Ayvazyan həmkarlarının diqqətini “Azərbaycanın Qafqaz regionunda beynəlxalq terrorçuluq mərkəzi formalaşdırmasına, bunun regiondakı digər ölkələr və qonşu regionlara təhdid yaratmasına” yönəldib
Ermənistanın Xarici İşlər naziri Ara Ayvazyan KTMT-nin (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) Xarici İşlər Nazirləri başçılarının iclasına videokonfrans vasitəsilə qoşulub. AzadlıqRadiosu-nun Ermənistan xidməti yazır ki, Ayvazyan çıxışında Türkiyənin hərbi əməliyyatlarda Azərbaycan tərəfdən “birbaşa iştirakı, Qarabağa qarşı gələcək silahlı əməliyyatlarda iştirak üçün Azərbaycana suriyalı və livanlı döyüşçülərin yerləşdirilməsi”ndən danışıb.
Qeyd edək ki, muzdlu döyüşçülər ittihamını 44 günlük müharibə dövründə tərəflər qarşılıqlı olaraq səsləndirib. Azərbaycan rəsmiləri dəfələrlə bu məsələni təkzib edib, həmin ittihamları səsləndirənləri buna dəlil göstərməyə çağırıb.
“Bizdə muzdlular yoxdur. Bu, bizim rəsmi bəyanatımızdır. Toqquşmalar başlayandan artıq 2 həftədən çox vaxt keçib və heç bir ölkə bizə buna dair bir dəlil belə təqdim etməyib. Bundan əlavə, bizim buna ehtiyacımız yoxdur. Bizim 100 mindən çox döyüşçüdən ibarət ordumuz var. Bizim hazırda döyüş meydanında etdiklərimiz ordumuzun öz torpaqlarını özünün azad etməyə qadir olduğunu göstərir”, – Prezident İlham Əliyev oktyabrın 24-də “France 24” televiziyasına müsahibəsində deyib.
Prezident Əliyevdən Ermənistana “terrorçuluq” ittihamı
Ayvazyan isə həmkarlarının diqqətini “Azərbaycanın Qafqaz regionunda beynəlxalq terrorçuluq mərkəzi formalaşdırmasına, bunun regiondakı digər ölkələr və qonşu regionlara təhdid yaratmasına” yönəldib.
Azərbaycan Prezidenti İlham Əliyev bu il sentyabrın 25-də BMT-nin iclasında videoçıxışında işğal edilmiş ərazilərdə “Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğunu regional sülhə və təhlükəsizliyə böyük təhdid”, Ermənistanı “terrorçuluğa sponsorluq edən ölkə” adlandırıb.
Ayvazyan çıxışında Dağlıq Qarabağda atəşkəslə bağlı üçtərəfli sazişə, Rusiya sülhməramlılarının bölgəyə yerləşdirilməsinə toxunub, müttəfiqlərdən Rusiyanın, eləcə də ATƏT-in Minsk qrupunun cəhdlərinə töhfə gözlədiyini sözlərinə əlavə edib.
Ancaq Azərbaycan tərəf ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 30 ilə yaxın aparılan danışıqların nəticə vermədiyini deyir və hərbi əməliyyatları da məhz həmin vasitəçiliyin səmərəsiz olmasıyla izah edib.
Lavrov başqa şey deyirdi
Nazir Azərbaycanı hərbi əsirlərin, itkinlərin qaytarılması, cəsədlərin mübadiləsini “gerçəkləşdirmək istəməməkdə” suçlayıb.
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov isə dekabrın 1-də deyib ki, tərəflərin bu məsələni yubatmasını müşahidə etmir. Ancaq obyektiv problemlər mövcuddur və tezliklə onların həll olunacağına ümid bəsləyir.
Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi deyilir. Azərbaycan açıqlayıb ki, son bir ayda 180-dən çox kəndi, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Hadrut, Mincivan və Ağbənd qəsəbələrini işğaldan azad edib.
Bu il sentyabrın 27-dən noyabrın 9-dək Azərbaycan 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad etdiyini açıqlayıb.
Rusiya, Azərbaycan və Ermənistan liderlərinin noyabrın 10-da açıqladığı razılaşmaya əsasən Dağlıq Qarabağda döyüşlər dayandırılıb, tərəflər tutduqları mövqelərdə qalıblar və təmas xəttinə Rusiya sülhməramlıları yerləşdirilib. Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb.