NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, şimal alyansı Əfqanıstanda apardığı təlim missiyasının gələcək taleyini blokun müdafiə nazirlərinin fevralda keçiriləcək növbəti iclasında müəyyənləşdirəcək.
Stoltenberq noyabrın 23-də deyib:
"Biz çox çətin seçimlə üz-üzə olacağıq. Ya orada qalmaq və hərbi mövcudluğumuzun davam etdirilməsi xərclərini ödəmək, ya da əldə etdiyimiz nailiyyətləri itirmək riskinə girmək. Və bir də sülh prosesini təhlükəyə atmaq”.
Baş katibin bu bəyantından əvvəl, ötən həftə Vaşinqtonda səlahiyyətlərini başa vurmaqda olan Ağ Ev administrasiyası Əfqanıstandakı ABŞ əsgərlərinin sayını 4500-dən 2500-ə ixtisar edəcəyini bildirmişdi.
Stoltenberq Trampa qarşı
Stoltenberq prezident Donald Tramp bu qərarını elan edəndə NATO missiyasının Əfqanıstanda qalacağını və əfqan təhlükəsizlik qüvvələrinə dəstəyi davam etdirəcəyini demişdi.
Tramp Ağ Evə gələrkən Birləşmiş Ştatları bütün “sonsuz müharibələrdən çıxarmağı” vəd etmişdi.
O habelə İraqdakı ABŞ qoşunlarının sayını ixtisar edəcəyini deyib.
Vaşinqtonun başçılığı ilə Əfqanıstana hərbi müdaxilə 2001-ci ilin sentyabr terror hücumundan dərhal sonra həyata keçirilmişdi.
Məqsəd Osama bin Ladeni tapıb cəzalandırmaq və onun Əl-Qaeda terrorçu qrupuna son qoymaq idi.
Hazırda ABŞ qoşunları NATO ilə birlikdə Əfqanıstanın mərkəzi hökumətinə Taliban və başqa islamçı qruplaşmalardan gələn təhlükələri dəf etməkdə dəstək verir.
Qızların təhsil hüququ necə olsun?
Stoltenberq ötən həftə verdiyi bəyanatda Əfqanıstandakı xarici hərbi qüvvələrin ixtisar olunmasının təhlükəli olduğunu bildirmişdi.
O demişdi ki, Əfqanıstan yenidən Qərbi hədəfləyən beynəlxalq terrorçu qruplaşmaların istehkamına çevrilə bilər.
Qərb narahatdır ki, Talibanın dinc və ya başqa vasitə ilə hakimiyyətə gəlməsi insan haqları və qızların təhsili sahəsində əldə olunmuş azadlıqları heçə endirə bilər.
BMT-nin İnsan Haqları üzrə ali komissarı Filippo Qrandi noyabrın 23-də Cenevrədə donorların konfransındakı açılış çıxışında deyib ki, Əfqanıstanın tənha qoyulması “dağıdıcı nətcələrə” gətirib çıxara bilər.
Noyabrın 21-də Əfqanıstan hökuməti və Taliban arasında aparılan danışıqlara məkan olan Qatara səfəri zamanı ABŞ dövlət katibi Mayk Pompeo silahlı qruplaşmanı Əfqanıstanda daimi atəşkəs barədə danışıqları tez bir zamanda yekunlaşdırmağa çağırıb.