Şuşanın azad edilməsi müharibənin və danışıqların taleyinə necə təsir edə bilər? - Ekspertlər danışır

Şuşanın azad edilməsi müharibənin və danışıqların taleyinə necə təsir edə bilər? - Ekspertlər danışır
9 Noyabr 2020
Mətni dəyiş

Azərbaycanda "Qarabağın döyünən ürəyi", "musiqi və incəsənət beşiyi" və izləyicilərimizin "Sən tarixin özüsən, Azərbaycanın gözüsən" deyə bəhs etdikləri Şuşa şəhərinin işğaldan azad olunması xəbərini həyəcanla gözləyirlər.

Çoxlarına görə, bu tarixi şəhərin azad olunması Azərbaycan tərəfinə 40 gündən çoxdur ki, davam edən döyüşlərdə həlledici üstünlük verəcək. Bəzilərinə görə isə bu, artıq Azərbaycanın təxminən 30 il müddətində işğalda qalmış torpaqlarını azad etdiyi müharibədə qələbəsi deməkdir.

Azərbaycan rəsmiləri hələ ki, bu barədə açıqlama verməyib. Lakin günlərdir ki, döyüşlərin məhz bu şəhər uğrunda getməsi barədə məlumatlar yayılır.

Şənbə günü Le Monde nəşri Şuşa uğrunda döyüşlərdə "erməni qüvvələrinin darmadağın olduğunu, yenidən döyüşə qayıdıb-qayıtmayacaqlarını bilmədiklərini və Azərbaycan qüvvələrinin tarixi şəhərə çatdığını" yazıb.

Şəhər 1992-ci ilin mayın 8-də erməni silahlı qüvvələri tərəfindən işğal olunub.

Şuşa şəhərinin əsası 1751-ci ildə Qarabağın ilk xanı Pənahəli xan tərəfindən qoyulub və şəhər hətta bir müddət Pənahabad da adlandırılıb. 19-cu əsrin əvvəllərində rus-fars müharibəsi nəticəsində digər xanlıqlarla yanaşı, Rusiya İmperiyasına birləşdirilən Qarabağ xanlığının əsas mədəni- iqtisadi mərkəzi və paytaxtı olub. Şəhər əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edib. Ermənicə "Şuşi" adlandırılan şəhər buranın azsaylı erməni əhalisi üçün də önəmli yerə malik olub. Ermənilər bura 1828-1830-cu illərdə Rus imperiyası dövründə köçürülüb.

Təhlilçilərə görə, Şuşaya nəzarət Azərbaycana həm siyasi meydanda, həm də hərbi məkanda istədiyini əldə etmək üstünlüyü verəcək.

"Şuşanın alınması mənəvi qələbə kimi qəbul ediləcək"

Siyasi təhlilçi Fuad Şahbazovun sözlərinə görə, Şuşanın işğaldan azad edilməsi "istər -istəməz cəbhədə olan və olmayan azərbaycanlılar üçün mənəvi qələbə kimi qəbul ediləcək".

O bunun erməni əsgərləri üçün ciddi demoralizasiyaya yol açacağını güman edir.

Strateji baxımdan isə cənab Şahbazov deyir ki, Şuşanın alınması cənub cəbhəsi istiqamətindən Xankəndini də təhlükə altına qoyacaq.

"Şuşa bir növ Xankəndinə gedən yolda bufer zonadır. Bufer zonanın itirilməsi Xankəndinin də ermənilərin əlində qalıb-qalmamasını artıq ciddi sual altına qoyacaq,"- o deyir.

Şuşanın işğaldan azad edilməsinin Qarabağ üzrə danışıq prosesinə necə təsir edəcəyilə bağlı danışan Fuad Şahbazov Ermənistanın danışığa razı olacağını düşünmür.

"Dağlıq Qarabağ separatçı rəhbərliyinin bəyanatlarını nəzərə alsaq, onlar kapitulyasiya etməyə hazır deyillər, həm mənəvi, həm psixoloji olaraq. Ona görə də düşünürəm ki, Şuşadan sonra vəziyyətləri nə qədər gərgin olsa da, onlar bir müddət də müqavimət göstərməyə davam edəcəklər,"- təhlilçi deyir.

Fuad Şahbazov deyir ki, şimal cəbhəsində Ağdərə Azərbaycanın tam nəzarətinə keçməyincə, qarşı tərəf müqavimət etməyə davam edəcək.

"Baxmayaraq ki, Şuşanın itirilməsi onlara böyük zərbə vuracaq, amma bu müharibədə əsas açar, müharibənin taleyini həll edəcək əsas məsələ Ağdərənin Azərbaycanın nəzarətinə keçməsi olacaq,"- o deyir.

Cənab Şahbazov hesab edir ki, Ağdərə birinci Qarabağ müharibəsində ən strateji hədəflərdən biri olduğu kimi, hazırkı müharibənin son mərhələsinin taleyini də buranın hansı tərəfin nəzarətinə keçməsi həll edəcək.

Azərbaycan Müdafiə Nazirliyi döyüşlərin getdiyi ərazilərdən bəhs edərkən, Ağdərənin də adını çəkir və burda Ermənistan silahlı bölmələrinə zərbələr endirdiyini bildirir.

"Danışıqlarda Azərbaycanın mövqeyini gücləndirəcək"

Siyasi təhlilçi Leyla Əliyevanın fikrincə, Azərbaycanın Şuşanın geri qaytarması hərbi balansı dəyişdirəcəyi kimi, münaqişənin həlli üçün təklif edilən baza prinsipləri üzrə danışıqlara da öz təsirini göstərə bilər.

"Çünki bununla ən azı bəzi müddəalardan birinin prinsiplərinə yenidən baxılması tələb olunur,"- o hesab edir.

Leyla Əliyeva deyir ki, Şuşanın işğaldan azad edilməsi məcburi köçkünlərin bu şəhərə qayıtması baxımından Azərbaycanın mövqeyini gücləndirə bilər.

"Eyni zamanda həll üçün son razılaşmada Azərbaycan cəmiyyətinin hüquqları ilə bağlı öz şərtlərini diktə etmək baxımdan statusunu yüksəldə bilər,"- o deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun