"15-17 yaş həddində qız uşaqları hər il orta hesabla 3000-ə yaxın uşaq dünyaya gətirir"

"15-17 yaş həddində qız uşaqları hər il orta hesabla 3000-ə yaxın uşaq dünyaya gətirir"
29 Dekabr 2020
Mətni dəyiş

"Demoqrafik təhlillər onu göstərir ki, doğulan uşaqların cins nisbəti (hər 100 qız uşağına düşən oğlan uşaqlarının sayı) bioloji normaya uyğun olaraq 105-107 təşkil edir".

Bu barədə Milli Məclisin sabah keçiriləcək iclasında ilk dəfə dinləniləcək Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2019-cu il üzrə illik məlumatında qeyd edilib.

Bildirilib ki, Azərbaycanda diri doğulanların cins strukturunda 1990-cı illərin əvvəllərindən oğlan uşaqlarının artımı müşahidə olunur: "Hazırda hər 100 qız uşağına 114 oğlan uşağı düşür. Cins nisbətinin pozulmasına görə Azərbaycan dünyada ikinci yerdə qərarlaşıb".

Məlumatda o da qeyd olunub ki, erkən yaşda evlilik halları dövlət qeydiyyatına alınmadığı üçün onların statistikası aparılmır. Lakin 15-17 yaşlı yeniyetmələr tərəfindən doğulan uşaqların sayını əsas götürməklə təxminən uşaq nigahları ilə bağlı rəqəmləri müəyyən etmək mümkündür.

Bildirilib ki, statistikaya görə, 2011-ci ildə yeniyetmələr tərəfindən doğulan uşaqların sayı 4392 idisə, 2019-cu ildə bu rəqəm 2320 olub. Bu isə rəqəmlərin iki dəfə azalması deməkdir.

Bundan əlavə, 15-17 yaş həddində qız uşaqları hər il orta hesabla 3000-ə yaxın uşaq dünyaya gətirir.

Hesabatda bildirilir ki, gender bərabərliyi əsas göstəricilərdən biri olan reproduktiv sağlamlıq baxımından bu məsələ çox önəmlidir: "Ölkədə uşaq evliliyinin statistikasının aparılması ilə bağlı tədbirlər görülməlidir".

Hesabatda o da qeyd olunub ki, 2019-cu ildə məişət zorakılığı ilə bağlı 1308 cinayət törədilib.

Bu cinayətlər üzrə 1358 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Onlardan 1 nəfəri hamilə qadın, 12 nəfəri isə yetkinlik yaşına çatmayan qız olub.

"Qeydə alınmış məişət zorakılığı əsasən fiziki zorakılıqla bağlı olur. Lakin sosioloji araşdırmalar göstərir ki, məişət zorakılığının ən geniş yayılmış forması psixoloji və iqtisadi xarakterli zorakılıqdır. Ailədə baş verən zorakılıq haqqında vəziyyətin ən son həddə polis orqanlarına məlumat verilir. Bir çox hallarda isə bu haqda uzun müddət informasiya verilmədiyindən zorakılığın ağır nəricələri ilə müşahidə olunan cinayətlər baş verir" – məlumatda qeyd edilir.

Bundan başqa, Azərbaycanda seksual qısnamaya görə sanksiyaların müəyyən edilməsi üçün qanunvericilikdə dəyişikliklərin edilməsi təklif edilir.

Dövlət Komitəsi tərəfindən həmçinin ayrı-seçkiliyi əks etdirən iş elanlarına görə də sanksiyaların müəyyən edilməsi üçün qanunvericilikdə dəyişikliklərin edilməsi təklif olunur.

Azərbaycanda ilk dəfə hazırlanan hesabat Milli Məclisin sabah keçiriləcək iclasında dinləniləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun