ABŞ Prezidenti Donald Tramp seçkilərdə yenidən qalib gəlməyə və son 40 ildə Ağ Evdə bir müddət hakimiyyətdə olduqdan sonra məğlub olan üçüncü Amerika lideri olmamaq üçün çalışarkən daha bir başağrısı ilə qarşılaşır.
Tramp Demokrat rəqibi Co Baydendən ümumi rəy sorğularında təxminən 8 faiz xalla geridə qalsa da, fərq seçkilərin nəticəsini müəyyən edəcək əsas ştatlarda daha azdır.
Con Hopkins Universitetinin məlumatına görə, 230,000-dən çox amerikalının ölümünə səbəb olan koronavirusa yoluxan 74 yaşlı prezident Florida, Miçiqan və Pensilvaniya da daxil olmaqla, gərgin rəqabətin getdiyi ştatlarda kampaniya tədbirləri keçirib.
Oktyabrın ortalarında Viskonsin ştatında keçirdiyi yürüş zamanı Tramp deyib ki, “biz məğlub olmayacağıq, biz qalib gələcəyik.”
Lakin o məğlub olsa belə ABŞ-ın siyasi tarixində ən yararsız namizədə məğlub olacağını deyib. Prezident bildirib ki, bundan sonra o, "ən qabiliyyətli biri ilə yarışacaq və həyatına bu yolda davam edəcək".
Siyasi gələcəyindən asılı olmayaraq, Tramp minlərlə tərəfdarını açıq hava kampaniyalarına toplamağa nail olub.
Bir çox hallarda ekspertlərin tövsiyələrinə məhəl qoymayan Tramp yürüşləri zamanı maska taxmaqdan imtina edib. Bu, koronavirusun nəzarətdən çıxdığı bir vaxta təsadüf etsə də, onun tərəfdarlarının əksəriyyəti prezidentə dəstəyini nümayiş etdirib.
2016-cı ildə daşınmaz əmlak maqnatı, siyasətə yenicə qədəm qoyan və realiti şouların iştirakçısı kimi tanınan Tramp indi 4 illik liderlik rolunu qorumağa çalışır.
Vaşinqton normalarına zidd olaraq prezident çox vaxt sosial şəbəkələrdə kəskin şərhlər verib, siyasi opponentlərini tənqid edib.
Trampın tənqidçiləri onun ABŞ-ın Avropa və Asiyadakı ənənəvi müttəfiqləri ilə münasibətləri gərginləşdirməsi və Vladimir Putin, Şi Tsinpin və Kim Conq Un kimi avtoritar liderlərlə isti münasibətlərindən şikayətlənir.
Trampın koronavirusla mübarizə siyasəti ciddi tənqid hədəfi olsa da, o, bu məsələyə skeptisizmlə yanaşıb.
Aprel ayında ABŞ dövlət başçısı koronavirusun yox olacağını demişdi. O, möcüzə baş verəcəyini və virusun bir gün yoxa çıxacağını bildirmişdi.
Bir neçə ay əvvəl virusdan ölənlərin sayı ilə bağlı Tramp demişdi ki, `olan olub`.
Rəy sorğularına görə, prezidentin virusla mübarizə səylərinə bir çoxları mənfi reaksiya verib.
İndi bu məsələnin seçkilərin nəticələrinə yekun təsiri müşahidəçilər üçün maraqlıdır.