Səfərbərlik üzrə hərbi xidmətə çağırılmış vətəndaşların mərhələli şəkildə tərxis edilməsi prosesinə başlanılıb.
Bu barədə dekabrın 25-də Müdafiə Nazirliyi açıqlama yayıb. Rəsmi məlumata görə, prezidentin "Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında” sərəncamının Azərbaycan Ordusunda icrası ilə əlaqədar müdafiə naziri Zakir Həsənov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, hərbi xidmətə çağırılan hərbi qulluqçular cari ilin dekabr ayının 25-dən 2021-ci ilin aprel ayının 15-dək mərhələli şəkildə səfərbərlik üzrə hərbi xidmətdən tərxis ediləcəklər.
Hərbi qulluqçular onların yaş həddi nəzərə alınmaqla, mərhələli şəkildə və tərxisetmə dövrlərinə uyğun olaraq tərxis olunacaq.
Nazirliyin məlumatında deyilir ki, səfərbərliyə cəlb edilmiş əsgər və çavuşlara vəzifə maaşlarından əlavə 360 manat aylıq müavinət veriləcək.
Məlumata görə, zabit və gizirlərin pul təminatı xidmət etdikləri hərbi hissə üçün müəyyən edilmiş artım əmsalları tətbiq edilməklə təyin olunduğu vəzifələrə uyğun olan vəzifə maaşları, hərbi rütbələrinə görə maaşlar və digər əlavələrdən ibarətdir.