Avropa İnsan Hüquqları Məhkəməsi dekabrın 3-də dövlət çevrilişinə cəhd, dövlətə xəyanət kimi ittihamlala 13 il 6 ay həbsdə saxlanan Səid Dadaşbəylinin şikayəti üzrə qərarını açıqlayıb.
Vəkil Fariz Namazlının verdiyi məlumata görə, Avropa Məhkəməsi Konvensiyanın 6.1-ci (Ədalətli məhkəmə araşdırması hüququ) maddəsinin pozuntusunu tanıyıb və Səid Dadaşbəyliyə mənəvi zərərə görə 3600 avro kompensasiya təyin edilib.
O, bu il iyulun 15-də azadlığa çıxıb. Azadlığa çıxandan sonra Dadaşbəyli heç bir zaman özünü günahkar bilmədiyini, bəraət almağa çalışacağını deyib.
Xatırladaq ki, 2007-ci il dekabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsi Səid Dadaşbəyli və onunla birgə tutulan 10-a qədər şəxsə hökm oxuyub. Səid Dadaşbəyli 14 il, Rəşad Əliyev 14 il, Ceyhun Əliyev 14 il, Fərid Ağayev 13 il, Samir Qocayev 13 il, Bəybala Quliyev 13 il, Cahangir Kərimov 13 il, Rasim Kərimov 13 il, Emil Möhbalıyev 12 il, Mikayıl İdrisov isə 12 il azadlıqdan məhrum edilib.
Onlar Cinayət Məcəlləsinin 218 (cinayətkar birlik yaratma), 274 (dövlətə xəyanət), 228 (qanunsuz odlu silah saxlama), 204 (saxta pul və qiymətli kağızlar hazırlama və ya satma) və başqa maddələrlə ittiham ediliblər.
Hüquq müdafiə təşkilatları onları siyasi məhbus kimi tanıyıb.
İstintaq müddətində onlara ağır işgəncələr verildiyi iddia edilib.
Hakimiyyət Dadaşbəylinin qrupunun üzvlərinin İran kəşfiyyatı ilə əməkdaşlıq etdiklərini və dövlət quruluşunu zorla İran rejimi modelinə uyğun olaraq dəyişdirməyə çalışdıqlarını iddia edirdi. Amma məhkəmədə dövlət çevrilişi hazırlanmasının real dəlilləri təqdim edilməyib.