'Yara çox dərindir, getdikcə də böyüyür' – Qərb mediası

'Yara çox dərindir, getdikcə də böyüyür' – Qərb mediası
6 Noyabr 2020
Mətni dəyiş

Moskvadakı ermənilər kilsəyə gedərək dua edirlər. Sasun Davtyan deyib ki, qardaşları könüllü kimi cəbhədə vuruşurlar

ABŞ-ın ictimai radiosu Rusiyada yaşayan azərbaycanlılar və ermənistanlıların Dağlıq Qarabağ münaqişəsilə bağlı narahatlığından söz açır. Müxbir Lucian Kim yazır ki, ömrünün yarıdan çoxunu Rusiyada yaşamış Sənubər Əliyeva Moskvadakı Azərbaycan səfirliyinə münaqişə qurbanlarını yad etməyə gəlib.

Əliyevanın kiçik qardaşı 30 il öncəki müharibədə bir ayağını itirdiyindən onu əsgər aparmayıblar. “Ona deyiblər ki, Azərbaycan ordusu o qədər güclüdür ki, onun kimi dayılara ehtiyac yoxdur”, – qadın danışır. O, sovet Azərbaycanında ermənilərlə birlikdə işlədiyini yada salır.

“Sovet vaxtı olduğu kimi nə vaxtsa birlikdə yaşaya biləcəyimizə şübhə edirəm”, – 61 yaşlı Sənubər deyib.

Moskvadakı ermənilər isə kilsəyə gedərək dua edirlər. Sasun Davtyan deyib ki, qardaşları könüllü kimi cəbhədə vuruşurlar. “Onlar vətəni qorumağa gediblər. Vaxtı çatanda mən də getməyə hazıram”, – 28 yaşlı Davtyan deyib.

O, Ermənistanın tarixi himayədarı Rusiyadan, yaxud böyük erməni icmasının yaşadığı Birləşmiş Ştatlardan hər hansı kömək gözləmədiyini söyləyib.

Akop Akavyan adı erməninin sözlərinə görə, “müharibə uzandıqca vəziyyət daha da çətinləşir. Yara çox dərindir və getdikcə böyüyür”.

Onun sözlərinə görə, bir gün ermənilər və azərbaycanlılar başqa cür düşünəcəklər, 2-ci Dünya müharibəsində qatı düşmən olan almanlar və ruslar kimi indi dostcasına yaşaya biləcəklər.

Tehran qəliz durumda

İran Ermənistan-Azərbaycan münaqişəsində neytrallığı saxlamağa çalışsa da, atəşkəsə çağırsa da, ölkənin siyasi elitası bu müharibəyə necə reaksiya vermək məsələsində kəskin ziddiyyətlə üzləşib. Bunu Ceymstaun Fondunun saytında təhlilçi Pol Qobl yazır.

Müəllifin fikrincə, ziddiyyət yerli və xarici faktorlarla bağlıdır. İran bir tərəfdən Türkiyə və İsrailin getdikcə artan nüfuzundan narahatdır. Digər tərəfdən isə Azərbaycanın cəbhə bölgəsində irəliləməsi onu əndişələndirir. Çünki İranda yaşayan 20 milyonadək etnik azərbaycanlının Bakıya meyllənə biləcəyini düşünür.

“İndilik, bu, elə də real görünmür. Ancaq istənilən halda İran hökumətində qorxu yaradır. Elə İslam Respublikasının şimal-qərb sərhədində gedən döyüşlərlə bağlı atdığı addımların arxasında da bu dayanır”, – müəllif yazır.

Rusiya Beynəlxalq Məsələlər Şurasından Nikita Smaqin qeyd edir ki, Tehran rəsmən Azərbaycanın ərazi bütövlüyünü tanıyır. “Ancaq reallıqda münaqişənin hər dəfə kəskinləşməsi bir şeyi üzə çıxarır – İran Dağlıq Qarabağda münaqişənin daha kəskin mərhələyə girməsini və özü daxil, kənar qüvvələri də buna sürükləməsini istəmir”, – deyən ekspertin fikrincə, İran “tərəf seçməyə” hazır deyil. Ancaq onu müxtəlif istiqamətlərə yönəldirlər.

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlər gedir. Azərbaycan son bir ayda 190-dən çox kəndi, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Hadrut, Mincivan və Ağbənd qəsəbələrini işğaldan azad etdiyini açıqlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun