Qarabağda yeni status-kvo: Gürcüstanda Rusiyanın artan təsirindən qorxurlarmı?

Qarabağda yeni status-kvo: Gürcüstanda Rusiyanın artan təsirindən qorxurlarmı?
17 Noyabr 2020
Mətni dəyiş

Rəsmi Tbilisi, Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılmasına dair razılaşmanın münaqişənin tammiqyaslı həllinə kömək edəcəyinə ümid edir. Ancaq Gürcüstanda bir sıra təhlilçi hesab edir ki, razılaşma bir çox suallar doğurmaqla yanaşı, Tbilisi üçün yeni problemlər yaradır və Rusiyanın bölgədəki nüfuzunu artırır.

Ermənistanla Azərbaycan arasında 44 günlük hərbi qarşıdurmada Gürcüstan bitərəf qaldı. Qarabağdakı döyüş əməliyyatları zamanı Tbilisi həm Ermənistana, həm də Azərbaycana hərbi yüklərin tranzitini müvəqqəti dayandırdı.

Müharibəninin dayandırılması barədə razılaşma imzalandıqdan sonra, Tbilisi 2008-ci ilin Rusiya-Gürcüstan müharibəsindən sonra ilk dəfə olaraq, Rusiya hərbi təyyarələrinə sülhməramlıları daşımaq üçün hava məkanını açdı.

Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması barədə razılığa ilk reaksiya göstərənlərdən biri Gürcüstan prezidenti Salome Zurabişvili olub. O, Ermənistanı və Azərbaycanı müharibənin bitməsi münasibətilə təbrik edib və bütün vasitəçilərə təşəkkürünü bildirib.

"Sülh və sabitliyə alternativ yoxdur. Birlikdə əməkdaşlığın yeni səhifəsini açırıq," - Zurabişvili Twitter səhifəsində yazıb.

Gürcüstan prezidentinin postu sosial mediada hiddətlə qaşılandı. Bəzi erməni istifadəçilər Gürcüstana bənzər "sülh və sabitlik" arzuladılar. Zurabişvilinin sözləri bir çox həmvətənini də qəzəbləndirib.

"Gürcüstan Prezidenti 12 il keçməmiş dolayı yolla Rusiyaya təşəkkürünü bildirir. Xanım Prezident, sizdən heç nə tələb olunmur, təki belə biabırçı açıqlamalar verməyin," - istifadəçilərdən biri yazıb.

Ekspertlər də Gürcüstan prezidentinin açıqlamasını tənqid ediblər.

Gürcüstan prezidentinin beynəlxalq əlaqələr üzrə keçmiş müşaviri Tengiz Pxaladze, Zurabişvilinin ölkə adından verdiyi açıqlamaları yoxlamağa çağırıb.

ABŞ-ın Gürcüstandakı keçmiş səfiri Ian Kelly də çaşqınlığını bildirib.

"Gürcüstan prezidenti Qafqazda Rusiya işğalını möhkəmləndirən və Qərbi bloklayan bir razılaşma münasibətilə necə təbrik ifadə edə bilər?" - Kelly Twitter-də yazıb.

Rusiya regiona uzun müddətəmi gəlib?

Gürcü politoloqlarının fikrincə, imzalanmış saziş bölgədəki yeni status-kvonu möhkəmləndirir, lakin münaqişənin qəti şəkildə həll olunması demək deyil.

Gürcüstan Təhlükəsizlik Siyasəti İnstitutunun direktoru David Braqvadzenin fikrincə, Rusiya bu günə qədər ərazisində heç bir Rusiya hərbçisinin olmadığı Azərbaycanda və münaqişədə hərbi mövcudluğunu bərqərar edərək imzalanmış sazişdən ən çox qazanan tərəfə çevrilib.

"Bu baxımdan Rusiya Azərbaycana və Ermənistana təsirini gücləndirib. Bundan əlavə, Rusiya özünü Cənubi Qafqazda tərəflər arasında vasitəçi rolunu oynaya biləcək yeganə qüvvə kimi təqdim edib," - Braqvadze deyib.

Ancaq o hesab edir ki, Rusiya sülhməramlılarının yerləşdirilməsi Qarabağ münaqişəsinin həllinə nəinki kömək etməyəcək, əksinə, uzada bilər.

"Gürcüstan və ya digər postsovet ölkələrinin təcrübəsi göstərir ki, sülhməramlı mandatı ilə Rusiya əsgərlərinin iştirak etdiyi münaqişələr sadəcə həll olunmur. Praktikada belə bir şey hələ olmayıb", - Braqvadze vurğulayıb.

Tərəflərin razılığı ilə sülhməramlı kontingent beş il müddətinə yerləşdirilir və razılığa əsasən, müddətin bitməsinə altı ay qalmış tərəflərdən heç biri buna etiraz etmədiyi halda, sülhməramlıların qalma müddəti avtomatik olaraq növbəti beş il müddətinə uzadılacaq.

"Bu, Rusiyanın yalnız beş il olduğu anlamına gəlmir. Rusiya bacardığı qədər orada qalacaq. Çox mümkündür ki, Azərbaycan hələ uzun bir müddət ərzində Rusiya sülhməramlılarını ərazisindən çıxarmaq üçün kifayət qədər mövqelərini möhkəmləndirə bilməyəcək. Təcrübə göstərir ki, Rusiya öz sülhməramlılarını asanlıqla geri çağırmır, - Braqvadze deyir. - Odur ki, bu münaqişənin gələcəkdə birdəfəlik olaraq həll ediləcəyinə dair heç bir zəmanət yoxdur. İndiki vəziyyət daha mürəkkəbdir və qarşıdurma tərəfləri - Ermənistan və Azərbaycan arasında - məsafə daha da böyüyüb."

Razılaşmaya əsasən, Rusiya sülhməramlıları təmas xətti və Ermənistanı Dağlıq Qarabağla birləşdirən Laçın dəhlizi boyunca yerləşdiriləcək.

Naxçıvan ilə Azərbaycan arasında hərəkət Rusiya sərhəd xidmətinin nəzarəti altında olacaq.

Gürcüstan Strateji və Beynəlxalq Araşdırmalar Fondunun (GFSIS) eksperti Zurab Batiaşvilinin sözlərinə görə, Türkiyə üçün Naxçıvan Muxtar Respublikası və Azərbaycan arasındakı yol onu türkdilli əhali ilə bağlayan ən qısa yol olacaq, bu isə Rusiyaya Ermənistan və Azərbaycanla yanaşı həm də Türkiyəyə təsir etmək imkanı vermiş olur.

Qarabağdakı müharibə, Batiaşvilinin fikrincə, Gürcüstanındakı münaqişəli regionlara - Gürcüstandan qopmuş Abxaziya və Cənubi Osetiyaya təsir göstərməyəcək.

"Bizim prioritetimiz münaqişələrin sülh yolu ilə həll edilməsidir və Rusiya onsuz da orada fərqli bir şəkildə təmsil olunur. Rusiya Abxaziya və Cənubi Osetiyanın, deyildiyi kimi, müstəqilliyini tanıyır və orada reallıq tamamilə fərqlidir. Ermənistanla Azərbaycan az-çox eyni çəki kateqoriyasına aid olduğu halda, Gürcüstan və Rusiya fərqli kateqoriyaların oyunçularıdır. Bu məsələnin hərbi yolla həll variantı söhbət mövzusu ola bilməz," - o, qeyd edir.

Yeni imkanlar

Batiaşvili bildirir ki, Gürcüstanı Rusiyanın artan təsiri və Rusiyanın bölgədəki hərbi mövcudluğunun artması qane etmir.

Lakin o düşünür ki, Rusiyanın təsirinin artması ilə yanaşı, Qərbin də Gürcüstana marağı artacaq.

Ekspertin təbirincə, Gürcüstan bu gün Cənubi Qafqazda Qərbin yeganə dayağı və sadiq müttəfiqi olaraq qalır.

Bunun təsdiqi kimi o, ABŞ Dövlət katibi Mike Pompeo-nun 10 günlük səfəri çərçivəsində baş çəkəcəyi ölkələr arasında Gürcüstanın yer aldığını qeyd edir.

"Məndə olan məlumata görə, Gürcüstan bu siyahıya son anda daxil edilib. Düşünürəm ki, bu qərara məhz Qarabağ hadisələri təsir göstərib," - o deyir.

ABŞ Dövlət Departamentinin verdiyi məlumata görə, Fransa və Türkiyəyə baş çəkdikdən sonra, Pompeo Gürcüstanın ərazi bütövlüyünə və demokratik islahatların keçirilməsində irəliləyişə dəstəyini bildirmək üçün Tbilisiyə gələcək.

Yeni müqavilənin qüvvəyə minməsindən sonra Gürcüstanın tranzit funksiyasının zəifləyəcəyi ilə bağlı bəzi qorxulara baxmayaraq, politoloqların sözlərinə görə, yaxın gələcəkdə mövcud enerji layihələri üçün heç bir təhlükə gözlənilmir.

