Şuşanın azad olunmasına görə intihar, yoxsa qəsd?

Şuşanın azad olunmasına görə intihar, yoxsa qəsd?
13 Noyabr 2020
Mətni dəyiş

"Noyabrın 9-da Penitensiar xidmətin həbsxanasında cəza çəkən məhkum Fəxrəddin Abbasov saxlanıldığı kamerada intihara cəhd edib, həbsxana əməkdaşları tərəfindən dərhal müəssisənin tibb-sanitariya hissəsinə keçirilib. İlkin təcili tibbi yardım göstərilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb".

Bu barədə Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən məlumat verilib. Bildirilir ki, F.Abbasov həbsxanada saxlanıldığı son dövrlərdə Ordumuzun uğurlu əks-hücum əməliyyatlarını və torpaqlarımızın azad edilməsi xəbərlərini hiddətlə qarşılayıb, Şuşa şəhərinin işğaldan azad olunmasından isə dərin psixoloji sarsıntı keçirib və özünə qəsd etməyə əl atıb.

"Qeyd ediliməlidir ki, Fəxrəddin Abbasov Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edərək dövlətə xəyanət etdiyinə, ölkəmizin ərazi bütövlüyünə qarşı, milli ədavətin qızışdırılmasına yönəlmiş cinayət əməlləri törətdiyinə görə azadlıqdan məhrum edilib. Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır", - xidmətdən bildirilib.

Fəxrəddin Abbasovun yaxınları isə onu bir müddət öncə həyatına təhlükə yaranması ilə məlumat verdiyini bildirib. Yaxınları bildirir ki, Abbasov onlara intihar etməyəcəyini və əgər ölərsə, bunun qəsd olacağını bildirib.

Fəxrəddin Abbasov Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edərək dövlətə xəyanət etməkdə, ölkənin ərazi bütövlüyünə qarşı, milli ədavətin qızışdırılmasına yönəlmiş cinayət əməlləri törətməkdə ittiham olunaraq həbs edilib. Məhkəmədə çıxışı zamanı Abbasov Ermənistanda tədbirlərin birində iştirak etdiyini təsdiq etsə də, digər ittihamları rədd etmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun