Avropa İttifaqı diplomatiyasının rəhbəri Jozep Borrel Rusiya və Türkiyənin Dağlıq Qarabağ, Suriya və Liviyadakı münaqişələri “Astanalaşdırmasından” (Suriyada nizamlanma üzrə Astana formatına bənzər), yəni nizamlanma prosesindən Aİ-ni kənarlaşdırmasından narahat olaraq, bəyanatla çıxış edib.
Borrelin sözlərinə görə, ittifaqın maraqları təhlükə altında olduğu yerdə Aİ iştirak etməlidir. Turan-ın məlumatına görə, Borrelin istəyi Qarabağ münaqişəsinin başa çatdığını və Qarabağın Azərbaycana mənsub olduğunun etiraf edildiyini açıq şəkildə bəyan edən V.Putinin mövqeyi ilə ziddiyyət təşkil edir.
Amma Ermənistanda başqa cür hesab edirlər. Fransa parlamentinin iki palatası “DQR-i tanıdıqdan” sonra xarici işlər naziri Ara Ayvazyan qisasçı bəyanatla çıxış edərək, Azərbaycana qarşı 4 şərt irəli sürüb: Qarabağ münaqişəsinin həlli yalnız millətlərin öz müqəddəratını təyin etməsi əsasında və Qarabağ xalqının təhlükəsizliyi təmin edildiyi halda mümkündür.
“Həmçinin, Qarabağ ərazilərinin işğaldan azad edilməsi, erməni qaçqınların təhlükəsiz şəkildə öz evlərinə qayıtması, habelə Azərbaycanın nəzarəti altında olan ərazilərdə ermənilərə məxsus mədəni və dini mirasın qorunub saxlanması da mühüm şərtdir”, deyə Ayvazyan bildirib.
Nazir həmçinin hərbi əsirlər və digər saxlanılan şəxslərlə bağlı “hamı hamı ilə” prinsipinin qeyd-şərtsiz yerinə yetirilməsini, habelə həlak olanların cəsədləri ilə bağlı məsələnin həllini qeyd edib. Ayvazyanın bəyanatında aşağıdakı məqamı mühüm hesab etmək olar: Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli həllinə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin himayəsi altında danışıqlar yolu ilə nail olunmalıdır. Münaqişənin nizamlanması üçün yalnız bu format beynəlxalq mandata malikdir.
ATƏT-in Minsk Qrupu da Ayvazyanla eyni fikri dəstəkləyərək, bu qurumun Qarabağ prosesində öz fəaliyyətini davam etdirmək istəyini göstərən bəyanat yayıb.
Siyasi Araşdımalar İnstitutunun direktoru Sergey Markov Fransa Parlamentinin Dağlıq Qarabağın müstəqilliyini tanımaq çağırışını sabitliyi pozan amil adlandırıb.
“Avropanın Dağlıq Qarabağla bağlı dəqiq mövqeyi yoxdursa..., Fransanın belə bir mövqeyi var. Fransada güclü və nüfuzlu erməni diasporu yaşayır, bu diaspor Fransanın siyasi sinfini Fransa ictimai rəyini müəyyən mənada çaşdırmağa, kəskin ermənipərəst mövqe tutmağa vadar edir”, deyə o, "Vesti Kavkaza" ("Qafqaz xəbərləri") nəşrinə bildirib.
“Bu, sonuncu hərbi əməliyyatlara qədər də görünürdü, belə ki, ATƏT-in Minsk Qrupuna həmsədrliyi çərçivəsində məhz Fransa danışıqlar prosesinin inkişafının qarşısını alırdı. Fransanın bu açıq-aşkar ermənipərəst mövqeyi, Rusiyanın sülhyaratma işi nəzərə alınmaqla, anti-Rusiya aksenti qazanır. Bu mövqe eyni zamanda Fransanın, mahiyyətcə, üçtərəfli bəyanatın hazırlanmasından kənarlaşdırılması ilə də bağlı olub”, deyə Sergey Markov qeyd edib.
Moskvalı politoloq Oleq Kuznetsov Turan-ın xahişi ilə Borrelin bəyanatı ilə bağlı rəy bildirib. “ATƏT-in Minsk Qrupu öz potensialını çoxdan tükədib və çoxdan kiçik diplomatlar və bürokratlar dairəsi üçün sinekuraya çevrilib. Mövcud olduğu dörddə bir əsr ərzində o, BMT TŞ-nin Qarabağın və ona bitişik ərazilərin işğaldan azad edilməsi haqqında qətnamələrinin yerinə yetirilməsi üçün heç nə etməyib, bununla da acizliyini və prinsipsizliyini nümayiş etdirib. MQ Avropanın və dünyanın tarixinə nəticə əldə etmiş sülhyaratma qurumu kimi daxil olmaq şansını tamamilə, qəti və təkrarsız şəkildə əldən verib. Azərbaycan Rusiya və Türkiyənin dəstəyi ilə 44 günlük müharibə ərzində ATƏT-in Minsk Qrupunun 25 ildə edə bilmədiyini edib – Ermənistanı BMT TŞ-nin Qarabağla bağlı hamıya məlum olan dörd qətnaməsini yerinə yetirməyə məcbur edib. Özü, bu qurumun heç bir dəstəyi olmadan və hətta onun mövqeyinə zidd olaraq lokal münaqişədə beynəlxalq hüququn prioritetliyini bərpa edib və bununla da tarixi presedent yaradıb. Müharibədə Azərbaycanın qələbəsi Avropanın sülhyaratma institutlarının bütün saxtalığını və bu sözdən çəkinməyəcəyəm, iqtidarsızlığını əyani şəkildə nümayiş etdirdi, buna görə də tamamilə uduzan qumarbaz masadan çəkilməlidir, əks halda onu kazinodan güclə atacaqlar”, deyə Oleq Kuznetsov məktubunda yazıb.
