Layihədə YouTube, Facebook, Twitter kimi resursları bloklamaq, onların Rusiya ərazisində trafikini süni şəkildə zəiflətmək, şirkətlər üzərində administrativ cərimələr qoymaq nəzərdə tutulur
Rusiya Dövlət Dumasına xarici internet platformalarına senzura layihəsi təqdim olunub. Söhbət “Rusiya mediasını senzura edən” platformalardan gedir.
Çıxış məhdudlaşdırılır və...
Layihəni senator Aleksey Puşkov və Dövlət Dumasının altı deputatı hazırlayıblar. Layihədə YouTube, Facebook, Twitter kimi resursları bloklamaq, onların Rusiya ərazisində trafikini süni şəkildə zəiflətmək, şirkətlər üzərində administrativ cərimələr qoymaq nəzərdə tutulur.
Mediaya nəzarət edən “Roskomnadzor” ideyanı dəstəkləyərək bəyan edib ki, qanun Rusiyada informasiya azadlığı hüququnu qoruyacaq.
RİA Novosti agentliyinin məlumatına görə, qanunda bir neçə prinsip nəzərdə tutulub. Birincisi, çıxışın məhdudlaşdırılmasıdır. Məsələn, sosial şəbəkələrdə Rusiya televiziyasının hesabı bloklananda, yaxud rusiyalı rejissorların hazırladığı film baxışdan çıxarılanda bu addım atıla bilər. İkincisi, irqi, milli, siyasi kateqoriyalı informasiyaya çıxış məhdudlaşdırılanda.
“Roskomnadzor” bildirib ki, Rusiya ərazisində təsbit olunmuş hüquqlar internet şirkətlərin qaydaları əsasında dəyişdirilə bilməz.
Solovyovun gileyi
Qurumun məlumatına görə, 2020-ci ildə “xarici internet şirkətlər tərəfindən Rusiya mediasına qarşı 24 senzura halı” qeydə alınıb. Bu senzura hallarının nədən ibarət olması açıqlanmır. Ancaq bir müddət öncə Russia Today, RİA Novosti, “Krım 24” hesablarına “senzura”dan şikayətlənmişdilər. Üstəlik, “Roskomnadzor” Google-dan tələb edirdi ki, jurnalist Vladimir Solovyovun “Соловьев LIVE” kanalını YouTube-da trend siyahısına qaytarsın.
Vladimir Solovyov özü də kanalında gileylənirdi ki, onun videoları “Trendlər” bölməsinə düşmür, abunəçilər yeni roliklər barədə bildiriş almırlar. “Соловьев LIVE” kanalının 495 min abunəçisi var.
Google isə bildirir ki “Trendlər” bölümünə videolar alqoritmlər vasitəsilə düşür, videonun baxış sayı, çap olunma anı, digər roliklərlə müqayisədə populyarlığı nəzərə alınır.
“CurrentTime” yazır ki, qanun qəbul olunarsa, “senzuraya görə”təkcə internet resursları və sosial şəbəkələri bloklamaq mümkün olmayacaq: informasiya yayan operatorların, hətta İT-platformaların cərimələnməsi də nəzərdə tutulub.