Lakin David Bragvadzenin fikrincə, mümkündür ki, gələcəkdə Azərbaycan özünün yeni layihələrini Gürcüstan vasitəsilə deyil, Rusiya üzərindən həyata keçirsin və bu səbəbdən Gürcüstan öz imkanlarını şaxələndirmək barədə düşünməlidir.

Rəy sorğuları əhalinin əksəriyyətinin Gürcüstanın Avropa və Avroatlantik inteqrasiyasını dəstəklədiyini göstərir. Odur ki, ekspertlər qeyd edir ki, hətta Rusiyanın bölgədəki nüfuzunun artması fonunda belə, Gürcüstan hakimiyyəti ölkənin xarici siyasət vektorunun istiqamətini köklü sürətdə dəyişməyəcək.

Eyni zamanda, Rusiyapərəst ritorika və Qərbin qurumlarında Gürcüstanın gələcəyinə şübhə ilə yanaşma güclənə bilər, ekspertlər hesab edir.

"[Rusiyapərəst hissləri bölüşənlərin] ritorikası bu müharibədən sonra daha da güclənəcəkdir. Onlar Rusiyanın rolunu, Cənubi Qafqazdakı problemlərin Rusiyanın müdaxiləsi olmadan həll edilə bilməyəcəyini, Rusiya ilə münasibətlərini dərinləşdirmədən Gürcüstanın öz problemlərini və münaqişələrini həll edə bilməyəcəyini vurğulamağa çalışacaqlar," - Braqvadze deyir.

Türkiyə - yeni bir oyunçu

Təhlilçilərin fikrincə, Türkiyənin regional rolunun güclənməsi Gürcüstan üçün Rusiyanın təsirini tarazlaşdıran müsbət bir amildir.

"Bizim üçün bu gün təhlükə - Rusiyadır. Rusiyaya müəyyən bir tarazlıq yaradan hər hansı bir dövlət, amil, güc bizim üçün pozitiv deməkdir. Bu, bizə düşmən olmaması şərtilə tamamilə demokratik bir dövlət olmaya da bilər. Türkiyə ilə yaxşı, partnyorluq münasibətlərimiz var, ciddi problemlərimiz isə yoxdur," - o deyir.

Konfliktoloq Paata Zakareişvili, Türkiyənin NATO üzvü olduğunu xatırladır və Gürcüstanın bu alyansa qoşulmasını dəstəkləyir. Onun sözlərinə görə, Dağlıq Qarabağdakı hadisələrdən sonra Gürcüstanın NATO-ya üzv olmaq istiqamətində ciddi bir addım atmaq şansı var.

"İndi Gürcüstanın Qərb ölkələri ilə yenidən danışmaq və Rusiyanın Cənubi Qafqazda özünü necə apardığı fonunda Gürcüstana ən azı üzvlüyə nail olmaq istiqamətində "yol xəritəsinin" verilməsini NATO-dan istəmək üçün yaxşı bir şansı var ", - Zakareişvili deyərək əlavə edir ki, Gürcüstan hakimiyyəti bu məsələdə passivdir və bu fürsətdən çətin ki, istifadə etsin.

O, əksər analitiklərin Rusiyanın bölgədəki təsirinin əhəmiyyətli dərəcədə artması barədə fikirlərini bölüşmür. Onun sözlərinə görə, Rusiya yalnız sözdə göstərmək istəyir ki, qazanan tərəf odur, reallıq isə fərqlidir.

Hərbi mövcudiyyət baxımından Rusiyanın yeni sülhməramlı kontingentinin yerləşdirilməsi böyük fərq yaratmır, ekspert hesab edir.

Rusiyanın bu regionda onsuz da üç hərbi bazası var, o cümlədən, Gürcüstan hökumətinin razılığı olmadan Abxaziyada və Cənubi Osetiyada. Digər bir Rusiya bazası da Ermənistan ərazisində, Gümrüdədir.

Bütün hallarda Rusiya hərbçilərinin yerləşdirilməsi faktiki olaraq "güc hesabına baş verib", onlar sülhü deyil, Rusiyanın geosiyasi maraqlarını təmin edir, ekspert bildirir.

"Türkiyə Azərbaycanda özü üçün doğma olan bir bölgəyə və şəraitə daxil olub. Rusiya 2008-ci ildə mədəniyyət baxımından müttəfiqi olan pravoslav Gürcüstan ilə münasibətlərini korlayıb. Sivilizasiya müstəvisi baxımından Rusiya buranı tərk edir, Türkiyə daxil olur. Bu, böyük bir fərqdir. Bax, əsas yenilik, son 100 il ərzində ilk dəfə baş verən məhz bu hadisədir, daha heç kimin istəmədiyi və gözləmədiyi Rusiyanın dördüncü bazası deyil," - Zakareişvili deyir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun