Sevinc Sadıqova: "Əfqan Sadıqovun səhhəti olduqca pisdir"

Sevinc Sadıqova: "Əfqan Sadıqovun səhhəti olduqca pisdir"
16 Noyabr 2020
Mətni dəyiş

Həbsdə olan baş redaktor Əfqan Sadıqov on ikinci gündür aclığı davam etdirir. Bu barədə jurnalistin həyat yoldaşı Sevinc Sadıqova Amerikanın Səsinə bildirib.

“Əfqan Sadıqovun səhhəti çox pisdir. Taqəti yoxdur. Təziqi 90/60-dır. Vəziyyətinin ağır olmasına baxmayaraq, tibb məntəqəsinə köçürülmür. Əfqana nəsə olar deyə çox qorxuram.”

Onun sözlərinə görə, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman) müraciət etsə də bir nəticə olmayıb.

Sevinc Sadıqova deyir ki, Əfqan Sadıqov aclığı davam etdirmək istəyir.

“Deyir öləcəm, buradan meyitim çıxacaq, amma aclığı dayandırmayacam. Xahiş etdim ki, dayandır, dedi məndən bunu istəmə,“ o bildirib.

Bu məsələ ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən hələ şərh almaq mümkün olmayıb.

Jurnalist Əfqan Sadıqov noyabrın 4-də aclıq aksiyasına başlayıb. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə etiraz edir.

Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azel.tv saytının redaktorunu hədələmə yolu ilə pul tələb etmə ittihamı ilə günahkar sayaraq yeddi il müddətinə azadlıqdan məhrum edib.

“Mən məhkəmənin hökmünü ədalətsiz hesab edirəm. Ortada heç bir hədə-qorxu, şantaj xarakterli yazı yoxdur. Bu səbəbdən aclığa başlayıram. Ədalət bərpa edilməsə aclığın 20-ci günündən sonra quru aclığa keçəcəm,” jurnalist məhkəmədə deyib.

Əfqan Sadıqov mayın 13-də saxlanılıb və Binəqədi rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.

İstintaq iddiasına görə, Sadıqov xeberfakt.az nəşrinin redaktoru Sakit Muradovla birlikdə 10 000 manat rüşvət alarkən saxlanılıb. Bu zaman Muradovu həbs etməyiblər.

Əfqan Sadıqov həbsindən öncə “Taxtakörpüdə gizlədilimiş cinayət hadisəsi“ adlı məqalə ilə çıxış edib. Məqalədə Taxtakörpü qəsəbəsində kimsəsiz və köməksiz olan iki qadına qarşı (onlardan biri azyaşlıdır) cinsi zorakılıqdan bəhs edilir. Jurnalıist qadınlara qarşı zorakılığın araşdırılmamasından narahatlığını bildirib. O həmin məlumatı YouTube kanalı vasitəsilə də diqqətə çatdırıb.

Sadıqov həmçinin narkotik qaçaqmalçılığında əli olduğunu iddia etdiyi bir qrup şəxs və Sumqayıt şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri barədə də tənqidi məqalələrlə çıxış edib.

“Yüksək vəzifəli bir neçə məmuru kəskin tənqid, ifşa etdiyim üçün sifarişin, tapşırıq, göstərişin hardan gəldiyini yaxşı bilirik,” Sadıqov həbsindən öncə Facebook səhifəsində yazıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun