Bakı Ağır Cinayətlər Məhkəməsində Xeberman.com saytının təsisçisi və baş redaktoru Polad Aslanovun işi üzrə məhkəmə prosesində vəkil müdafiə nitqi söyləyib.
Məhkəmə prosesi açıq olsa da, pandemiya səbəbindən məhkəmə zalına media nümayəndələri buraxılmayıb.
Prosesdən sonra jurnalistlərə açıqlama verən Polad Aslanovun həyat yoldaşı deyib ki, vəkil məhkəmədə Polad Aslanovun əməlində Cinayət tərkib olmadığnı və onun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
"Məhkəmə istintaqı yarımçıq aparılıb. 6 nəfər şahidi məhkəmə dindirməyib, Polad Aslanovun telefonunun ekspertizası keçirilməyib, yazdığı yazıların politoloji ekspertizası keçirilməyib. Polad Aslanovun əməlində Cinayət tərkibi yoxdur, Poladla bağlı Sərhədsiz Repartyorlar və Jurnalistlərin Müdafiə Təşkilatı bəyanat verib. Azərbyacn hökumətindən Polad Aslanova bəraət verilməsini tələb edib. Əslində Polad Aslanova istənilən hökm oxuna bilər. Onu qeyd edim ki, bu hökm tək jurnalist Polad Aslanova oxunmayacaq və bunu Azərbaycan xalqının diqqətinə çatdırıram ki, Polad Aslanova oxunacaq hər bir hökm gələcəkdə dövlət strukturlarında olan korrupsiya, rüşvət, monopoliya ilə bağlı yazı yazan hər bir jurnalistə oxunacaq hökm olacaq.”
Növbəti məhkəmə prosesi noyabrın 16-də davam edəcək.
Xatırlama
Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, Xeberman.com saytının təsisçisi və baş redaktoru Polad Aslanov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. Açıqlamada onun xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə istifadə etməkdən ötrü topladığı məlumatları həmin orqanlara ötürdüyü bildirilir.
Polad Aslanova qarşı irəli sürülmüş ikinci ittihamda - Cinayət Məcəlləsinin 134-cü (öldürməklə hədələmə) maddəsində 2 min manata qədər cərimə, 2 ilədək islah işləri və bu müddətdə həbs nəzərdə tutulub. O, saytlardan birinin əməkdaşı Dəyanət Babayevi hədələməkdə təqsirləndirilir. Məhkəmə bu ittihamı jurnalistin üzərindən götürüb.
Polad Aslanov ittihamların heç birini qəbul etmir və həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu qeyd edib.