ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri Robert Bradtke Amerikanın Səsinə müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik səyləri və Birləşmiş Ştatların fəaliyyəti haqda danışıb.
Amerikanın Səsi: Səfir Baradtke, siz ABŞ-ın son zamanlarda münaqişənin həll istiqamətində göstərdiyi səyləri necə qiymətləndirirsiniz?
Robert Bradtke: Hamımızın bildiyi kimi, bu, son dərəcə mürəkkəb bir münaqişədir. Mən əslində üç ildən bir az çox Minsk Qrupunun həmsədri kimi çalışmışam və həmin müddətdə hər gün bu problem üzərində işləmişəm. Buna görə mən bunun nə qədər çətin olduğunun əhəmiyyətini azaltmaq istəməzdim, amma bu administrasiya və onun səylərinə baxanda bir qədər narahatlıq keçirirəm. Mənim başa düşdüyüm, bu problem barədə bildiyim odur ki, diplomatik səylər bir neçə müxtəlif şey tələb edir. Bu səylər təmkin və daim qarşılıqlı əlaqə tələb edir. Bunun üçün ATƏT də daxil olmaqla, tərəfdaşlar və müttəfiqlərlə işləmək istəyi və bacarığı tələb olunur. Və açığı, bunlar bu administrasiyanın xarici siyasətinin keyfiyyətləri və xüsusiyyətləri deyil. Beləliklə, mən yenə də ABŞ-ın hazırkı həmsədrini tənqid etmək istəmirəm, amma bu administrasiyanın məsələyə layiqincə diqqət göstərməmiş ola bildiyini düşünürəm.
Amerikanın Səsi: Cənab səfir, sizin özünüzün də qeyd etdiyiniz kimi, siz Minsk Qrupunun həmsədrlərindən biri kimi sülh prosesində birbaşa iştirak etmisiniz. Razılığın əldə edilməsi qarşısında başlıca maneə nədən ibarət idi?
Robert Bradtke: Hesab edirəm ki, 1994-cü ildə atəşkəsdən bəri tərəflərin razılığa gəlməyə yaxın olması iki dəfə baş vermişdi. Bunlardan biri səfir Kavanonun problem üzərində işlədiyi vaxt olmuşdu. Ki Vestdə konfrans zamanı razılığın əldə edilməsi ehtimalı yaranmışdı. Digəri isə mənim həmsədr olduğum dövrdə prezident Medvedevin tərəfləri Kazanda bir araya gətirdiyi vaxt baş vermişdi. Və orada həllə nail olunacağına, həll deməməliyəm, həllə gətirib çıxara biləcək bir çərçivə razılığı olacağına ümidimiz var idi. Təəssüf ki, prezident Medvedev və prezident Obama, Dövlət katibi Klintonun böyük səylərinə baxmayaraq, bu, baş vermədi. Bu, nəyə görə baş vermədi? Bu barədə bir kitab yazmaq olar, çünki bunun baş verməməsinin bir çox səbəbləri var. Lakin əsas etibarilə bu, tərəflərin hazırlığı, bu da münaqişədəki hər üç tərəf - qarabağlılar, azərbaycanlılar və ermənilərin onlara istədikləri hər şeyin verilməyəcəyi bir nizamlanmanı qəbul etmək üçün siyasi iradəyə hazır olmamalarından ibarət idi.
Hesab edirəm ki, ikinci səbəb çox mühüm idi və bu, bir problemdir. İndi bu, daha da pisləşib. Bu da etibarın olmamasıdır. Siz qarşı tərəfə etibar edirsinizsə, problemə qarşı tərəfin perspektivindən baxa bilirsinizsə və qarşı tərəfin sizinlə necə irəliləyə biləcəyini düşünürsünüzsə sülh razılaşması və ya həlli qəbul edə, ya da əhəmiyyətli inkişafa nail ola bilərsiniz. Mənim vaxtımda prezident Sarkisyan ilə prezident Əliyev arasında sadəcə etibar yox idi. Kağız üzərində bir söz və anlaşmaya nail olmaq üçün etibar yox idi. Tərəflər sadəcə olaraq qarşı tərəfin bu razılaşmaları həyata keçirməyə hazır olduğuna inanmırdı. Onlar nəsə etmək, bir addım atmaq üçün gələcəkdə bir-birinin sözünə inanmaq istəmirdilər.Yenə də hesab edirəm ki, bunun əsasında bir neçə şey dururdu. Bu, etimadın olmaması idi, problemin mürəkkəbliyi idi, hər şeyi ala bilməyəcəyiniz həll ilə razılaşa bilməmək idi. Nəticədə Kazandan sonra hər şey geriyə qayıtdı.
Amerikanın Səsi: Səfir Bradtke, sizcə ABŞ tərəflər arasında davamlı sülhə nail olmaq üçün səylərini necə davam etdirəcək?
Robert Bradtke: Yerdə hərbi vəziyyət dəyişmiş ola bilər, amma regiona hər səfərimiz zamanı biz bu barədə danışırdıq və mən Ermənistan və Azərbaycan liderləri ilə görüşmək üçün Minsk Qrupunun həmsədrləri ilə birlikdə bölgəyə etdiyim 30-dan çox səfər zaman biz deyirdik ki, problemin fundamental aspekti budur ki, bu münaqişənin hərbi həlli yoxdur. Və mən bunu bu gün bir daha deyirəm. Prezident Əliyev indi hərbi həllə nail olduğu və ya hərbi bir həll yolu tapdığını düşünməyə meylli ola bilər. Amma bunun müvəqqəti hərbi nailiyyət əldə edə biləcəyiniz kimi sadə bir yolu yoxdur. Ermənilərin nümunəsinə baxın. Onlar bəlkə də 1990-cı illərdə müharibədə qalib gəldiklərini düşünürdülər, amma münaqişə əslində sikl şəklində gedir. Əgər Azərbaycan bu dövrdə hərbi uğura nail olursa, ermənilər getməyəcəklər, onlar unutmaq fikrində deyillər. Onlar deməyəcəklər ki, bitdi, biz hökumətdə təsirimizin olmasına heç vaxt çalışmayacağıq. Onlar gözləyəcək, güclərini artıracaq, onlar bir imkan gözləyəcəklər. Və dediyim kimi, bu münaqişə hərbi yolla həll olunmayacaq. Bir tərəfdə bir hadisə olacaq. Qarşı tərəf zərər alacaq. Amma bu, problemi həll etməyəcək. Mən əgər prezident Əliyevlə görüşsəydim, bunu tamamilə açıq deyirəm ki, xalqınızın Qarabağa qayıtmasını istəyirsinizsə, işğal olunmuş yeddi ərazidən çıxarılmış insanların geri qayıdıb dinc şəraitdə yaşamasını istəyirsinizsə, bu regionun lideri olmaq istəyirsinizsə müharibə vəziyyətində olduğunuz zaman bunu edə bilməzsiniz. Yəni onu nəzərdə tuturam ki, bununla problem həll edilə bilməz. Şuşada yaşayan insanlar, Ağdamda yaşayan insanlar sülh yolu ilə nizamlanma olmayana qədər geri qayıdıb təhlükəsiz və firavan yaşaya bilməyəcəklər. Hərbi güclə dəyişdirilən vəziyyət yalnız hərbi gücdən yenidən istifadə edilməsi üçün zəmin hazırlayacaq.
İndi ABŞ nə edə bilər? Bu, yeni administrasiya üçün çətin bir problem olacaq. Bayden administrasiyasının həm daxili, həm də xarici siyasətdə həll etməli olduğu bir çox məsələlər var. Lakin məni prezident seçilmiş Baydenə tövsiyə verən bir neçə nəfər arasında problemi başa düşən isanların olması ruhlandırır, onlardan biri məndən bir müddət əvvəl bu məsələ üzərində çox çalışıb. Və inanıram ki, onlar bu məsələyə öz biliklərini gətirəcək. Mən inanıram ki, onlar Rusiya və Fransa ilə işləmək və ATƏT-dəki digər tərəfdaşları cəlb etmək istəyi gətirəcək. ATƏT bütün təşkilatı səfərbər etməlidir. Yenə də mən bunu etmək öhdəliyinə inanıram, yeni administrasiyanın tərəfdaşlarla işləməyə və fəaliyyət göstərməsinə hazırlıq istəyinə inanıram. Yenə də düşünürəm ki, heç bir kənar tərəf bu münaqişəni həll etməyəcək. Lakin biz, həmsədr ölkələr olan Amerika Birləşmiş Ştatları Fransa və Rusiya tərəflərlə davamlı, ardıcıl təmasda olmağa hazır olmalıyıq.
Amerikanın Səsi: Sizcə bundan sonra nə ola bilər? Birləşmiş Ştatların yeni administrasiyası tərəfindən hansı addımlar atıla bilər?
Robert Bradtke: Amerikada indi qəribə keçid dövründəyik. Prezident Trump və Dövlət katibi Pompeonun iki ayları var və aydındır ki, bu keçid dövrü diplomatiya üçün asan bir dövr deyil. Mən yenə də Amerikanın aktiv olacağına ümid edirəm. Ümid edirəm ki, Ağ Ev və Dövlət Departamenti fəaliyyət göstərəcək. Lakin real olaraq onların bunu etməyə çalışmaları üçün çox imkanı olmadığını düşünürəm. Amma ümid edirəm ki, onlar növbəti administrasiyaya rahat keçidi təmin edəcəklər. Bu, yenə də mövcud ABŞ administrasiyanın tənqidi deyil, lakin mən hesab edirəm ki, atılacaq əsas addımlar olaraq əməkdaşlıq etməyə hazır olan yüksək səviyyəli amerikalı həmsədrə ehtiyac var. Biz tərəfləri bir araya gətirməyə çalışmalıyıq. Biz Rusiya ilə işləməliyik. Mən bunu prezident Obamanın dövründə ABŞ və Rusiya arasında bir çox fikir ayrılıqlarının yaşandığı bir dövrdə rusiyalı həmkarımla çox yaxşı işləyən biri kimi deyirəm. Amma bu onlardan biri deyildi. Biz başa düşürdük ki, bu regionda müharibə heç kimin xeyrinə deyil. Beləliklə, Rusiya ilə, Fransa ilə qarşılıqlı fəaliyyət aparmağa hazır olmaq, ATƏT-i aktivləşdirmək və əlbəttə ki, ilk addım atəşkəsdir. Ümid edirəm ki, bu administrasiyanın hakimiyyətdən gedənə qədər həyata keçirə biləcəyi işdir. Rusiya və Fransa ilə işləmək. İdeal olaraq bundan sonra bəzi kontaktları inkişaf etdirmək və yeni rəhbərlik hakimiyyətə gəldikdə qarşılıqlı əlaqəni gücləndirmək, bütün bunlar administrasiyanın həll edəcəyi digər problemlərdir.