Aclıq edən jurnalist 20 kiloqram arıqlayıb

Aclıq edən jurnalist 20 kiloqram arıqlayıb
3 Dekabr 2020
Mətni dəyiş

“Həyat yoldaşımı göz görə-görə öldürürlər, o, 30-cu gündür aclıq edir. Onun vəziyyəti çox ağırdır. Əfqan 20 kiloqramdan çox çəki itirib. O, o qədər arıqlayıb ki, kənardan baxanda elə bilirsən ki, skelete dəri geyindiriblər. Bu gün Əfqandan qan analizi götüməyə çalışıblar. Bədənini deşik-deşik ediblər, cəmi yarım qram qan ala biliblər. Müraciət etdim ki, həyat yoldaşımı xəstəxanaya köçürsünlər, amma nəticəsi olmadı.”

Bu barədə həbsxanada aclığı davam etdirən jurnalist Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova Amerikanın Səsinə bildirib.

Dekabrın 4-də saat 14-də Bakı Apellyasiya Məhməməsi Sadıqovun apellyasiya şikayətinə baxcaq.

Jurnalistin aclıq aksiyası ilə bağlı Penitensiar Xidmətdən şərh almaq cəhdimiz baş tutmayıb.

Amma bir neçə gün əvvəl Penitensiar Xidmətin mətbuat xidmətindən cəzaçəkmə müəssisələrində aclıq edən məhbusun olmadığını bildiriblər.

Ombudsman Aparatından Amerikanın Səsinə bildiriblər ki, problem ombusmanın diqqətindədir. Ombusmanın tapşırığı ilə Sadıqovla iki dəfə görüş keçirilib, onun ailəsi ilə daim əlaqə saxlanılır.

Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azel.tv saytının redaktorunu hədələmə yolu ilə pul tələb etmə ittihamı ilə günahkar sayaraq yeddi il müddətinə azadlıqdan məhrum edib.

“Mən məhkəmənin hökmünü ədalətsiz hesab edirəm. Ortada heç bir hədə-qorxu, şantaj xarakterli yazı yoxdur. Bu səbəbdən aclığa başlayıram. Ədalət bərpa edilməsə aclığın 20-ci günündən sonra quru aclığa keçəcəm,” jurnalist məhkəmədə deyib.

Əfqan Sadıqov mayın 13-də saxlanılıb və Binəqədi Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.

İstintaqın iddiasına görə, Sadıqov xeberfakt.az nəşrinin redaktoru Sakit Muradovla birlikdə 10,000 manat rüşvət alarkən saxlanılıb. Bu zaman Muradovu həbs etməyiblər.

Əfqan Sadıqov həbsindən öncə “Taxtakörpüdə gizlədilmiş cinayət hadisəsi“ adlı məqalə ilə çıxış edib. Məqalədə Taxtakörpü qəsəbəsində kimsəsiz və köməksiz olan iki qadına qarşı (onlardan biri azyaşlıdır) cinsi zorakılıqdan bəhs edilir. Jurnalist qadınlara qarşı zorakılığın araşdırılmamasından narahatlığını bildirib. O həmin məlumatı YouTube kanalı vasitəsilə də diqqətə çatdırıb.

Sadıqov həmçinin narkotik qaçaqmalçılığında əli olduğunu iddia etdiyi bir qrup şəxs və Sumqayıt şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri barədə də tənqidi məqalələrlə çıxış edib.

“Yüksək vəzifəli bir neçə məmuru kəskin tənqid, ifşa etdiyim üçün sifarişin, tapşırıq, göstərişin hardan gəldiyini yaxşı bilirik,” Sadıqov həbsindən öncə Facebook səhifəsində yazıb.

Bir çox yerli və beynəlxalq hüquq müdafiə təşkilatları, o cümlədən Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hökumətini jurnalistin dərhal azadlığa buraxılmasına çağıran bəyanatlarla çıxış edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun