Nikol Paşinyanın mətbuat katibi bu yatağın Azərbaycanın yurisdiksiyasına daxil olması haqda suala “bəli” cavabını verib
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini Tiqran Xaçatryan da Azərbaycan hərbçilərinin Zod yatağına girməsini təkzib edib. O, noyabrın 26-da axşam mətbuat konfransı keçirib.
“Azərbaycan hərbçiləri Kəlbəcər rayonuna daxil olandan sonra bu məhdudiyyəti görərək məsələ qaldırıblar ki, burası onların ərasizisidir və ərazini qoruyan qüvvələr oranı tərk etməlidir... Onlar səsgücləndirici ilə bizimlə əlaqə yaradaraq ərazidən çıxmağı tələb ediblər. Biz ərazinin mənsubiyyəti ilə bağlı xəbərdarlıq elədik, Rusiya tərəfini xəbərdar etdik. Rusiya tərəfi Azərbaycan hərbçiləri ilə yetərincə uzun danışıqlar apardılar. Hansı razılaşmanın əldə olunduğunu, gələcəkdə nə baş verəcəyini deyə bilmərəm. Müvafiq personal bu qorunan zonanı tərk edib”, – Xaçatryan deyib.
Onun sözlərinə görə, Zod qızıl yatağını idarə edən Rusiyanın “Geopromining” şirkəti daha öncə ərazinin qorunması üçün təhlükəsizlik tədbirləri görüb, mədəni hasarlayıb, yolda nəzarət məntəqəsi qurub. Və bütün bunları Rusiya qüvvələri edib. Xaçatryan deyir ki, Kəlbəcərə gedən yoldakı nəzarət məntəqəsinin yanındakı tikilidə orada xidmət edən şəxslər yaşayacaqdılar.
“Bu tikili administrativ bina kimi təqdim olunur, mədəndəki tikililərlə eyniləşdirilib. Bu belə deyil. Bunun istehsal sonasına və mədəndəki tikililərə aidiyyatı yoxdur. Bizim qoşunlar əvvəlki sərhəddən xeyli uzaqda sərhədi qoruyurlar. Bizim sərhəd zonasından o tərəfə mövqelərimiz yoxdur”, – deyən Xaçatryan Zod yatağının yarısının Ermənistan, yarısının Azərbaycan ərazisinə düşdüyünü iddia edib. “Yarısı bizim, yarısı onların ərazisindədir. Mədəni işlədən onun sahibi də olacaq”, – o vurğulayıb.
Azərbaycan hərbçiləri Zod yatağına giribmi
Ermənistan Baş nazirinin mətbuat katibi və Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinin Zod qızıl yatağının ərazisinə girməsi haqda informasiyanı təkzib edib. Bu haqda AzadAvropa/AzadlıqRadiosu-nun Ermənistan xidməti məlumat yayıb.
“Müxtəlif kütləvi informasiya vasitələrində yayılan, Azərbaycan hərbçilərinin Zod qızıl yatağının ərazisinə girməsi və oradakı əməkdaşlardan ərazidən çıxmağı tələb etməsi haqda məlumatlar reallığa uyğun deyil”, – Müdafiə Nazirliyinin noyabrın 26-da yaydığı açıqlamada deyilir.
“Gəldilər, mövqe tutdular...”
Baş nazir Nikol Paşinyanın mətbuat katibi Mane Gevorkyan Azatutyun Radiosuna telefonla deyib: “Bununla bağlı deyə bilərəm ki, Zod yatağına heç bir azərbaycanlı girməyib”.
Mətbuat katibi bu yatağın Azərbaycanın yurisdiksiyasına daxil olması haqda suala “bəli” cavabını verib.
Bundan öncə isə parlamentdəki “İşıqlı Ermənistan” müxalifət fraksiyasından deputat Arutyun Babayan “Facebook” səhifəsində yazıb: “İndicə məlumat aldıq ki, 80 azərbaycanlı hərbçi Zod qızıl yatağının ərazisinə girib. Biz hansı razılaşma ilə hərəkət edirik, razılaşmanın icrasına kim nəzarət etməlidir? Səlahiyyətli orqanlar, cavab verin”.
Zod kəndinin başçısı Akop Avetyan Azatutyun-un zənglərinə cavab verməyib. Ancaq o, Aysor.am portalına azərbaycanlı hərbçilərin Zod mədəninə girdiyini demişdi: “İnformasiya dəqiqdir, ancaq bu o demək deyil ki, atəş səsləri eşidilir, yaxud hücum baş verir. Gəldilər, mövqe tutdular və ərazinin boşaldılmasını tələb etdilər. Hazırda danışıqlar aparılır”.
