Noyabrın 21-də RF xarici işlər və müdafiə nazirləri Lavrov və Şoyqu Yerevanla Bakıya səfər ediblər. Yerevanda Lavrovun əsas bəyanatı baş nazir Paşinyanla görüşdə azərbaycanlı qaçqınların Qarabağa qayıtmasının xatırladılması olub. Müdafiə naziri Şoyqu erməni həmkarını 9 noyabr 2020-ci il tarixli barışığa ciddi əməl etməyə və atəşkəs rejiminin pozulmasına yol verməməyə çağırıb. Rusiya və Ermənistanın müdafiə nazirləri Qarabağda Rusiya sülhməramlılarının fəaliyyətini tənzimləyən sənəd imzalayıblar.
Bakıda keçirilən görüşdə prezident İ.Əliyev Şoyquya deyib ki, "9 noyabr tarixli üçtərəfli bəyanatın reallaşması uğurla gedir və həm Azərbaycan, həm də Ermənistan tərəfinin çoxillik münaqişəyə son qoymağa və siyasi nizamlanmaya çıxmağa hazır olduğunu nümayiş etdirir".
Lavrovun sözlərinə görə, Rusiya geri qayıdan insanların maraqları çərçivəsində humanitar məsələlərin həllinin konkret yollarını Azərbaycanla uzlaşdırır.
Bağlı qapılar arxasında nə danışıldığı məlum deyil. O cümlədən, tərksilah olmaqdan və Qarabağı tərk etməkdən imtina edən erməni qüvvələrinin Qarabağda olması məsələsinə aydınlıq gətirilməyib.
Politoloq Elxan Şahinoğlu öz səhifəsində dərc edilmiş postda Lavrovun 9 noyabr tarixli üçtərəfli bəyanatın icrasının pozulması ilə bağlı tendensiyalar haqda fikirlərini qeyd edir. "Hər bir tərəf bəyanatı yerinə yetirmək niyyətində olduğunu bəyan edib, lakin sülhməramlı əməliyyatın mənasını dəyişdirmək cəhdləri var. Hələ ki bu, gizli baş verir ", - o qeyd edib.
E.Şahinoğlu hesab edir ki, Lavrov Kəlbəcərdən çıxma tarixini 10 gün uzatmağa nail olan erməni tərəfini nəzərdə tuta bilərdi. Bu müddətdən o, evlərin yandırılması və meşələrin qırılması üçün istifadə edib. Lakin Lavrov və Putin öz bəyanatlarında ünvan sahibini göstərmirlər.
Politoloq Ərəstun Oruclu Turan-a bildirib ki, təəssüf ki, "saziş"in imzalanmasından sonra ən pis gözləntilər gerçəkləşir.
"Rusiya tərəfinin qoşunların yeridilməsindən öncə və sonrakı davranışını müqayisə etsək, burada dinamika açıq-aşkar Azərbaycanın xeyrinə deyil. Rusiya Azərbaycan ərazisində öz hərbi iştirakını təmin etdikdən sonra gündəliyə məhz o məsələlərin daxil etməyə başladı ki, bizim ölkəmizə qarşı xeyirxah münasibət əlamətləri deyil. Elə bunu da gözləmək olardı, çünki faktın özü və Azərbaycanın apardığı hərbi əməliyyatların səviyyəsi Moskvanın ürəyincə deyildi. Lakin həmin dövrdə Moskva bir çox mülahizələrə görə Bakıya təsir etmək üçün kifayət qədər vasitələri yox idi. Ona görə də üçtərəfli bəyanatın imzalandığı andan başlayan Putin planı regionda bütün proseslərin idarə edilməsi üçün çox mühüm dayaq nöqtəsi kimi lazım idi.
Mən lap əvvəldən bu sazişə tənqidi yanaşırdım, çünki hesab edirdim ki, o, Rusiyanın əl-qolunu açacaq. Belə də oldu. Bu gün Moskva Azərbaycana bir neçə istiqamətdə təzyiq göstərir. Onlardan biri təkcə Ermənistanla deyil, həm də Qarabağda marionet qondarma rejim ilə daha sıx əməkdaşlıqdır. Görünür, Rusiya xarici siyasəti qarşısında qoyulmuş vəzifələrə nail olunması növbəti və daha vacib mərhələyə keçir. Əbəs yerə rusiyalı nazir Sergey Lavrov Bakının hansısa geosiyasi maraqlarından danışmayıb. Lavrovun bəyanatı ilk baxışdan olmayan şeyə ünvanlansa da aydındır ki, söhbət ilk növbədə, Azərbaycanın etibarlı müttəfiqi olan Türkiyədən gedir. Sülhməramlılarla bağlı məsələlərin Bakıda deyil, məhz Yerevanda müzakirə edilməsi zənnimcə, Azərbaycana təzyiq üsullarından biridir. Moskva Bakıdan maksimum güzəşt əldə edənə qədər bu təzyiqlər davam edəcək. Bu ondan xəbər verir ki, Azərbaycan təcili Rusiya ilə qarşılıqlı fəaliyyət üzrə plan qurmalıdır. Burada Rusiyadan gözlənilən istisnasız bütün variantlar və nüanslar nəzərə alınmalıdır. Təbii ki, bir plan azdır və o, yaranmış vəziyyətdə Azərbaycanın strategiyasının işlənib hazırlanması üçün baza ola bilər. Bu planda ilk və ən vacib bənd Türkiyə ilə hərbi əməkdaşlıq üzrə praktiki addımların atılması olmalıdır. Yalnız bu halda Rusiyanın davranışı dəyişə bilər", - Ərəstun Oruclu hesab edir.
Politoloq İlqar Vəlizadə Turan ilə söhbətində öncə qeyd edib ki, danışıqlar haqda rəsmi məlumatlar azdır, lakin aydındır ki, nizamlanma prosesinin detallarının: qaçqınların, sülhməramlı qüvvələrin yerləşdirilməsinin razılaşdırılması gedir.
Müdafiə naziri Şoyqu ilə Ermənistan tərəfi arasında sazişin imzalanmasına toxunan İ.Vəlizadə güman edir ki, bu saziş erməni silahlı qüvvələrinin regiondan çıxarılmasına həsr olunub. Ona görə də Rusiya nümayəndə heyəti Azərbaycan tərəfi ilə sənədlər imzalamayıb.
Ermənilər Qarabağda öz silahlı qüvvələrini saxlamağa çalışırlar, lakin üçtərəfli bəyanatda regiondan istənilən hərbi formalaşmanın tam çıxarılmasından danışılır. Odur ki, Rusiya üçün proses çətindir. Rusiya tərəfi ermənilərə izah edir ki, azərbaycanlılar erməni silahlı qüvvələrinin çıxarılmasını diqqətlə izləyir, Azərbaycanda Monitorinq Mərkəzi yaradılır. Ermənilərin Qarabağdakı yarıhərbi birləşmələri saxlamaq cəhdləri mənasızdır.
“Belə təəssürat yaranır ki, erməni tərəfi bəyanatı imzalamaqla getmiş qatara çatmağa cəhd edir, düzəlişlər etməyə çalışır. Paşinyan bəyanatı imzalayanda ermənilər çaşqınlıq içində idilər, indi özlərinə gəlirlər və üstünlük əldə etmək istəyirlər. Ermənilərdə bu, alınmır. S.Lavrovun sözlərindən aydın olur ki, o, Yerevanda onları Bakının azad edilmiş rayonlara azərbaycanlıların qaytarılması niyyətinə hazırlayıb. Ermənilərin keçmiş "DQR"dən nəsə saxlamaq cəhdləri Azərbaycan və Türkiyə tərəfindən neytrallaşdırılacaq. Ermənilərin Qarabağa status almaq, orada əvvəlki rejimi saxlamaq istəkləri müzakirə oluna bilər. Rusiya tərəfi Azərbaycanın qəti mövqeyini bilir və bəyanatda status haqda danışılmır. Düşünürəm ki, ermənilərin onlara lazım olan məsələləri sırımaq cəhdlərinin qarşısı Rusiya tərəfindən alınır.
Kəlbəcər və Laçın rayonları qaytarıldıqdan sonra rayonların Azərbaycanın qalan hissəsi ilə əlaqəsini təmin etmək lazımdır və bu trafik Qarabağın erməni əhalisinin olduğu və Rusiyanın nəzarətində olan hissəsindən keçəcək. Buradan da Qarabağın dağlıq hissəsindən keçən kommunikasiyaların təhlükəsizliyilə bağlı danışıqlar mövzusu yarana bilər", - İ.Vəlizadə deyib.
Milli Məclisin deputatı Eldar İbrahimov fikirlərini bölüşməkdə çətinlik çəkib, çünki Yerevan və Bakıda aparılan danışıqlar barədə televiziyada deyilənlərdən başqa ictimaiyyətə heç bir məlumat verilməyib. O, Rusiya nümayəndə heyətinin öncə Yerevana getməsində, sonra danışıqların Bakıda davam etdirilməsində siyasi əhəmiyyət görmür.
"Aydındır ki, mühüm dövlət danışıqları aparılır. Rəsmi məlumatdan başqa digər informasiya yoxdur. Mən dövlət səviyyəsində danışıqlar barədə fikir söyləyə bilmərəm", - deputat Turan agentliyinə deyib.