Türk restoranına hücum ‘nifrət cinayəti’ kimi araşdırılır

Türk restoranına hücum ‘nifrət cinayəti’ kimi araşdırılır
6 Noyabr 2020
Mətni dəyiş

Beverli Hils Polis İdarəsi bildirir ki, 6-8  nəfərdən ibarət qrup hücum zamanı restoran sahiblərinə xəsarət yetirib, restoranın əmlakına külli miqdarda ziyan vurublar

Noyabrın 4-də axşam saatlarında ABŞ-ın Beverli Hils şəhərində türklərə məxsus “Cafe Istanbul” restoranına hücum olunub. Beverli Hils şəhəri Los Anceles vilayətində yerləşir və Los Anceles şəhəri ilə əhatə olunur.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu hücumu “erməni icmasının radikal üzvləri”nin törətdiyini, Azərbaycan icmasının bu zorakılığı pislədiyi qeyd edir.

Beverli Hils Polis İdarəsi bildirir ki, 6-8 nəfərdən ibarət qrup hücum zamanı restoran sahiblərinə xəsarət yetirib, restoranın əmlakına külli miqdarda ziyan vurublar. Restoranın sahibləri arxa qapıdan qaçaraq xilas ola biliblər.

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev noyabrın 5-də hadisə yerində olub.

“Nifrət cinayəti”

“Los Angeles Times” qəzeti restorana hücum edən şəxslərin “ermənipərəst bəyanatlar” səsləndirdiyini, polisin bu insidenti “nifrət cinayəti” hesab etdiyini yazır.

Restoran sahiblərinin oğlu deyib ki, bir qrup maskalı şəxs çərşənbə günü axşam restoranın qapısını sındırıb, içəri daxil olaraq stulları, qab-qacağı dağıdıblar. Hücum edənlər türklərə qarşı zorakı çağırışlar ediblər.

Oğlan söyləyib ki, həmin vaxt restoranda müştəri olmayıb, yalnız onun valideynləri olub.

Onun iddiasına görə, son bir neçə ayda anonim şəxslər restoran sahiblərini ölümlə təhdid ediblər.

Polisin bəyanatında deyilir ki, hazırda Beverli Hills detektivləri şübhəliləri müəyyənləşdirmək üçün müşahidə kameralarının görüntülərini təhlil edir.

Şəhərin meri Lester Fridmen insidenti “qəbuledilməz nifrət və zorakılıq hərəkəti” adlandırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun