs edildi
14 Dekabr 2020
Mətni dəyiş

"Təəssüf hissi ilə qeyd olunmalıdır ki, müharibənin törətdiyi ağır psixoloji durumun təsiri altında bəzi hərbi qulluqçular tərəfindən düşmənə qarşı mübarizənin metod və üsullarının dərk edilməsində yanılmalar Silahlı Qüvvələrin göstərdikləri rəşadət və əzmə, eləcə də əldə olunan qələbəyə kölgə sala biləcək qanunsuz hərəkətlər törədilməsinə gətirib çıxarıb" Bu barədə Azərbaycan Republikasının Baş Prokurorluğu məlumat yayıb.

Məlumatda deyilir ki, bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində yayılan Azərbaycanın hərbi qulluqçularının döyüş əməliyyatları zamanı həlak olan erməni hərbçilərinin meyitləri üzərində təhqiredici hərəkətlər etmələrini, habelə əsir götürülən erməni hərbçiləri ilə qeyri-insani rəftarını əks etdirən videogörüntülər Azərbaycan Respublikasının Baş Prokurorluğu və Hərbi Prokurorluq tərəfindən təhlil edilərək öyrənilmiş, bəzi videoçarxların saxta olması müəyyən edilsə də, bəzilərinin doğru olmasına və reallığı əks etdirməsinə ciddi şübhələr yaranıb.

Əvvəllər bu barədə mətbuata verilən məlumata əlavə olaraq bildiririk ki, qeyd edilən məlumatlarla bağlı toplanan materiallar əsasında Hərbi Prokurorluq tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 115.2 (işgəncə vermə, onlarla qəddar və ya qeyri-insani rəftar etmə) və 245-ci (qəbir və ya meyit üzərində təhqiredici hərəkət) maddələri ilə cinayət işləri başlanaraq iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

İstintaqla Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində kiçik gizir kimi xidmət aparan Rəşad Əliyev və Qardaşxan Abışovun Zəngilan rayonu ərazisində döyüş əməliyyatları zamanı öldürülmüş erməni hərbi qulluqçularının meyitlərinin üzərində təhqiredici hərəkətlərə yol vermələrinə, etdikləri hərəkətləri smartfon tipli mobil telefonla videoqeydə alıb sosial şəbəkələr vasitəsilə digər şəxslərə göndərmələrinə əsaslı şübhələr müəyyən olunub.

Həmçinin istintaqla Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsinin əsgərləri Arzu Hüseynov və Ümid Ağayevin Xocavənd rayonunun Mədətli kəndi ərazisində yerləşən qəbiristanlıqda ermənilərə məxsus qəbir daşlarını dağıtmaqla üzərlərində təhqiredici hərəkətlərə yol vermələrinə, etdikləri hərəkətləri smartfon tipli mobil telefonla videoqeydə alıb sosial şəbəkələr vasitəsilə digər şəxslərə göndərmələrinə şübhələr üçün əsaslar müəyyən olunub.

R.Əliyev, Q.Abışov, A.Hüseynov və Ü.Ağayev Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda sosial mediada yayılan digər videogörüntülərlə bağlı zəruri araşdırmalar aparılmaqla nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcəkdir".

"Azərbaycan Respublikasının Baş Prokurorluğu bəyan edir ki, Azərbaycan Respublikasının hərbi qulluqçuları tərəfindən yuxarıda qeyd olunan cinayət əməllərinin törədilməsi yolverilməz olmaqla tolerant, multikultural dəyərləri üstün tutan, tarixən humanistliyi ilə seçilən azərbaycan xalqının mentalitetinə ziddir. Oxşar xarakterli qanun pozuntularına yol vermiş şəxslər barəsində qanunla nəzərdə tutulmuş tədbirlər görülməklə məsuliyyətə cəlb edilmələri təmin ediləcəkdir.

Eyni zamanda Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistan hüquq mühafizə orqanlarını analoji addımlar atmaqla beynəlxalq hüququn nörma və prinsiplərinə uyğun olaraq Azərbaycan vətəndaşlarına qarşı törədilmiş cinayətlərlə bağlı ciddi hüquqi təsir tədbirləri görməyə, açıq və ədalətli araşdırma aparmağa və ictimaiyyəti məlumatlandırmağa çağırır", Mətbuat Xidmətindən bildirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun