Əfqan Sadıqov aclığı davam etdirir

Əfqan Sadıqov aclığı davam etdirir
1 Dekabr 2020
Mətni dəyiş

Azel.tv saytının rəhbəri, mühakimə olunmuş Əfqan Sadıqov 27-ci gündür ki, həbsxanada aclığı davam etdirir. Bu barədə onun xanımı Sevinc Sadıqova məlumat verib.

Xatırladaq ki, noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu tələb etməkdə təqsirli bilərək yeddi il azadlıqdan məhrum edib.

"Mən məhkəmənin hökmünü ədalətsiz hesab edirəm. Heç bir təhdid və şantaj olmayıb. Ona görə də aclıq elan edirəm",- Ə.Sadıqov məhkəmədə bildirib və apellyasiya şikayəti verib.

O, mayın 13-də saxlanılıb. İstintaqın versiyasına görə, Ə.Sadıqovu xeberfakt.az-ın redaktoru Sakit Muradovla birlikdə 10 min manat rüşvət alarkən saxlayıblar. O vaxt Muradovu həbs etməyiblər.

Ə.Sadıqov həbsdən öncə “Taxtakörpüdə gizli cinayət” adlı məqalə yazıb. Məqalədə Taxtakörpü qəsəbəsində iki qadına qarşı (biri yetkinlik yaşına çatmayıb) seksual zorakılıq barədə yazıb. Ə.Sadıqov iddia edirdi ki, bu zorakılıq halları araşdırılmır. O, materialı YouTube-da da paylaşıb.

Həmçinin Ə.Sadıqov guya narkotik maddələrin qanunsuz dövriyyəsinə bağlılığı olan bir qrup şəxs və Sumqayıt Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri haqda tənqidi məqalələr yazıb.

Bir sıra yerli və beynəlxalq hüquq- müdafiə təşkilatları, o cümlədən Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hökumətini Ə.Sadıqovu dərhal azad etməyə çağıran bəyanatlarla çıxış ediblər.

Onun apellyasiya şikayətinə hələ də baxılmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun