Noyabrın 12-də Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə Müsavat Partiyasının və Milli Şuranın funksioneri Tofiq Yaqublu barədə Nizami Rayon Məhkəməsinin hökmündən verilən şikayəti üzrə baxış başlayıb.
Məhkəmə baxışı dekabrın 3-ə təxirə salınıb.
Tofiq Yaqublu bildirib ki, siasyi sifariş hələ olmadığından məhkəmə baxışını uzadırlar.
Sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsi hakim Nəriman Mehdiyevin sədrliyi ilə prezident İlham Əliyevin sərt tənqidçilərindən olan Tofiq Yaqublunun 4 il 3 ay həbsə məhkum edilməsi barədə hökm çıxarıb.
Bu il martın 22-də Tofiq Yaqublunun park edilmiş avtomobilini başqa avtomobil vurub. Buna baxmayaraq Bakının Nizami Rayon Polis İdarəsində Yaqubluya qarşı cinayət işi qaldırılıb.
Sentyabrın 2-də Tofiq Yaqublu son sözündə məhkəmə və hakimiyyəti ittihamı saxtalaşdırmaqda və siyasi sifarişdə ittiham edib. Yaqublu məhkəmədə həbsinə etiraz olaraq aclıq aksiyasına başladığını elan edib.
17 gün aclıqdan sonra sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi hakim Elmar Rəhimovun sədrliyi ilə Nizami Rayon Məhkəməsinin Tofiq Yaqublu barədə həbs qətimkan tədbiri haqqında qərarının ev dustaqlığı ilə əvəz edilməsi barədə vəkillərin vəsatətini təmin edib. Yaqublu məhkəmə zalında sərbəst buraxılıb.