"Rusiya ilə bağlı bölgədə parlaq tarixi təcrübə yoxdur" - Anar Məmmədli

"Rusiya ilə bağlı bölgədə parlaq tarixi təcrübə yoxdur" - Anar Məmmədli
10 Noyabr 2020
Mətni dəyiş
"Üçtərəfli bəyanatın ən böyük üstünlüyü müharibənin dayanmasıdır. İtkilər olmayacaq. Hər iki tərəf yeni atəşkəs mühitini ilk növbədə belə dəyərləndirməlidir". Bu fikirləri SMDT rəhbəri Anar Məmmədli bildirib. Məmmədli qeyd edib ki, Ermənistan bu bəyanatla Dağlıq Qarabağa varlığını tamamilə itirməkdən xilas oldu. Azərbaycan isə son 40 gün ərzindəki hərbi əməliyyatlarla 27 il sonra Aşağı və Dağlıq Qarabağda yuridiksiyasını bərpa etdi. Əgər müharibə 10 gün davam etsəydi, daha yeni ərazilər qazanacaqdıq, amma itkilər də olacaqdı. Bəzi ərazilər müharibəsiz geri qayıdacaq. Onun sözlərinə görə, sənədlə bağlı əsas çatışmazlıq sülhməramlı kimi Rusiyanın bölgəyə qayıtmasıdır. Əfsus ki, Rusiya ilə bağlı bölgədə parlaq tarixi təcrübə yoxdur. Xüsusən də Rusiyada qeyri-demokratik idarəçilik bölgənin təhlükəsizliyi və demokratikləşməsi üçün təhlükə yaradır. Ancaq görünür ki, Rusiya bəyanatı tələsik imzalatmaqla ABŞ və Avropa Birliyini regiondan kənar tutmaq, Türkiyəni isə qismən iştirakını təmin etməli oldu. Azərbaycan cəmiyyətinin anti-Rusiya meylli olmasını nə ölkə iqtidarı, nə də Ermənistan cəmiyyəti dəyərləndirmədi. Əslində hələlik atəşkəs sənədi imzalayıb gələcəkdə çoxmillətli sülhməramlı missiyası təşkil etmək olardı. "Sənəddə atəşkəs rejiminin pozulmasına nəzarət, öhdəliklərdən imtina, sülhməramlıların mandatı və səlahiyyətləri kimi məsələlər aydın deyil. Əlavə bir sənədə və ya protokollara ehtiyac var. Nəhayət, münaqişənin tamamilə başa çatması üçün yeni sülh sazişinə ehtiyac var. Bunun üçün Azərbaycana beynəlxalq dəstək önəmlidir. Məhz bu səbəbdən sülh sazişinin Avropa Birliyi, Türkiyə və ABŞ-ın birgə iştirakı ilə imzalanması önəmldir. Sülhün beyməlxalq təminatçısı Rusiya ilə yanaşı bu ölkələr olmaldır. Ən önəmli işi isə xalqlar özləri görməlidir. Hər kəs bunu sonuncu müharibə kimi qəbul edib, sülhü qorumağa çalışsa 5 il sonra başqa siyasi mühit yaranacaq. Ümumilikdə, bu sənəd Lavrov tərəfindən 2017-ci ildə təklif edilən planın bənzəridir. Üstündən 3 il keçəndən sonra bu planı Ermənistanın qəbul etməsi üçün müharibə başladı. Və 40 gün boyunca xeyli insanlar öldü və yaralandı. Kaş ki, ermənilər o planı qəbul edərdilər. Ötən 40 gün ərzində canı və qanı bahasını qələbə qazanan hərbçilərin haqqı ödənilməz. Ruhları şad olsun! Bir ömür onlara borcluyuq", - deyə SMDT rəhbəri Anar Məmmədli bildirib

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun