Avstriya rəsmiləri çərşənbə axşamı Vyana şəhərində azı 4 nəfərin ölümü və 14 nəfərin yaralanması ilə nəticələnən hücumu törədən şəxsin İslam Dövləti terror qrupuna pərəstiş etdiyini bildirib.
"Dünən gecə ən azı bir islamçı terrorçu tərəfindən hücum yaşadıq" -deyə, Daxili işlər naziri Karl Nehammer jurnalistlərə bildirib.
O, hücum edən şəxsin avtomatla silahlandığını və əynində saxta intiharçı jileti olduğunu deyib.
Daha sonra Avstriyanın APA xəbər agentliyinə verdiyi şərhində nazir deyib ki, hücumçu keçən il İslam Dövləti qrupuna qoşulmaq üçün Suriyaya getmək cəhdi ilə əlaqədar məhkum edilib.
Polis hücum edən şəxsi öldürüb. Nehammerin dediyinə görə, çərşənbə axşamı baş verən hücumda başqa kiminsə əli olub-olmadığı araşdırılır.
“Hazırda başqa hücumçuların da olduğunu istisna edə bilmərik. Bu səbəbdən də hücum edən şəxsin yaşadığı yerin ətrafını və eyni zamanda bütün Vyananı araşdırırıq ki, cinayətkarın bir və ya iki nəfər olduğunu öyrənək” - deyə, nazir bildirib.
Rəsmilər isanlara ictimai yerlərdən və ictimai nəqliyyatdan uzaq durmağı tövsiyə edib. Vyanada tələbələrə çərşənbə axşamı dərslərə getməmələrinə icazə verilib.
Hücumlar bazar ertəsi axşam Vyanada altı yerdə, ölkədə koronavirusa yoluxma hallarının sayının artması səbəbindən məhdudiyyətlərin qismən qüvvəyə minməsindən bir neçə saat əvvəl baş verib. Ölənlərin arasında iki kişi və bir qadın, yaralananların arasında isə bir polis zabiti var.
Avstriya kansleri Sebastian Kurz ölkəsinin “terrorçular tərəfindən qorxudulmayacağını” deyib. Bir sıra tvittelərində o, mübahisənin xristianlarla müsəlmanlar arasında və ya avstriyalılarla miqrantlar arasında olmadığını, əksinə, sülhə inananlarla müharibə istəyənlər arasında olduğunu yazıb.
Son günlər ölkəsində müsəlman ekstremistlərin günahlandırıldığı bir neçə hücumla qarşılaşan Fransa prezidenti Emmanuel Makron Twitter səhifəsində fransalıların "bu axşamkı hücumun şokunu və kədərini Avstriya xalqı ilə birlikdə yaşayır" yazıb.
"Bura bizim Avropadır. Düşmənlərimiz kimə qarşı olduqlarını bilməlidir. Biz geri çəkilməyəcəyik" - deyə, Makron yazıb.
Almaniya kansleri Angela Merkel çərşənbə axşamı açıqladığı bəyanatda qonşu Avstriya ilə həmrəyliyini ifadə edərək, “islamçı terrorizmlə mübarizə bizim ümumi mübarizəmizdir” deyib.
Dövlət katibi Mike Pompeo ABŞ-ın Vyanadakı terror aktını qəti şəkildə qınadığını bildirib.
"Ölən və yaralananların ailələrinə dərin kədərlə başsağlığı bildiririk. Polisə və ilk yardım qruplarına dəstəyimizi təsdiqləyirik və Avstriya xalqı ilə həmrəy olduğumuzu bildiririk", Pompeo bildirib.