Avetyan mədən işçilərinin artıq ərazini tərk etdiyini, onlara təhlükə olmadığını sözlərinə əlavə edib.
Deputatlar hərbçilərin darvazadan girdiyini deyir
Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verilib. 30-dək kəndin ermənilərin nəzarətində qalması haqda məlumatlar yayılsa da, Azərbaycan rəsmiləri bunu təsdiqləməyib.
Ermənistan tərəfi Kəlbəcər təhvil verilməzdən öncə Zod qızıl yatağı yaxınlığında yeni buraxılış məntəqəsi qurub. “İşıqlı Ermənistan” fraksiyasından deputat Şake İsayanın “Facebook”da yaydığı videoda Azərbaycan silahlı qüvvələrinin həmin buraxılış məntəqəsinin darvazasından girdiyi iddia olunur.
Bu günlərdə “Mənim addımım” hakim fraksiyasından çıxmış deputat Taqui Tovmasyan parlamentdə bəyan edib ki, Azərbaycan tərəf Ermənistanın buraxılış məntəqəsinin darvazalarını sındıraraq içəri daxil olub.
“İndicə korpus komandiri ilə danışdım. Mən onunla danışanda mədənə girməklə bağlı informasiya təsdiqlənməmişdi, ancaq darvazaların sındırılması və onların irəliləməsi, darvazaların artıq başqa yerdə quraşdırılacağı təsdiqlənir. Bu, yumşaq desək, biabırçılıqdı. Anlamıram, üçtərəfli razılaşmanın üçüncü, yaxud ikinci tərəfləri hardadır?” – Tovmasyan vurğulayıb.
Demarkasiya işləri aparılır
Ermənistan-Azərbaycan sərhədində Zod qızıl yatağı daxil olmaqla demarkasiya işləri aparırlar. Bunu Ermənistan, Rusiya və Azərbaycan hərbçiləri GPS peyk-naviqasiya qurğuları vasitəsilə həyata keçirir. Müdafiə Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Gevork Altunyan Azatutyun Radiosuna belə deyib. Altunyan işlər bitəndən sonra Ermənistan buraxılış məntəqəsinin yerinin dəyişəcəyini istisna etməyib. Çünki onun sözlərinə görə, bəzi “qeyri-dəqiqliklər” mövcuddur.
Altunyan da Azərbaycan Silahlı Qüvvələrinin buraxılış məntəqəsinin darvazalarını sındırması haqda informasiya təkzib edib. Onun deməsinə görə, həmin ərazidə erməni silahlı qruplaşması var və müharibə vaxtı Azərbaycan ordusunun irəliləməsinə imkan verməyib.
Xatırlatma
Söyüdlü – Zod yatağı Azərbaycanın Kəlbəcər rayonu ərazisində yerləşir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, bu yatağın ehtiyatları 112,5 ton, Ağduzdağ və Tutxun yataqlarının ehtiyatları isə 13 tondan çoxdur. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti bir neçə dəfə Nazirlər Komitəsinə müraciət edərək işğal altındakı ərazilərdə sərvətlərin talanması məsələsinə diqqət yetirilməsini istəyib. Müraciətdə vurğulanıb ki, hələ 1990-1991-ci illərdə dövlət komissiyasının araşdırmaları nəticəsində Kəlbəcərdə üç yataqda təxminən 140 ton qızıl ehtiyatı olduğu üzə çıxıb. Ermənistan 1998-ci ildə Kanadanın "First Dynasty Mines Ltd" şirkəti ilə müqavilə imzalayıb və təkcə Zod yatağından 5 ton qızıl çıxarılıb. Daha sonra həmin yataqların işlənməsi üçün Hindistanın "Sterlite Gold Ltd" şirkəti ilə birgə müəssisə yaradıb.
Sentyabrın 27-dən noyabrın 9-dək Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər gedib. Azərbaycan 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad etdiyini açıqlayıb.
Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, münaqişə tərəfləri hazırda tutduqları mövqelərdə qalırlar. Adam rayonu noyabrın 20-də, Kəlbəcər isə noyabrın 25-də Azərbaycana qaytarılıb. Dekabrın 1-dək Laçın rayonunun da Azərbaycana təhvil verilməsi nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.