Vüqar Bayramov: “Azad edilmiş ərazilərin bərpası bir neçə ili əhatə edəcək”

Vüqar Bayramov: “Azad edilmiş ərazilərin bərpası bir neçə ili əhatə edəcək”
19 Noyabr 2020
Mətni dəyiş
Hakimiyyət nümayəndələri işğaldan azad edilmiş ərazilərin bərpa olunacağı barədə ard-arda açıqlamalar verirlər. Pandemiya və ardınca da müharibə xərclərilə üzəşmiş ölkənin iqtisadi durumu buna imkan verirmi? Bərpa proses nə qədər zaman ala bilər? Millət vəkili, iqtisadçı Vüqar Bayramovla bu haqda danışdıq. 
- Vüqar bəy, Azərbaycan büdcəsində işğaldan azad olunmuş əraziləri bərpa etmək üçün vəsait varmı?
- Azərbaycanın maliyyə durumu bərpa prosesinə imkan verir. Burada bir neçə məqama xüsusi toxunmaq lazımdır - əvvəla, büdcədə infrastruktur və investisiya xərcləri olur, həmin xərclərin bir bərpa işlərinə yönəldilləcək. İkincisi, bərpa prosesi mərhələli şəkildə olacaq. Bundan başqa, özəl sektor da bu işə sərmayə qoyacaq. Nəticə etibarilə büdcə dövlətə həmin xərcləri qarşılamaq imkanı yaradacaq. Eyni zamanda, bura beynəlxalq qurumların da cəlb edilməsi gözlənilir. Digər ölkələrin praktikası göstərir ki, belə hallarda beynəlxalq təşkilatlar da müharibədən sonrakı bərpa prosesində iştiraka maraq göstərirlər.
- Bərpa prosesinin müddətini proqnozlaşdırmaq mümkündürmü?
- Qeyd etdiyim kimi, proses mərhələli şəkildə həyata keçiriləcək. İndidən hansı müddəti əhatə edəcəyini söyləmək çətindir. Nəzərə alsaq ki, həmin ərazilər tamamilə dağıdılıb və qiymətləndirmə gedir, işlər başladıqdan sonra konkret zaman söyləmək mümkün olacaq. Amma bunun bir fiskal ili deyil, bir neçə ili əhatə edəcəyini söyləmək lazımdır.
- İşğaldan azad edilmiş ərazilərdə başlanğıc üçün hansı işlər görülməlidir?
- 27 ildən artıqdır işğal altında olan torpaqlarımızda bütün infrastruktur dağıdılıb. Təbii ki, başlanğıc üçün infrastrukturun bərpası çox önəmlidir. Nəzərə alsaq ki, işğalçı ölkə ərazilərimizdə minalar yerləşdirib, birinci mərhələdə onların təmizlənməsinə başlanacaq, infrastrukturun formalaşdırılması bundan sonra həyata keçiriləcək. Artıq kommunal xidmətlərin göstərilməsi məsələsi müzakirə olunur. Xüsusən də elektrik enerjisinin verilməsi, yeni elektrik xətlərinin quraşdırılması və bərpası çox vacibdir. Digər tərəfdən başlanğıc üçün yol infrastrukturu da önəmli məsələlərdəndir.
- Torpağı yenidən məhsuldar hala gətirmək və kənd təsərrüfatını inkişaf etdirmək üçün hansı addımlar atıla bilər?
- Bu ərazilərin əksər torpaqları məhsuldardır. İşğaldan əvvəlki dövrdə Füzuli rayonu pambıq, taxıl və üzüm istehsalına görə respublikada fərqlənən rayonlardan biri idi. Eyni zamanda, Cəbrayıl, Zəngilan, Qubadlı və dekabrın 1-dək azad edilməsi gözlənilən Ağdam, Kəlbəcər, Laçın rayonları da məhsuldar torpaqlara malikdir. Düşünürəm ki, bu torpaqların məhsuldarlığını bərpa etmək mümkündür və ediləcək. Artıq Kənd Təsərrüfatı Nazirliyi qiymətləndirmələr aparır.
- Bu işlərin görülməsi həm də yeni iş yerlərinin yaradılması deməkdir. Daha çox hansı sahələrdə işçi qüvvəsinə ehtiyac ola bilər?
