Gəncə şəhərinə raket hücumları nəticəsində hər iki valideynini itirmiş 3 yaşlı Şahnəzərli Xədicə Röyal qızı barəsində sosial şəbəkələrdə video görüntülər yayılıb. Görüntülərdən aydın olur ki, Xədicənin yaxın qohumları arasında onu kimin saxlaması ilə bağlı ciddi mübahisə yaranıb. Sosial şəbəkə istifadəçiləri onsuz da erməni terroru nəticəsində ailəsini itirib travma almış Xədiəcnin indi bu mübahisələrdən yeni travmalar alacağını bildirib, narahatlıqlarını ifadə ediblər.
Məsələ ilə bağlı dövlət qurumları açıqlama yayıb. Ombudsman Aparatının yaydığı məlumata görə, hər iki valideynini itirmiş Xədicənin məsələsi Ombudsmanın daimi nəzarətindədir.
Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket hücumları nəticəsində hər iki valideynini itirmiş 3 yaşlı Şahnəzərli Xədicə Röyal qızı barəsində sosial şəbəkələrdə video görüntülər yayılıb. Məsələ Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın diqqətindədir.
İlk gündən Müvəkkilin təşəbbüsü ilə zərərçəkmiş ailə və uşaqlara ünvanlanan psixoloji konsultasiyalara Xədicə də cəlb olunub. Fəaliyyət prosesində uşağın mərhum valideynlərinin yaxın qohumlarına qanunvericiliyə uyğun olaraq qəyyumluğa götürülmə proseduru da izah edilib, hüquqi məsləhətlər verilib.
Xədicə hazırda ana tərəfindən nənə və babasının himayəsində yaşayır və yaxın qohumları onun rəsmi qəyyumluğa götürülməsi ilə bağlı Qəyyumluq və Himayəçilik orqanına müraciət ediblər. Xədicənin ata qohumları da onun qəyyumluğa götürülməsi üçün müraciət edib.
Hazırda hər iki ailənin Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik orqanına müraciəti əsasında aidiyyatı dövlət qurumlarına sorğular verilməklə müvafiq araşdırmalar aparılır. Araşdırma müddətində Xədicənin psixioloji durumu nəzərə alınaraq nənəsi Ağayeva Sevinc Bayram qızının himayəsində yaşaması Qəyyumluq və Himayəçilik orqanı tərəfindən məqsədəuyğun hesab edilib.
Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də məlumat yayıb.
Məlumata görə, Gəncə şəhərinə edilən hərbi cinayət nəticəsində hər iki valideynini və bacısını itirən 3 yaşlı Şahnəzərli Xədicə və onun yaxın qohumları bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri tərəfindən ziyarət edilib.
Gəncə şəhərində Uşaq və Ailələrə Dəstək Mərkəzinin mövcud olmaması səbəbindən Göygöldə yerləşən Mərkəzin əməkdaşları azyaşlı Xədicənin ata və ana qohumları ilə növbəti dəfə görüşüb və tərəflər dinlənilərək fikirləri öyrənilib. Hər iki tərəf uşağı himayəyə götürməkdə maraqlı olduqlarını bildiriblər.
Hazırda ana nənəsinin himayəsində olan Xədicənin psixoloji vəziyyəti yenidən qiymətləndirilib və əhval-ruhiyyəsinin yaxşı olduğu qənaətinə gəlinib.
Azyaşlının qəyyumluğa verilməsi məsələsi haqqında aidiyyəti qurumlar tərəfindən uşağın ən yaxşı maraqları nəzərə alınmaqla qanuna müvafiq şəkildə qərar veriləcəkdir.
Qanun
Azərbaycan Respublikası Ailə Məcəlləsinin 136.1-ci maddəsinə əsasən Qəyyumluq və himayə valideynlərini itirmiş uşaqlara onların saxlanması, tərbiyə olunması, təhsil alması, habelə onların hüquq və vəzifələrinin qorunması məqsədilə müəyyən olunur. Həmin Məcəllənin 137.2-ci maddəsinə əsasən isə uşaqlara qəyyum (himayəçi) təyin edilərkən qəyyumun (himayəçinin) əxlaqı və başqa cəhətləri, onun qəyyumluq (himayə) vəzifəsini yerinə yetirə bilməsi, onun və ailəsinin uşaqla ünsiyyəti və münasibəti, habelə mümkünsə, uşağın öz arzusu nəzərə alınmalıdır.
Uşağın ən ümdə maraqlarının təmini baxımından onun saxlanması, tərbiyə olunması, təhsil alması, habelə hüquqlarının müdafiəsi məqsədilə müraciət etmiş ən uyğun şəxs qəyyum olaraq təyin olunmalıdır.