Bu günlərdə Alban-udi xristian icmasının nümayəndələri Kəlbəcərə səfər ediblər. Onlar səfər çərçivəsində Xudavəng monastr kompleksini də ziyarət edib. Ziyarət zamanı monastrda erməni keşişlərin də olduğu məlum olub. Onların burada ibadətlərini yerinə yetirmək üçün müraciət etdikləri və buna icazə verildiyi müəyyənləşib. Amma Alban-udi xristian icmasının nümayəndələri ibadət etmək istəyərkən erməni keşişlərlə aralarında mübahisə yaranıb. Erməni keşişlər onların ibadətinə yalnız çəkiliş olmadan icazə veriləcəyini bildiriblər. Məsələ ictimailəşdikdən sonra Azərbaycan cəmiyyəti tərəfindən birmənalı qarşılanmayıb.
Millət vəkili Aydın Mirzəzadə deyir ki, müəyyən etmək lazımdır ki, erməni keşişlərin monastrda qalıb ibadətlərini yerinə yetirməyə kim icazə verib?
Onun sözlərinə görə, əgər buna rus sülhmərmalıları icazə veribsə, onların belə səlahiyyəti yoxdur. Bu dəqiqləşdirilməlidir. Azərbaycan tərəfi icazə veribsə, şübhəsiz ki, bundan sonra onların fəaliyyətinə ciddi yanaşılacaq və hər hərəkətlərinin cavabı soruşulacaq.
Özlərini oranın ağası kimi aparırlar
Millət vəkili deyir ki, bu bir daha onu göstərir ki, Ermənistanın Azərbaycana qarşı təxribatları hələ də davam edir.
Onun sözlərinə görə, erməni keşişlərinin monastrda ibadətlərini yerinə yetirmələri üçün icazə verilməsinə baxmayaraq, onlar özlərini oranın ağası kimi aparırlar.
"İstənilən halda bu onu göstərir ki, erməni kilsəsinin nümayəndələrinə Azərbaycan ərazisindəki kilsələrdə ibadət etmək üçün icazə verilmə qaydalarına çox ciddi yanaşılmalıdır. Bundan sonra biz Ermənistan tərəfdən yenə də təxribatlar gözləməliyik. Artıq məlumat var ki, həmin kilsəyə Alban-udi kilsəsi tərəfindən cavabdeh təyin edilib. Bundan sonra da ərazilərimizdə olan Alban kilsələrinin taleyi məsələsi dövlətimizin ciddi diqqətində olacaq. Tək erməni kilsəsinin deyil, digər xristiyan kilsələrinin də nümayəndələri bu və ya digər kilsələrdə ibadət etmək isəyəcəklərsə, Azərbaycanın miqrasiya qaydalarına ciddi riyayət olunmalıdır və özlərini oranın ağası kimi aparmamalıdırlar", - deyə millət vəkili Aydın Mirzəzadə bildirib.
Problem həllini tapıb
Dekabrın 4-də Azərbaycanın alban-udin pravoslav icmasının nümayəndələri işğaldan azad edilmiş Kəlbəcər rayonunda Xudavəng monastrını ziyarət edib və ibadət ediblər.
Erməni apostol kilsəsinin oradakı iki ruhanisi mərasimə mane ola bilməyib.
Orada olan Rusiya sülhməramlıları da ibadət ediblər.
Azərbaycan Alban-udi icması rəhbərinin müavini Rafiq Danakari qeyd edib ki, Azərbaycanda 400-ə yaxın alban kilsəsi var və onları mütləq ziyarət edəcəklər. "Azərbaycanın azad edilmiş ərazilərində də alban kilsələri var, onların 300-dən çoxu Qarabağ regionundadır. Biz onların hər birini ayrı-ayrılıqda ziyarət edəcəyik. Ermənilər işğal etdikləri ərazilərdə yerləşən kilsə və monastrlarda olan bütün tarixi əşya və ədəbiyyatı məhv edib, alban kilsələrində və monastrlarında erməni xaçlarını quraşdırıblar. Kəlbəcər rayonunun işğalından sonra ermənilər Xudavəngdə alban kilsəsinə aid bütün tarixi-dini əşyaları məhv ediblər".