The Insider: Kabayeva mediadan bir ildə 785 milyon rubl qazanıb

The Insider: Kabayeva mediadan bir ildə 785 milyon rubl qazanıb
25 Noyabr 2020
Mətni dəyiş

Rusiyanın bədii gimnastika üzrə olimpiya çempionu Alina Kabayeva Milli Media Qrupunda (MMQ) bir ildə göstərdiyi fəaliyyətinə görə 785 milyon 400 min rubl (5 milyon dollar) qazanıb.

AzadlıqRadiosunun Rus xidməti Rusiyanın The Insider media platformasına istinadən yazır ki, beləliklə, Kabayevanın aylıq gəliri 65,5 milyon rubl (863 min dollar) təşkil edib.

Sözü gedən media holdinqinin səhmdarlarından biri də Rusiya prezidenti Vladimir Putinin dostu və Ozero kooperativi üzrə keçmiş qonşusu Yuri Kovalçukdur.

Jurnalistlər iddia edirlər ki, onların Federal Vergi Xidmətinin bazasından əldə etdikləri məlumatlar səhihdir.

Bu məlumata görə MMQ holdinqi direktorlar şurasının sədri vəzifəsini daşıyan idmançı bu qədər gəliri yalnız 2018-ci ildə əldə edib.

Onun başqa illərdəki gəlirləri məlum deyil.

Kabayevanın biznes imperiyası

Kabayeva MMQ holdinqi direktorlar şurasının sədri vəzifəsinə 2015-cü ildə gətirilib.

O bundan əvvəl 6 il müddətində holdinqin ictimai şurasına rəhbərlik edib.

MMQ Rusiyada ən böyük özəl media holdinqidir. Bura federal 5-ci kanal və REN telekanalları, “Sport-ekspress” və İzvestiya qəzetləri daxildir.

Bundan başqa holdinqin STS media və Rusiyanın ORT Birinci kanalında səhm payları var.

Oktyabr ayından qrup Netflix internet kinoteatrının Rusiya partnyoru olub.

2019-cu ildə Rusiyanın “Açıq media” qəzeti iddia edirdi ki, Kabayeva və onun ailəsi dəyəri 1 milyard rubldan (13 milyon dollar) çox daşınmaz əmlaka sahibdir.

Bir qəzeti bağlayan xəbər

Alina Kabayeva son dəfə 2013-cü ildə Dövlət Dumasının deputatı kimi əmlak bəyannaməsi verib.

O vaxt o gəlirinin 11 milyon rubl (145 min dollar) olduğunu bildirirdi.

MMQ illik maliyyə hesabatları dərc etmir və və The Insider-in məqaləsini heç kim şərh etməyib.

2008-ci ildə Moskovski Komsomolets qəzeti yazmışdı ki, Rusiya prezidenti Vladimir Putin arvadından boşanıb və Alina Kabayeva ilə evlənmək istəyir.

Bu məqalədən az sonra qəzet əvvəlcə nəşrini dayandırmış, sonra isə bağlanmışdı.

Lakin Rusiyanın bulvar mətbuatı prezident və idmançının ümumi uşaqlarının olduğu barədə xəbərlər dərc edir.

Putin və Kabayeva şəxsi həyatları barədə heç bir şərh vermədiklərini bildirirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun