Vüsalə Yaşar: Koronavirusa yoluxma daha kəskin rəqəmlərlə yüksəlir

Vüsalə Yaşar: Koronavirusa yoluxma daha kəskin rəqəmlərlə yüksəlir
2 Noyabr 2020
Mətni dəyiş

İnfeksionist-hepatoloq Vüsalə Yaşar Azərbaycanda koronavirusa qarşı mübarizə vasitlərindən danışıb.

Amerikanın Səsi: Artıq bir ilə yaxındır ki, bütün dünyada COVID-19-a qarşı mübarizə gedir. Toplanmış təcrübəyə əsaslanaraq bu xəstəliyin daha çox hansı şəkildə yoluxmasından danışa bilərik?

Vüsalə Yaşar: Bilirsiniz ki, qlobal problemlə artıq 1 ilə yaxındır ki, üz -üzəyik. Bu problemin yuxarı tənəffüs yolları infeksiyalarından ayırd edilməsi kimi vacib bir ciddi tərəfi var. Hava-damcı yolu ilə yoluxan infeksiya olduğuna görə digər hava-damcı yolu ilə yoluxan infeksiyalara çox bənzəyir. Bu bizi adətən çaşdırır. Amma xəstəliyin ən çox yayılmış yolu təbii ki, insandan insana damcı yolu ilə yoluxmasıdır.

Amerikanın Səsi: Bu xəstəlikdən qorunmaq üçün hansı səmərəli vasitələrdən istifadə etmək olar?

Vüsalə Yaşar: Belə deyək, biz bu barədə aylardır maarifləndirmə işləri aparırıq. Artıq düşünürəm ki, hər kəsin əzbərlədiyi qaydalardır bunlar. Çox sadə bəsit qaydalardır. Hansılar ki, doğru şəkildə əməl etdikdə biz çox ehtimalla xəstəliyə yoluxmaya bilərik. Bunlardan ən vacibi bütün hava-damcı yolu ilə yoluxan infeksiyalarda olduğu kimi tibbi maskalardan doğru-düzgün şəkildə istifadə olunmasıdır. Sosial məsafənin gözlənilməsidir. Bu, əlimi uzatdıqda qarşımızdakı insana toxunmayacaq qədər olan məsafə nəzərdə tutulur. Eyni zamanda da əl gigiyenasına əməl etmək. Bu isə ən bəsit halda sabun və sudan başlayır. Amerikanın Səsi: Koronavirusla mübarizədə insanlar maskalardan, gigiyenik əlcəklərdən istifadə edir, gigiyenik qaydalara daha çox diqqət yetirir. Bu,0 mövsümü qripin yayılmamasına necə təsir edir?

Vüsalə Yaşar: İlk başda onu vurğulayım ki, tibbi maskalardan istifadə edilməsi vacibdir. Lakin tibbi əlcəklərdən sıradan vətəndaşlar üçün tövsiyyə edilmir. Tibbi əlcəklər tibb personalı tərəfindən istifadə olunur. Əllərimizi tez-tez yusaq və yaxud da antiseptik məhlullardan doğru şəkildə istifadə etsək, tibbi əlcəklərin istifadəsinə sıradan vətəndaşlar üçün ehtiyac yoxdur. Mövsümi qrip məsələsinə gəlincə isə bu xəstəliklər bir-birinə yoluxma yoluna və tənəffüs sisteminin zədələnməsinə görə bənzəyirlər. Amma mövsümi qripdən qorunmağın yolu var. Bu yol da peyvəndləmədən keçir. Ona görə də biz peyvəndlənərək bu xəstəliyə yoluxma ehtimalımızı çox böyük şəkildə azalda bilirik. Bununla da ən azından bir təhlükəli infeksiya ilə üz-üzə qalmış oluruq.

Amerikanın Səsi: Azərbaycanda qripə ve pnevmoniyaya qarşı peyvəndlənmə işi nə yerdədir?

Vüsalə Yaşar: Onu deyim ki, pnevmoniya bir xəstəliyin əlamətidir. Ağ ciyərlərimizin iltihabıdır ki, bunu COVID-19 da törədə bilər, digər viruslar da edə bilər, bakteriyalar, göbələklər edə bilər. Eyni zamanda hər mövsümdə bizim rastlaşdığımız qrip də edə bilər. Qripə qarşı peyvəndləmə Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir. Hər kəs qeydiyyatda olduğu ərazi üzrə poliknikasına müraciət edərək peyvənddən keçə bilər. İlk öncə tibb işçilərinin peyvəndləməsinə önəm verilir. Sonra isə xroniki xəstəliyi olanlar, yaşlılar , hamilə qadınlar, hansılar ki, risk qrupundadır, bunların peyvəndlənməsi çox əhəmiyyətlidir.

Əslində COVID-19-a yoluxmanı qrip peyvəndi qorumaz.Onlar tamamən fərqli-fərqli viruslardır. Sadəcə, biz qripə yoluxma ehtimalımızı azaldırıq və 80-90 faiz qoruyuculuğu olan peyvəndir. Sadəcə biz qripə yoluxma ehtimalımızı azaldırıq ki, eyni anda iki ağır virusa yoluxmayaq.

Burada vurğulamaq istədiyim bir məsələ var ki, biz ikinci dalğa deyə bilmirik. Çünki, biz birinci dalğanı tamamilə sonlandırmamışıq. Sadəcə yoluxma saylarında artım müşahidə olunur. Bu, payız aylarında gözlənilən hal idi. Mutasiya haqqında danışmaq və yaxud xəstəlik hal-hazırda daha ağır keçirilir və s bu haqda danışmaq üçün çox erkəndir. Bunun daha çox araşdırmalara, təcrübələrə ehtiyac var. Amma, eyni şəkildə xəstəliyi ağır keçirənlər, yüngül və yaxud simptomsuz keçirənlər, orta ağırlıqda keçirən insanlar var. Sadəcə yoluxma sayı ilk baxışda gördüyümüz yoluxma sayından daha kəskin rəqəmlərə yüksəlib. Bu isə bizdə ölüm və yaxud da ağırlaşma ehtimalının artacağını göz önünə aldırır.

Amerikanın Səsi: İnsan orqanizminin immunitetini möhkəmləndirmək üçün xalq təbabəti vasitələri effektiv ola bilərmi?

Vüsalə Yaşar: İnsan orqanizminin immunitetini möhkəmləndirmək üçün xüsusi bir dərman axtarmağa və yaxud xüsusi bir xalq təbabəti metodu axtarmağa ehtiyac yoxdur. Biz əgər sağlam, balanslı şəkildə qidalansaq, normal yuxu rejiminə əməl etsək, açıq havada kifayət qədər zaman keçirə bilsək və yaxud otaqlarımızı tez-tez havalandırsaq və fiziki aktiv olsaq, bu, bizim immun sistemimizin normal vəziyyətdə saxlanılmağa kifayət edir. Əlavə qeyri-adi metodlar axtarmağa həqiqtən ehtiyac yoxdur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun