Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirli saxlanılıb.
Bu barədə onun həyat yoldaşı Lalə Əmirli məlumat verib. Məlumata görə, Faiq Əmirli karantin qaydalarını pozmaqda ittiham olunur. Lalə Əmirli bildirib ki, Faiq Əmirli saçın kəsdirməyə gedəndə saxlanılıb. "Saxlanılandan sonra Faiq Əmirlinin telefonuna da zəng çatmadı. Polis bölməsinə zəng etdim, dedilər barəsində tədbir görüləcək", - deyə Lalə Əmirli bildirib. DİN Mətbuat Xidmətindən verilən məlumata görə isə, Faiq Əmirli dekabrın 12-də keçirilən nəzarət-profilaktik tədbirlər nəticəsində saxlanılıb. O paytaxtın Səbail rayonunda 20-ci sahədə bərbərə getdiyi üçün saxlanılıb. Belə ki, Sabail RPİ epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozan bərbərxanaya baxış zamanı orada bərbər Alıyar Məmmədov və müştərisi Faiq Əmirlini saxlayıb. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilməklə bərbər 400 manat, karantin qaydalarını pozan müştəri isə 200 manat məbləğində cərimə olunaraq sərbəst buraxılıblar. Faiq Əmirli bundan əvvəl Azadlıq qəzetinin maliyyə direktoru kimi həbsdə olub.Əmirli 2016-cı il avqustun 20-da saxlanıb və o, Cinayət Məcəlləsinin dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə və milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması maddələri ilə ittiham edilib. İstintaq orqanları onu ABŞ-da yaşayan Fəthullah Gülənin tərəfdarlarının "Hizmet" Hərəkatının imamı kimi təqdim edib.
Daha sonra ona qarşı yeni ittihamlar irəli sürülüb: vergidən yayınma və vəzifə səlahətindən sui-istifadə maddələri.
Faiq Əmirli özünə qarşı ittihamları qəbul etməyib və AXCP Faiq Əmirlinin həbsini siyasi motivli adlandırır.
Faiq Əmirlinin saxlanılması ilə əlaqədar ötən ilin sentyabrın 6-dan "Azadlıq" qəzetinin çapı dayanıb. Buna səbəb qurumun maliyyə əməliyyatlarını apara bilməsi üçün notarial kontorun Faiq Əmirlini əvəz edəcək şəxsin imzasını tanımaqdan imtina etməsidir.