Noyabrın 2-i səhərə olan məlumata görə, zəlzələdə 963 xəsarət alandan 743-ü xəstəxanadan buraxılıb, 219 nəfərin müalicəsi davam edir
Türkiyədə zəlzələdən ölənlərin sayı 83-ə çatıb. Bu haqda “Anadolu” agentliyi xəbər verir.
Noyabrın 2-i səhərə olan məlumata görə, zəlzələdə 963 xəsarət alandan 743-ü xəstəxanadan buraxılıb, 219 nəfərin müalicəsi davam edir.
Zəlzələdən 65 saat sonra dağıntılar altından Elif Perinçek adlı üç yaşlı qızcığaz xilas olunub. O, dağılmış evlərin altından çıxarılan 106-cə sakindir. Qızcığazı yaxınlıqdakı xəstəxanaya yerləşdiriblər.
Daha öncə 14 yaşlı İdil Şirin xilas edilmişdi.
Hazırda axtarış-xilasetmə işləri davam edir.
Türkiyənin qərbində ötən cümə günü 7 bal gücündə zəlzələ baş verib. Türkiyə mediası zəlzələnin episentrinin Egey dənizinə düşdüyünü xəbər verib. Təkanlar İstanbul və Afinada da hiss olunub.
Yunanıstanda iki uşağın həlak olduğu bildirilir.
İzmir sahillərində zəlzələnin gücü 6.6 bal olub.