Noyabrın 9-da (2020) gecə Azərbaycan SQ-nin hərbi qulluqçusu DZRK-dən atəş açaraq, Ermənistan ərazisində, Naxçıvan yaxınlığında Ermənistan-Azərbaycan sərhədindən 150 metr məsafədə aşağı hündürlükdə uçan Rusiyaya məxsus Mİ-24 hərbi helikopterini vurub. Hərbi avtomobil qatarını havadan müşaiyət etmək tapşırığını yerinə yetirən iki pilot həlak olub, bir pilot yaralanıb.
Növbəti gün Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan hərbiçilərinin Rusiyaya məxsus helikopteri “bölgədəki gərgin vəziyyət, habelə erməni tərəfinin mümkün təxribatları ilə əlaqədar yüksək döyüş hazırlığı nəzərə alınmaqla” vurduqlarını bəyan edib.
AR XİN bildirib ki, helikopter Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zonasında aktiv hərbi döyüşlərin davam etdiyi bir vaxtda Ermənistan-Azərbaycan dövlət sərhədinin tam yaxınlığında uçuş həyata keçirib. Həmçinin, Bakıda qeyd ediblər ki, uçuş günün qaranlıq vaxtında həyata keçirilib və bundan öncə həmin ərazidə Rusiya Federasiyası Hərbi Hava Qüvvələrinin helikopterləri müşahidə edilməyib.
Rəsmi Bakı prezident V.Putindən üzr istəyib və həlak olan pilotların ailələrinə başsağlığı verib, araşdırma aparmağı və Azərbaycan ordusundakı təqsirkarları cəzalandırmağı vəd edib. Bu mövzunun Kreml tərəfindən bir daha açılmadığını nəzərə alsaq, V.Putin üzrxahlığı qəbul edib.
Ermənistan tərəfi də bəyanat yayıb. “Helikopter döyüşlərin getdiyi istiqamətdə deyildi, buna görə də təhlükə kimi görülə bilməzdi”, deyə Ermənistan baş nazirinin baş müşaviri Vaqarşak Arutyunyan RBK-ya bildirib. O, hadisəni “Ermənistan ərazisində təcavüz aktı” adlandırıb. Ermənistan Baş Prokurorluğu cinayət işi açıb.
Bakıda, Azərbaycan Baş Prokurorluğu tərəfindən də vurulmuş helikopterlə bağlı “səhlənkarlıq” ittihamı ilə cinayət işi açılıb. Azərbaycan hərbiçilərinin saxlanılması, həbs edilməsi haqqında məlumat verilməyib, araşdırmanın nəticələri ictimaiyyətə məlum deyil.
Vurulmuş helikopterlə bağlı həyəcanlı vəziyyət gözlənilmədən aydınlanmağa başlayıb. Noyabrın 12-də Ermənistanın Gümri şəhərində yerləşən Rusiya hərbi bazasının hərbi müstəntiqləri cinayət işi açıblar. Rusiya KİV-ləri müstəntiqlərin RF CM-in 351-ci “Uçuş və ya uçuşa hazırlıq qaydalarının pozulması” maddəsinin pozulması əlamətlərini qeydə alıblar. CM-in bu maddəsində deyilir ki, “uçuş və ya uçuşa hazırlıq qaydalarının və ya hərbi uçuş aparatlarının digər istismar qaydalarının pozulması, ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə gətirib çıxardıqda, - yeddi ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.
Vurulmuş helikopter Rusiya hərbi ekspertləri tərəfindən müzakirə olunur. Noyabrın 11-də ekspert gunnerminer bmpd.livejournal.com-da yazıb:
- Rusiya komandanlığı Azərbaycan hərbiçilərinə əvvəlcədən xəbərdarlıq etmədən, gecə vaxtı qafilə göndərib. Baxmayaraq ki, rabitə kanallarına malik idi. Həm də qafilənin helikopterlə mühafizəsini təmin edib. Kövrək özünə haqq qazandırmaq cəhdləri – “hərbi əməliyyatlar zonasından kənarda və s.”, - zabit deyil, çağırışöncəsi əsgər səviyyəsində bəhanələrdir. Söhbət Rusiya SQ-dən getməsəydi, deyərdim ki, bu, təxribatdır. Amma indiki halda bu, əsl axmaqlıqdır. Belə etmək nəyə lazım idi? Düşünürəm ki, bu qərarı qəbul edən rəis öz qərargah rəisi ilə birlikdə zabit şərəfinin tələb etdiyi şəkildə davranmalıdır. Azərbaycan Müdafiə Nazirliyinin bəyanatı isə helikopterin qəsdən məhv edilmədiyini göstərir: “Təsadüfi xarakter daşıyan və Rusiya tərəfinə qarşı yönəlməyən bu faciəvi hadisə ilə bağlı Azərbaycan tərəfi Rusiya tərəfindən üzrxahlığını bildirir”, deyə ekspert rəsmi Bakıdan sitat gətirib.