Bu gün Zaqafqaziyada bir qalib və bu qələbədən mənfəət əldə iki ölkə var – bu, Azərbaycan, Rusiya və Türkiyədir. Hazırda regionda Avropanın siyasi iştirakına yer yoxdur və Avropa ölkələrinin parlamentləri Azərbaycanın ərazi bütövlüyünə və dövlət suverenliyinə zidd sənədlər qəbul edərsə, çətin ki, gələcəkdə də yer tapılsın. Vəziyyət bundan sonra da bu məcrada inkişaf edərsə, Köhnə Dünya regionda təkcə siyasi təsirini deyil, həm də iqtisadi iştirakını itirməklə risk edir. Bu barədə düşünmək lazımdır, Hans Xristian Andersonun çılpaq kral haqqındakı nağılındakı kimi, bir gün acizliyi hamıya aşkar olan tar-mar edilmiş Ermənistanın ambisiyalarının təmin edilməsi haqqında yox, - deyə o əlavə edib.
Milli Məclisin deputatı Asim Mollazadə hesab edir ki, Azərbaycan öz gücü ilə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Qarabağdan çıxarılması haqqında dörd qətnaməsini yerinə yetirib, Azərbaycan ordusu, Rusiya və Türkiyə Madrid prinsiplərini yerinə yetirib. ATƏT-in Minsk Qrupunun vəzifəsi yerinə yetirilib. Müharibə, Azərbaycanın keçmişdə Ermənistan tərəfindən işğal edilmiş ərazilərini öz yurisdiksiyasına qaytarması mərhələsi başa çatıb, bu gün region iqtisadiyyatın, infrastrukturun bərpası, Qarabağda azərbaycanlıların və ermənilərin dinc şəkildə birgə yaşaması mərhələsinin başlanğıcındadır. ATƏT MQ, Avropa və ABŞ hazırki prosesə qoşulmaq istəyirlərsə, bunu alqışlamaq olar, deyə Mollazadə Turan-a bildirib.
Eyni zamanda, Yerevan və xaricdəki erməni diasporu tərəfindən düşmənçilik və qisasçılıq bəyanatları müşahidə olunur. Onlar regiona sülhü qaytarmaq yerinə ölkələri Ermənistanın işğal etdiyi torpaqları “dövlət” elan etməyə çağırırlar, Ermənistan silahlı qüvvələrini Şuşaya və Qarabağın digər rayonlarına qaytarmağı vəd edirlər. Avropa və Amerikanın təşkilatları və ölkələri ermənilərin qisas cəhdlərinin qarşısını almaq üçün destruktiv erməni qüvvələri ilə işləyə bilərdilər, deputat belə hesab edir.
“Ermənistanın keçmiş baş naziri Kaliforniyada çıxış edərək, Azərbaycana “çirkli” nüvə bombaları ilə zərbə endirməyə çağırıb. Ermənilərin Amerikalı və Avropalı dostları Azərbaycanla yeni müharibənin bəzi tərəfdarlarına bu çağırışların zərərli olduğunu izah edə bilərdi. Ermənistanın xarici diasporu Ermənistandakı siyasətçilərdən belə daha aqresivdir. Sülhyaratma, tikinti, Qarabağda yaxşı qonşuluq münasibətlərinin bərpası – Qarabağda sülhyaratma prosesində Rusiyanın tək qalmamasına səy göstərmək istəyənlər üçün fəaliyyət meydanı, bax, budur”, deyə A.Mollazadə bildirib.
O hesab edir ki, ATƏT-in Minsk Qrupu buraxılmalıdır, Azərbaycan ATƏT MQ-nin vəzifəsini yerinə yetirib. Bu qurum qalarsa, onun fəaliyyəti üçün yeni hədəflər – sülhün möhkəmləndirilməsi, infrastrukturun, yaxşı münasibətlərin bərpası, erməni revanşizminin qarşısının alınması kimi vəzifələr müəyyən edilməlidir.
“ATƏT-də Fransanın bu qurumun həmsədrlərindən biri kimi iştirakına baxılmalıdır, belə ki, Paris açıq-aşkar erməni təcavüzkarın tərəfində çıxış edir, obyektiv vasitəçi statusundan çıxır. On illər boyunca iki ordunun təmas xəttində monitorinqlə məşğul olan Andjey Kasprşikin missiyasına son qoyulmalıdır”, deyə Mollazadə fikrini tamamlayıb.