Azərbaycanda şəhid ailələri və ya müharibədə sağlamlığını itirmiş şəxslərə ödəniləcək müavinətlərin məbləği ilə bağlı məsələyə gələn ilin büdcəsində baxıla bilər.
Bunu millət vəkili Aydın Mirzəzadə BBC News Azərbaycancaya deyib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi açıqlayıb ki, şəhid ailələri və ya müharibədə sağlamlığını itirmiş şəxslərə üst-üstə aylıq təxminən 600-700 manat ödənilir.
Bəzi sosial media istifadəçiləri hesab edirlər ki, bu, İkinci Qarabağ Müharibəsində həlak olanların ailələri və ya sağlamlığını itirənlər üçün yetərli məbləğ deyil.
Azərbaycanda ölkə suverenliyi və ərazi bütövlüyü uğrunda, o cümlədən döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirərkən həyatını və ya sağlamlığını itirən şəxslərlə bağlı müxtəlif müavinətlər və Prezident təqaüdü var.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sözçüsü Fazil Talıblı Facebook hesabında bildirib ki, şəhidin vərəsələrinə sığorta ödənişi (11 min manat) verilir.
"Müharibə əlillərinə sığorta ödənişi (I dərəcə əlilliyi olan şəxslərə 8800 manat, II dərəcə əlilliyi olan şəxslərə 6600 manat, III dərəcə əlilliyi olan şəxslərə 4400 manat) ödənilir.
Əlavə olaraq, şəhid ailəsi üzvlərinə və müharibə əlillərinə:
- Əmək stajından asılı olaraq pensiya və ya müavinət ödənilir (orta məbləğ 400 manat);
- Onların əmək pensiyasının sığorta hissəsinə əlavə (55-110 manat) ödənilir;
- Prezidentin aylıq təqaüdü (210-300) ödənilir.
Fazil Talıblı bildirib ki, bundan başqa şəhid ailələrinin üzvlərinin və müharibə əlillərinin övladları müxtəlif sosial proqramlarla təmin olunurlar, o cümlədən dövlət vəsaiti hesabına təhsil haqqından (ehtiyac olduqda) azad edilirlər, mənzil və avtomobillə təmin olunurlar.
"İndiyədək bu kateqoriyadan olan şəxslərə 9000-ə yaxın mənzil və fərdi ev, habelə 7000-dək avtomobil verilib,"- Fazil Talıblı qeyd edib.
Azərbaycan sentyabrın 27-də Ermənistanın işğalı altında olan torpaqlarının azadlığı üçün əks-hücum əməliyyatlarına başlayaraq 44 gün müharibə aparandan sonra belə bir açıqlama sosial mediada birmənalı qarşılanmayıb. Bəzi sosial media istifadəçiləri həyatını və ya sağlamlığını döyüşlərdə itirmiş şəxslərə və ya onların ailələlərinə veriləcək bir müavinətdə əmək stajı məsələsinə diqqət yönəldiblər.
İkinci Qarabağ Müharibəsində əsasən, gənclərin döyüşdüyünü əsas gətirən bəzi sosial media istifadəçiləri yazırlar ki, 2000-2001-ci ildə doğulanların əmək stajları nə qədərdir ki, ortalama 400 manat pensiya verirlər?
700 manatlıq sosial ödənişi yetərli məbləğ saymayan bəzi sosial media istifadəçiləri deyirlər ki, həlak olmuş və ya sağlamlığını itirmiş bəzi hərbçilərin iki, ya üç övladı var və bu məbləğ onların zəruri tələblərini qarşılamayacaq.
BBC News Azərbaycanca Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən suallarına hələ cavab ala bilməyib.
Millət vəkili Aydın Mirzəzadə məsələ ilə bağlı BBC News Azərbaycancaya deyib ki, şəhid ailələri və ya müharibədə sağlamlığını itirmiş şəxslərə ödəniləcək müavinətlərin məbləğinə gələn ilin büdcəsində baxıla bilər.
"Şəhid ailələrinə verilən aylıq müavinətin məbləğinə yenidən baxılması təklifinin parlamentə verilməsi gözləniləndir", Aydın Mirzəzadə qeyd edib.
Onun sözlərinə görə, hökumət dövlət tərəfindən verilən müavinətlərin, sosial yardımların məbləğinə vaxtaşırı yenidən baxır.
"Ona görə də bununla bağlı, yəni müavinətlərin artırılması təklifinin gəlməsi tamamilə gözləniləndir".
Azərbaycan İkinci Qarabağ Müharibəsində həlak olan və yaralanan hərbçilərinin sayı ilə bağlı məlumat açıqlamayıb.