Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə suçlanan Yunis Səfərov deyir ki, həmin vaxt polis əməkdaşına xəsarət yetirmək niyyətində olmayıb. Bu barədə o, noyabrın 5-6-da məhkəmədə prokurorun suallarını cavablandırarkən danışıb: "Burada deyir ki, icra başçısının mühafizəçisi deyiləm, yalandır, ona cangüdənlik edirdi. İcra başçısı işdən çıxan vaxt getdim, icra hakimiyyətinin pilləkənləri ilə çıxanda ətrafdakı polislər soruşdular ki, hara gedirsən? Həmin vaxt Elmar Vəliyev də çıxırdı, bu da yanında. Bu, mənə tərəf gələndə məcbur olub silahı çıxartdım. Düşündüm ki, çəkilər, amma çəkilmədi. Bir dəfə vurdum, yıxılmadı, ikinci dəfə atəş açdım. Düz Elmarın yanına gəldim, aramızda heç bir metr məsafə olmazdı. Silahı çəkdim, açılmadı. Gördüm güllə atmır, silahın dəstəyindən tutub başından vurdum".
"Necə dəstə başçısıyam ki, qalmağa yerim yox idi..."
Onunla mühakimə olunan digər təqsirləndirilən şəxslər haqda verilən sualları cavablandıran Y.Səfərov deyir ki, icra başçısını vurmaq onun öz planı olub, digərlərinin bu məsələyə aidiyyəti yoxdur. Onun sözlərinə görə, əgər dəstə şəklində fəaliyyət göstərsəydilər, kimsə icra başçısını izləyərdi, onun getdiyi yeri müəyyənləşdirərdi, silah tapıb verərdilər: "Yoxsa mən niyə gedib bankın mühafizəçisinin silahını götürüb qaçırdım? Yaxud da niyə gizli bir yerdə yox, icra hakimiyyətinin binasında, o qədər adamın içində bu işi görürdüm? Mən necə dəstə başçısıyam ki, qalmağa yerim yox idi...".
Y.Səfərov vurğulayıb ki, həmin ifadələr işgəncə altında alınıb: "İndi burada baş verənlər mənə riyakarlıq kimi görünür. Prokuror sakitcə bir-bir sualları verir, mən də cavablandırıram. İstintaqda isə mənimlə heyvan kimi davranırdılar. O ifadələr də qeyri-insani davranış nəticəsində ortaya çıxıb".
"Müstəntiqə dedim ki, "gətir, nəyə istəyirsiz, qol çəkim""
Digər təqsirləndirilən Hamlet Abdullayev də bildirib ki, istintaqda üzləşmədə Yunis ona işgəncəyə məruz qaldığını deyib: "Mənim ona 260 dollara silah satmağım barədə yazılanlar yalandır. Üzləşmədə Yunis dedi ki, "mənə çox əziyyət ediblər, haqqını halal elə". Bundan sonra mən müstəntiqə dedim ki, "gətir, nəyə istəyirsiz, qol çəkim"".
Gəncədə baş verənlərdən sonra belə bir məlumat yayılmışdı ki, Y.Səfərovun qadın ailə üzvləri icra başçısının qəbuluna gedib, orada kobudluqla qarşılaşıb. Bu üzdən Y.Səfərov qisas alıb. Amma özü bu haqda deyilənlərin yalan olduğunu, qəsdən belə şayiənin dövriyyəyə buraxıldığını deyir: "İstəyirdilər ki, bu hadisənin şəxsi qisasçılıq zəminində baş verdiyi görüntüsünü yaratsınlar. Halbuki, hamısı yaxşı bilirdi ki, belə deyil. Sanki böyük bir yanğın baş verir, mən də istəmişəm ki, ora heç olmasa, yarım vedrə su atmaqla əlimdən gələni edim...".
Y.Səfərov İranın Qum şəhərində ailəsi ilə birlikdə kirayə qaldığını təsdiqləyib. O bildirib ki, həmin şəhərdə təhsil alıb.
O, digər təqsirləndirilən şəxslərlə bağlı və bir sıra başqa suallara cavab verməkdən imtina edib.
Y.Səfərovun dindirməsi davam edir.
Xatırlatma
2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin ozamankı başçısı Elmar Vəliyevə və onu mühafizə edən polis serjantına silahlı sui-qəsd törətməkdə suçlanan Y.Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Y.Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edir. Y.Səfərov isə bu iddianı təkzib edir.
Sui-qəsd hadisəsindən bir həftə sonra - iyulun 10-da Gəncənin mərkəzi meydanında keçirilən aksiyada iki polis polkovniki qətlə yetirilib.
Gəncə hadisələrindən sonra həbs olunan 70-dən artıq şəxsin əksəriyyəti 10 iyulda baş verənlərə görə kütləvi iğtişaşların təşkili, polis əməkdaşlarına qarşı zor tətbiq etmə və s. əməllərdə suçlanıb. Onlara 6 ildən 18 ilə qədər həbs cəzası kəsilib. Sonradan bir çoxunun cəzası azaldılaraq 2-5 ilə salınıb, azadlığa buraxılanlar olub.
Gəncə hadisələrinə görə həbs edilənlər həm saxlanarkən, həm də ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildirsələr də, Daxili İşlər Nazirliyi bu iddiaları təkzib edib.
Y.Səfərov və onunla birlikdə mühakimə olunanlara Cinayət Məcəlləsinin 30-dan artıq maddəsi ilə (qəsdən adam öldürməyə cəhd, terrora çağırış, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və s.) ittiham verilib. Bu maddələrdə 20 ilə qədər və ya ömürlük həbs cəzası nəzərdə tutulub.