Hərbi ekspert Vüqar Abbasov SSRİ HHM qoşunlarında xidmət edib. O, Turan-ın xahişi ilə baş verənləri təhlil edib.
“Putin bildirib ki, İ.Əliyev ətraflı araşdırma aparacaq və Rusiya helikopterinin məhv edilməsinə gətirib çıxaran hadisənin təqsirkarlarını cəzalandıracaq. Ümid edirəm ki, Rusiya prezidenti Əliyevə Ermənistandakı Rusiya Qoşunlarının aviasiya uçuşları rəhbərini cəzalandırmaq səlahiyyəti də verib. HHM ZRQ-də döyüş növbəsinin rəisi kimi yüzlərlə dəfə növbə çəkən bir şəxs kimi “50-yə 50” Rusiya komandirinin təqsirli olduğunu hesab edirəm.
Yarısı Ermənistan ərazisində olan iş materiallarının hamısı olmadan, hər iki tərəfdən obyektiv nəzarət vasitələrinin materialları olmadan, Ermənistanda Rusiya Qoşunları Qrupunun və Naxçıvanda Azərbaycan Əlahiddə Ümumqoşun Ordusunun dispetçer xidmətlərinin məlumatları, uçuş tapşırıqları və hərbi helikopterin ekipajına verilən əmrlər olmadan, helikopterin mühafizə etdiyi hərbi qafilənin yürüşünün təşkili haqqında əmrlər və döyüş tapşırığı olmadan Azərbaycan müstəntiqləri birtərəfli qaydada araşdırma apara bilməz. Bununla yalnız səlahiyyətli hökumətlərarası istintaq komissiyası məşğul ola bilər.
Ümid edirəm ki, Azərbaycan prezidenti bunu nəzərə alıb və vəziyyəti konstruktiv məcraya yönəldə biləcək. Həqiqətən sərhəddə öz döyüş mövqeləri yaxınlığında zərbəçi hərbi helikopteri vuran Azərbaycan HHQ-nin təqsiri varsa, onda prezident müvafiq qərar qəbul edəcək. Yoxdursa, qəti şəkildə etiraz edəcək”, deyə ekspert Vüqar Abbasov bildirib
“Tam açıqlıq üçün DZRK-dən Azərbaycan əsgərinə hansı döyüş tapşırığı verildiyini bilmək lazımdır. Bəlkə onlara Ermənistan təyyarələri Naxçıvanı bombalasa ümumiyyətlə cavab verməməyi tapşırıblar. Amma normal vəziyyətdə əsgər tamamilə haqlıdır. Hava hədəfi aşkar edirsə, mövcud rabitə xətləri ilə dərhal yuxarıya məruzə edir və əmr istəyir. Hava hücumu vasitəsi zərbəçi silahdan istifadə həddinə qədər yaxınlaşıbsa, DZRK-nin “öz-özgə” parol tələb edən ştatlı radioqurğusu “özgə” siqnalı verirsə, öz bölməsinin hava sərhədlərinin mühafizəsi növbəsinə başlarkən aldığı döyüş tapşırığına uyğun olaraq, icazəsiz atəş açmalıdır”, deyə Vüqar Abbasov əlavə edib.
Millət vəkili Rasim Musabəyov ermənilərin kapitulyasiya planını pozmaq üçün vertolyotla insidentin Ermənistanın xüsusi olaraq səhnələşdirilməsi versiyası ilə razılaşmır. "Turan" a müsahibəsində o, etiraf edib ki, hansısa effekt ola bilər, hər halda, vertolyotla bağlı olay münaqişənin həlli və müharibənin dayandırılması üçün əvvəlcədən hazırlanan tədbirləri sürətləndirmişdir. "Sülh bəyanatı hələ insidentdən əvvəl hazırlanıb. Ermənistan tərəfi tez bir zamanda cinayət işi qaldıraraq, Azərbaycanı ittiham edib. Lakin Bakı üzr istəyib və həlak olmuş təyyarəçilərin ailələrinə zərərin əvəzini ödəməyə hazır olduğunu bildirib. Moskva üzüri qəbul edibr, insident tükənib", - deyə R. Musabəyov bildirib.