Azərbaycan vətəndaşları Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səfər edə biləcək

Azərbaycan vətəndaşları Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səfər edə biləcək
11 Dekabr 2020
Mətni dəyiş
10 dekabr 2020-ci il tarixində, Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azadetmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol imzalandı. Protokol hər iki ölkənin xarici işlər nazirləri tərəfindən imzalanıb.
XİN-in Mətbuat Xidməti idarəsindən verilən məlumata görə, bu ilin 25 fevralında imzalanmış Sazişə əsasən iki ölkənin ümumvətəndaş pasportlarına malik vətəndaşları vizasız səfər edə və ölkə ərazisində 90 gün vizasız qala bilərdi. Sazişə əlavə olaraq imzalanmış Protokol qüvvəyə mindikdən sonra iki ölkə vətəndaşları artıq şəxsiyyət vəsiqəsi və digər sərhədkeçmə sənədləri ilə vizasız səfər edə və 90 gün vizasız qala biləcəklər.
Bu qayda yalnız Türkiyə ilə Azərbaycan arasında birbaşa səfər edən iki ölkə vətəndaşlarına münasibətdə tətbiq olunacaq. Türkiyə və Azərbaycan ərazisi vasitəsilə üçüncü ölkələrə səfər etmək istəyən vətəndaşlar pasportdan istifadə etməlidir.
Azərbaycan Respublikasının öz tarixində ilk dəfə şəxsiyyət vəsiqəsinin sərhədkeçmə sənədi kimi istifadə olunması üçün müqavilə imzaladığı bildirilib.
"Tərəflər, habelə saxta sərhədkeçmə sənədlərindən istifadənin qarşısının alınması məqsədilə əməkdaşlıq etməyə qərar vermişlər. Bu isə iki ölkənin sərhəd təhlükəsizliyinin gücləndirilməsi sahəsində yeni imkanlar yaradacaqdır", - deyə XİN-in bəyanatında bildirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun