Bu günlərdə Ermənistan Müdafiə Nazirliyi Laçın - Şuşa yolunun mülkü əhali üçün bağlandığını elan edib. Onlar bunu təhlükəsizlik məsələləri ilə əsaslandırıblar. Digər rəsmi olmayan mənbələr isə artıq bu yola Azərbaycan ordusunun nəzarət etdiyini bildiriblər. Bəzi Beynəlxalq təşkilatlar isə Azərbaycan hökumətindən yolu açıb, Dapliq Qarabağ ərazisində olan jurnalistlərin ordan çıxması üçün şərait yaratmasına çağırış edib. Buna münasibət bildirən prezidentin köməkçisi Hikmət Hacıyev bildirib ki, bu günə olan məlumata görə, yol Ermənistan əsgərlərinin nəzarətindədir. Ümumilikdə isə, çoxları Laçın - Şuşa yolunun bağlanmasını artıq Ermənistanın blokadaya düşməsi kimi dəyərləndirirlər. Məsələni hərbi ekspert Üzeyir Cəfərovla danışdıq. Ekspert deyir ki, komandanlığın seçdiyi marşrutlar var və o marşrutlar özünü doğruldur. Onun sözlərinə görə, ordunun da peşəkar əməliyyatları sırf Laçın koridoru məsələsində Ermənistanı daha da çətinə salıb. "Ümumiyyətlə əhəmiyyətli yol və ya əhəmiyyətsiz yol deyə bir şey yoxdur, indiki məqamda nəzarətdə olan hər qarış torpaq əhəmiyyətlidir və vacibdir. Hərbi baxımdan isə Azərbaycan ordusunun komandanlığı uğurlu marşurut seçib və bu marşurut özünü doğruldur. Ermənistan tərəfi iddia edir ki, bu müvəqqəti məhdudiyyətdir, ancaq elə deyil. Başqa məqamlar var və bu başqa məqamlar da ondan ibarətdir ki, ermənilər indi o yoldan əvvəlki qaydada istifadə edə bilmirlər. Artıq o yoldan rahatlıqla nə silah-susat, nə yanacaq, nə də ərzaq gətirib-apara bilmirlər", - deyə hərbi ekspert Üzeyir Cəfərov bildirib. Prezidentin müsahibəsinə də toxunan ekspert deyir ki, artıq prezident İlham Əliyev də müsahibəsində açıq ifadə edib ki, biz vacib rayonların işğaldan azad edilməsinin aktiv mərhələsindəyik. Üzeyir Cəfərovun sözlərinə görə, bu açıqlama o deməkdir ki, yaxın günlərdə prezident işğaldan azad edilmiş növbəti yaşayış məntəqələri ilə bağlı açıqlama verəcək. "Qondarma rejim özün məlumat yayıb ki, artıq o ərazilərdən geri çəkilib, gedirlər Ermənistana. İçəridə qalanların da son çırpıntılarıdır və bu çox davam edə bilməz. Çünki hər tərəfdən halqanın daralması prosesi gedir və demək olar ki, artıq blokadadırlar. İndi onların bir yolu var ki, işğal olunmuş ərazilərdən çıxıb getsinlər. Yoxsa yaxın günlərdə ya əsir götürüləcəklər, ya da öldürüləcəkələr", - deyə hərbi ekspert Üzeyir Cəfərov bildirib.