Ermənistanın kapitulyasiyasından sonra təyin edilmiş bu ölkənin iqtisadiyyat naziri Vaqan Kerobyan Azərbaycan-Ermənistan iqtisadi münasibətlərinin faydalılığı barədə bildirib, hətta Ermənistan mallarının Azərbaycanda satışını da ehtimal edib. Bu cür fikirlər azdır, ancaq Ermənistan KİV-də rast gəlmək olar. Hələlik ermənilər bu ideyalara aqressiv-mənfi reaksiya verirlər.
Azərbaycanlı ekspertlər bu yaxınlarda baş vermiş müharibə tərəfləri arasında iqtisadi, bəlkə də siyasi münasibətlər haqqında nə düşünürlər?
"Şərq-Qərb" Analitika Mərkəzinin rəhbəri Ərəstun Oruclu hesab edir ki, iki ölkə arasında istənilən münasibətlər Azərbaycan və Ermənistanın suverenliyi, dövlətçiliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı sülh müqaviləsindən sonra yaradıla bilər.
O, Turan-a deyib ki, barışıq haqda 10 noyabr tarixli bəyanat kommunikasiyaların açılmasını (hansı olduğu göstərilmədən) və iqtisadi münasibətlərin bərpasını nəzərdə tutur. Bu sənədin Rusiya, Azərbaycan və Ermənistan dövlət başçıları tərəfindən imzalanması ona iqtisadi əlaqələr sahəsində saziş statusu verə bilər.
"Ermənistanın yeni iqtisadiyyat nazirinin Azərbaycanla münasibətlər, Türkiyə limanlarından istifadə barədə bəyanatını vaxtından tez hesab edirəm. Bütün bunlar sülh müqaviləsi bağlanandan sonra reallaşa bilər. Bu hərtərəfli sənəd olmadan iqtisadi münasibətləri mümkün hesab etmirəm. Rusiya Ermənistanı və Qarabağı iflasdan sonra bərpa etmək istəyir, erməni icmasını Azərbaycana qaytarmağa hazırlaşır. Bu, Moskvadan yayımlanan təbliğat verilişlərindən görünür. Ermənilər Moskvaya geosiyasi məqsədlər üçün lazımdır. Belə təəssürat yaranır ki, Rusiya erməniləri Azərbaycanın vəsaiti hesabına yüksəltmək istəyir.
Laçın dəhlizi vasitəsilə yeni yolun inşasından, Mehri vasitəsilə dəmir yolunun bərpasından danışılır. Lakin Moskva öz üzərinə iqtisadi öhdəliklər götürməyib. Buradan görünür ki, Rusiya bu işləri Azərbaycanın hesabına yerinə yetirmək istəyir. Azərbaycan gələcək dünya böhranı və müharibədən sonra öz iqtisadiyyatımızın bərpasının vacibliyini bilərək öz resurslarını qənaətlə xərcləməlidir. Odur ki, hesab edirəm ki, böyük sülh müqaviləsi olmadan Ermənistanla iqtisadi münasibətlərimiz yanlışdır", - Ə.Oruclu deyib.
Politoloq İlqar Vəlizadə Azərbaycanın Ermənistanda iqtisadi marağını görmür. Ermənistanın iqtisadiyyat naziri Azərbaycanla münasibətlərin mümkünlüyünü "öyrənir", lakin Azərbaycanla iqtisadi əlaqələrdən danışmazdan öncə qoy, Ermənistan əvvəlcə öz ölkəsinin iqtisadiyyatını qaldırsın. Ermənistan Azərbaycan üçün maraqlı bazar deyil”, - o, Turan agentliyinə bildirib.
"Azərbaycan üçün Ermənistan ərazisi maraqlıdır, çünki Rusiyanın "Cənubi Qafqaz Dəmir Yolu" QSC-yə məxsus yol oradan keçir və Bakının bu şirkətlə yaxşı münasibətləri var. Ermənistan ərazisilə Azərbaycan trafikində operator kimi Yerevan yox, CQDY çıxış edir və Azərbaycan yükləri üçün trafikin qiymətini o müəyyən edir. Ermənistanın Rusiya üçün Azərbaycanın tranzit yoluna ehtiyacı var. Bu layihə realdır. Ermənistanda müzakirə olunan digər layihələr hazırda daha çox fantastika sahəsindədir", - İ.Vəlizadə deyib.
Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin keçmiş direktoru Fərhad Məmmədov Turan ilə söhbətinə ondan başlayıb ki, bəzi iqtisadi əlaqələr üçün Bakı və Yerevan arasında diplomatik münasibətlərin qurulması lazım deyil.
"Üçtərəfli bəyanatın (10 noyabr 2020-ci il) doqquzuncu bəndində planlaşdırıldığı kimi Ermənistanın Mehri ərazisindən keçən dəmir yolu hissəsində (SSRİ dönəmində fəaliyyət göstərirdi) hərəkətin bərpası diplomatik münasibətlər olmadan da mümkündür, belə ki, Ermənistanda bütün dəmir yolu Rusiyaya məxsusdur, bəyanata görə isə adı çəkilən sahə RF sərhədçiləri tərəfindən qorunur. Qarabağda müharibə zamanı dağıdılan evlərin bərpası üçün tikinti materialları Rusiyadan Azərbaycan vasitəsilə gətirilir, yüklər Azərbaycan-Rusiya sərhəddində yoxlanılır, yəni Qarabağın erməni əhalinin olduğu yerində işlər Ermənistanın iştirakı olmadan mümkündür. Qarabağa yeni yollar çəkmək barədə planları var. Azərbaycandan Naxçıvana, Ermənistana və Türkiyəyə, oradan da Avropaya bizim və digər ölkələrin yüklərini artıq bu gün göndərmək olar. Bu imkanları iqtisadi əməkdaşlıq yox, iqtisadi əlaqələr adlandırmaq daha düzgün olar", - F. Məmmədov bildirib.
"Əsl Azərbaycan-Ermənistan iqtisadi münasibətləri ikitərəfli diplomatik münasibətlər qurulduqdan sonra ola bilər. Lakin Azərbaycanın belə əlaqələrə ehtiyacı yoxdur. Çünki 30 il ərzində öz infrastrukturunu Ermənistan ərazisindən kənarda qurub. Əgər Bakı-Tbilisi-Qars nəqliyyat dəmir yolu Memorandumunu yada salsaq, əgər Ermənistan Memorandumu imzalayan tərəflərin sərhədlərini tanıyarsa, Ermənistanın bu layihədə iştirakı nəzərdə tutulurdu. Amma Ermənistan hələ də Azərbaycan ərazisinə qəsd edir, orada "DQR"in adı çəkilir. Digər tərəfdən, Türkiyə Ermənistanın iqtisadi blokadasını dayandıra bilər, Kəlbəcərin işğalına son qoyulub. Çünki 1994-cü ildə Türkiyə bu səbəbdən Ermənistanla sərhədləri bağlamışdı. Sonra Ankara formulu dəyişərək səbəb kimi Ermənistanın Azərbaycana təcavüzünü göstərdi.
Lakin Ermənistan qanununa görə, 1 yanvar 2021-ci ildən Türkiyə malları Ermənistana daxil olmayacaq. Yerevan özü- özünü iqtisadi blokadaya salıb. Əlbəttə ki, Azərbaycan və Türkiyə Ermənistanla iqtisadi əlaqələrsiz də uğurla yaşayırlar. Əgər Yerevanda həqiqətən də Azərbaycanla dövlətlərarası münasibətlərin normallaşmasına ümid edirlərsə, o zaman qoyduqları maneələri aradan qaldırmalıdırlar", - Fərhad Məmmədov fikrini yekunlaşdırıb.
Sonda onu da əlavə edək ki, prezident İlham Əliyev çıxışlarının birində bildirib ki, onun Ermənistanla istənilən danışıqları mümkündür, amma Nikol Paşinyanla yox.