- İşğaldan azad edilmiş ərazilərimizdə infrastruktur və kənd təsərrüfatı, sənayə müəssisələrinin qurulması yeni iş yerlərinin yaradılmasına gətirib çıxaracaq. Bu rayonlarda əhalinin sayı kiyafət qədərdir, məsələn, Füzuli rayonunun 150 min, Ağdamın 200 min əhalisi var. Eyni zamanda, apardığımız sorğulara əsasən o ərazilərdən məcburi köçkün düşmüş vətəndaşlarımızın böyük hissəsi bərpa işlərindən sonra öz doğma torpaqlarına qayıtmaq istəyirlər. Onlar üçün yeni iş yerlərinin yaradılması vacibdir. Qeyd edim ki, aqrar sahədə torpağın məhsuldarlığının artırılması, əkin sahələrinin salınması üçün kənd təsərrüfatı üzrə ixtisaslı kadrlara ehtiyac var. Digər tərəfdən birbaşa kənd təsərrüfatında işləyəcək və inşaatda çalışacaq xeyli sayda işçi qüvvəsinə ehtiyac yaranacaq. Dövlət strukturlarının şöbələri açılacaq, eyni zamanda özəl şirkətlərin də bu ərazilərdə öz nümayəndəliklərini açacağı gözlənilir. Bu baxımdan işğaldan azad olunacaq ərazilərimizin bərpası kifayət qədər iş yerlərinin yaranmasına səbəb olacaq. Bu da həmin bölgələrdə yaşayan və oraya qayıdacaq vətəndaşlarımızın işlə təminatı baxımından çox vacibdir.
- Azad olunmuş ərazilərdəki təbii sərvətlər ölkə iqtisadiyyatına nə dərəcədə faydalı ola bilər?
- Bu ərazilərin təbii sərvətləri kifayət qədər boldur. Xüsusən də Zəngilanı və dekabrın 1-dək boşaldılacaq Kəlbəcər və Laçın rayonlarını qeyd edə bilərəm. Qızıl ehtiyatlarına görə Kəlbəcər ilk, Zəngilan isə ikinci sıradadır. Bəzi qiymətləndirmələrə görə, yalnız Kəlbəcərdə Ermənistan şirkətləri 300 milyon dollarlıq qızıl hasil edərək dünya bazarına çıxarıblar. Bundan başqa, hər iki rayonda mis və dəmir ehtiyatları var. Demək olar ki, bütün azad edilmiş ərazilərimizdə inşaat materiallarının istehsalı üçün xammal mövcuddur. Bütün bunlar imkan verəcək ki, həmin təbii ehtiyatlardan, xüsusilə də sənaye müəssisələrinin qurulmasında istifadə olunsun. Bu, həm yeni iş yerlərinin yaradılmasına, həm də Azərbaycanda ümumdaxili məhsulun artımına təminat verəcək. Bunlar qeyri-neft sektorunda istehsalın artımı baxımından da vacibdir.
- Naxçıvan Muxtar Respublikasına birbaşa yolun açılması ölkə iqtisadiyyatı üçün hansı imkanları yaradır?
- Bu, həm iqtisadi, həm də nəqliyyat əlaqəsinin yaradılması baxımından vacibdir. Nəzərə alsaq ki, Naxçıvanda bir çox məhsul istehsal olunur, bu, onların həm Azərbaycanın daxili bazarına, həm də dünya bazarlarına quru və eləcə də ucuz yolla çıxarılması, Azərbaycan üzərindən beynəlxalq yükdaşımanın həcminin artması və ölkəmizin bu sahədə də gəlir əldə etməsi deməkdir.
 
- İşğaldan azad edilən ərazilərə xarici investorları necə cəlb etmək olar?
 
- Bərpa prosesində qanunvericiliyə uyğun olaraq tenderlər keçiriləcək və şirkətlər cəlb ediləcək. Biz həm xarici, həm də yerli investorların cəlb edilməsi üçün güzəştli vergi sisteminin tətbiqini təklif edirik. Vergi dərəcələrinin müəyyən müddət üçün aşağı salınması və həmin ərazilərdə fəaliyyət göstərəcək sahibkarlar üçün faizsiz kreditlərə çıxış imkanının yaradılması bu prosesdə effektiv addımlardan ola bilər. Güman edirəm ki, həmin ərazilərdə investisiya mühitinin yaxşılaşdırılması Azərbaycan üçün prioritetdir və bu da daha güzəştli şərtlərlə xarici investorların cəlb edilməsinə imkan verəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun