Siyasi Məhbusların Monitorinq Mərkəzi noyabrın 10-da Qarabağda müharibənin sona çatmasını alqışlayaraq, bu münasibətlə geniş amnistiya verilməsini təklif edib.
"Biz, keçmiş siyasi məhbuslar daxili siyasətdə də bu uğurları davam etdirməyi, tam vətəndaş həmrəyliyinə, xalqın quruculuq proseslərinə və azad edilmiş ərazilərin bərpasına, ölkənin beynəlxalq imicinin möhkəmləndirilməsi yönündə konsolidasiyasına nail olmağı zəruri hesab edirik," Mərkəzin rəhbəri Elşən Həsənov bildirib.
Bununla əlaqədar o, böyük sayda məhkumun, o cümlədən 190-dan artıq siyasi məhbusun, həmçinin "ömürlük məhbusların" azad edilməsi məqsədilə geniş miqyaslı amnistiya və əfv aktının elan olunmasını təklif edir.
Həmçinin məhkəmələrin müstəqilliyinin, sərbəst toplaşma, söz, vicdan, dini etiqad azadlıqlarının və digər fundamental azadlıqların təmin olunması, polis və ədliyyə orqanlarında kadr islahatlarının aparılması təklif edilir.
Siyasi məhbusların Monitorinq Mərkəzi 2014-cü ilin oktyabrında bir qrup keçmiş "vicdan məhbusu" tərəfindən yaradılıb.