Qarabağ savaşı başlayandan sonra Azərbaycan Ermənistanın yüksək çinli məmurlarını, o cümlədən keçmiş prezident Serj Sarkisyanı hərbi cinayətlər törətməkdə ittiham edib, bununla bağlı hətta Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib. İkinci Qarabağ müharibəsində Ermənistanın qeyri-cəbhə bölgəsindəki Azərbaycan şəhərlərinə raket atması nəticəsində mülki əhalinin həlak olması faktına görə də Baş Prokurorluq buna məsul şəxslər barəsində bir neçə cinayət işi açıb.
Onları cəzalandırmaq mümkün olacaqmı? Yoxsa S.Sarkisyan kimi, bu şəxslər məsuliyyətdən yayına biləcəklər?
"Toplum TV” bu suallara hüquqşünas Fərhad Mehdiyevdən cavab alıb.
- Azərbaycan Ermənistanın hərbi cinayətlərini cəzalandırmaq üçün hansı addımları atmalıdır?
- İlk növbədə bu cinayətlərin sənədləşdirilmək, sonra 2 yerə ayırmaq lazımdır: mülki əhaliyə qarşı törədilən müharibə cinayətləri və hərbçilərə qarşı törədilən müharibə cinayətləri. Bizim perspektivimiz daha çox mülki əhaliyə qarşı olanlardır, çünki bizdə həm sayca daha çoxdur, həm də hamsı konflikt zonasından kənarda olan itkilərdir. Bu faktları Avropa İnsan Hüquqları Məhkəməsinə göndərmək lazım olacaq. Dövlət, QHT-lər, könüllü şəxslər və vətəndaşların özləri də bunu edə bilər.
Hərbçilərə qarşı müharibə cinayətlərini ona görə sənədləşdirmək lazımdır ki, eyni arqumentləri ermənilər bizə qarşı irəli sürəcəklər. Erməni əsirliyində qalmış və qayıtmış bir hərbçilərimiz özləri də işgəncəyə məruz qaldıqlarına dair iddia irəli sürə bilərlər.
- Serj Sarkisyan 2000-ci ildə jurnalist Tomas de Vaala açıqlamasında Xocalıda dinc insanların kütləvi şəkildə qırılmasına rəhbərlik etdiyini etiraf edib. və bundan xeyli sonra - 2008-ci ildə prezident seçilib. Onun cinayət məsuliyyətinə cəlb edilməsinə nail olmaq olmazdımı?
- Beynəlxalq ədalət məhkəməsi deyir ki, dövlət başçısı səlahiyyətlərini icra edən şəxsi, ölkə prezidentini beynəlxalq axtarışa vermək olmaz. Ölkə müstəqil və toxunulmaz olduğu kimi, prezidentin də xaricdə toxunulmazlığı və mütəqilliyi var. Parlamentli respublikalarda eyni şey Baş nazir üçün keçərlidir. Baş nazir olduğu dövrlərdə Sarkisyana qarşı hansısa tədbir almaq mümkün deyildi.
- Amma artıq o vəzifədə deyil
- İndi olar. Cinayət işi materialına uyğun məcəlləyə görə qırmızı bülletenlə axtarılsa, daha çox uğur əldə etmək olar. Bunun üçün Serj Sarkisyanın törətdiyi əməlləri həbs edilməli olduğu ölkədə geniş yaymaq lazımdır. Pinoçeti törətdiyi müharibə cinayətlərinə görə Londonda tutmuşdular, amma hamı bilirdi ki, Pinoçet kimdir və nələr törədib. Elə bilməyin ki, Avropada hamı Sarkisyanın cinayət törətdiyini bilir. Bunun üçün geniş kampaniya aparmaq lazımdır. Azərbaycan-Ermənistan-Rusiya formatında bunların heç birini istəyə bilməyəcəyik. Nə vaxt istəyə bilərdik? Rusiya qarışmasaydı, biz erməniləri tamamilə Qarabağdan çıxara bilsəydik, hətta bundan sonra Ermənistanın da bir hissəsini tuta bilsəydik, Ermənistan kapitulyasiya etsəydi, ondan sonra biz deyə bilərdik ki, biz sizin torpaqlarınızdan çıxırıq, amma şərtimiz var- Azərbaycan xalqına qarşı müharibə cinayəti törətmiş şəxslərin məsuliyyətə cəlb olunması.
Bir başqa variant Azərbaycanla Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin statusunu qəbul etməsi halında ola bilərdi. Düzünə qalsa, heç bu halda da nəticə olmayacaqdı. Beynəlxalq Cinayət Məhkəməsinin statusu 1998-ci ilə aiddir, Xocalı hadisələri isə 1992-də olub, beynəlxalq məhkəmələr adətən qurulduqları və yurisdiksiyasına imza atıldığı tarixdən əvvəl olan hadisələrə baxmır.
- Sizcə, problemin kökündə nə dayanır - Azərbaycan məhkəmə sistemindəki çatışmazlıqlar, yoxsa beynəlxalq təşkilatların susqunluğu?
- Problem ittiham edən tərəfin yurisdiksiya çatışmazlığıdır. İttiham edən tərəflə ittiham olunan tərəf eyni yurisdiksiyada deyil. Yəni Azərbaycanın yurisdiksiyası öz ərazisinə çatır, Ermənistan tərəfi başqa bir yurisdiksiyadadır. Bu işə əl qoya biləcək başqa bir beynəlxalq instansiya da yoxdur. Bu səbəbə görə hər hansı nəticə əldə etmək olmur.
- Azərbaycan Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanı müharibə cinayətlərinə görə beynəlxalq axtarışa verib. Bundan əvvəl hökumət Gəncə, Tərtər və Bərdə şəhərlərindəki bombardman zamanı dinc sakinlərin öldürülməsinə görə məsuliyyət daşıyan erməni hərbçiləri də cinayət məsuliyyətinə cəlb edəcəyini açıqlamışdı. Sizcə, bunu etmək mümkün olacaqmı?
- İndiki konyunkturda bunu etmək alınmayacaq. Bu məsələlərdə əslində Paşinyan da məsuliyyət daşıyır. Gəncəyə atılan raketlərdən xəbəri yox idisə, hadisəni törədən şəxsləri məsuliyyətə cəlb etməli idi, cəlb etmirsə, demək, onun özü də məsuliyyəti bölüşən adam statusundadır. Düzdür, "Human Rights Watch” Gəncə hadisələrini işıqlandırıb, amma bu hadisələrinin müharibə cinayəti olduğuna dair bir qərar yoxdursa, bunu beynəlxalq arenada icra etdirmək mümkün olmayacaq. Sıradan bir insanı İnterpola vermək olar, amma siyasi çalarları olan məsələlərdə bunu icra etdirmək bir az çətindir. Ona görə də mən inanmıram ki, Ermənistanın müdafiə nazirini kimsə tutsun. Həm də biz elə bir kampaniya aparmamışıq ki, hamı Köçəryanı, Sərkisyanı, Paşinyanı, yaxud Ohanyanı müharibə cinayətkarı kimi tanısın.
Biz bu kampaniyanı həm də ona görə aparmalıyıq ki, əks düşərgə eyni şeyi edir - Azərbaycanı müharibə cinayəti törətməkdə ittiham edir. Əfsuslar olsun ki, Qərb mətbuatında biz daha təqsirkar kimi görünürük.