İki ilə yaxındır ki, prokurorluq və məhkəmə orqanları SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyevin adı hallanan, dələduzluqla bağlı cinayət işini araşdırır. Bu cinayət işində adamların aldadılıb, 4 milyon manata yaxın vəsaitin ələ keçirilməsindən söhbət gedir. Yeganə təqsirləndirilən şəxs isə V.Əliyevin qohumu – baldızı oğlu Nicat Qarayevdir. Onun bir ilə yaxındır davam edən məhkəməsi yekunlaşır.
N.Qarayev 2017-ci ilin iyunundan ötən ilin yayına qədər "AZFEN" Birgə Müəssisəsinin "Azf-099" layihəsində texniki ofis mühəndisi kimi çalışıb. İttihamda yazılıb ki, o, adamlara əcnəbi şirkətin – "Scanex Enterprises Limited"in Azərbaycandakı nümayəndəliyi vasitəsilə "AZFEN" üçün işlər gördüyünü deyib. Onlara bildirib ki, bu işlərə yatırılan vəsaitdən 45 gün sonra 20 faizədək gəliri olur. Başqalarına da təklif edib ki, kimsə pul yatırmaq istəsə, 45 gün sonra məbləğin 7 faizi qədər qazanc verə bilər.
Qazanc da kəsilib, əsas məbləğ də qaytarılmayıb
Cinayət işinin materiallarında iddia olunur ki, Əlikram Eyvazovdan 122 min, Sərxan Musayevdən 1 milyon 925 min, İlqar Çıraqovdan 125 min, Ramil Nəsirovdan 200 min, Arif Qasımovdan 363 min manat pul alınıb. Bunlardan başqa da zərərçəkmiş kimi tanınan şəxslər var. İddia olunur ki, pul yatıranlara əvvəl qazanc verilib. Onlar gəliri aldıqca daha çox inanıblar. Sonradan qazanc da kəsilib, əsas məbləğ də qaytarılmayıb.
Zərərçəkmişlərin bir neçəsi iddia edir ki, N.Qarayev bu işi tək görməyib. Onlar SOCAR-ın idarə rəisini ittiham edirlər. Düşünürlər ki, onun da bu işlərdən xəbəri olub, hətta qohumunu himayə edib.
Noyabrın 5-də bu iş üzrə məhkəmə istintaqı tamamlanıb. Prokuror N.Qarayevə 13 il həbs cəzası verilməsini təklif edib.
Təklif olunan cəza ağır olsa da, yenə zərərçəkmişləri qane etməyib.
"Nicat bu işdə tək deyil. O, cinayəti tək törətməyib. Həmin şəxslər məsuliyyətə cəlb edilmədi. Bu, cəza alıb gedəcək, biz zərərçəkmişlər neyləyəcəyik? Mən digər günahkarların da məsuliyyətə cəlb olunmasını tələb edirəm. Bizə dəymiş ziyan da ödənilsin. Ziyan ödənilməsə, ona ömürlük cəza verilsin", - zərərçəkmiş İlqar Mirzəyev belə deyir.
"Bunu özləri də bilirlər"
Zərərçəkmiş Sərxan Musayev bildirib ki, Nicat onlarla söhbətdə SOCAR-ın idarə rəisinin adını çəkir, bu işin arxasında onun dayandığını deyirdi. V.Əliyevin özünün imkanı olduğu halda, başqalarından pul toplanıb, faiz verilməsinə gəlincə, zərərçəkmiş deyir ki, N.Qarayev bunu idarə rəisinin xarici bankdakı aktivlərinin müvəqqəti dondurulması ilə izah edirdi.
Rəşad İmanlı və digər zərərçəkənlərin də münasibəti oxşar olub.
CM-in 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunan N.Qarayev özünü qismən təqsirli bilir. O bildirib ki, cinayət işində zərərçəkmişlərdən alınan məbləğlər şişirdilib, rəqəm yüksək göstərilib. Bu maddədə 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Onun vəkili də prokurorun çıxışından, istədiyi cəzadan narazı qalıb. Vəkil deyir ki, zərərçəkmişlərdən bəzilərinə ödənilən pullar, məhkəməyə təqdim olunan sənədlər nəzərə alınmadan belə ağır cəza tələb olunub.
SOCAR-ın idarə rəisi V.Əliyev bu cinayət işində adının hallanmasına etiraz edir. Onun yaxınları AzadlıqRadiosuna bildirib ki, zərərçəkmişlərin şikayəti əsasında V.Əliyevin bu işdə günahı olub-olmadığı araşdırılıb, ittihamlar təsdiqini tapmayıb: "Bunu özləri də bilirlər, amma bilərəkdən onun adını hallandırırlar".