Qarabağda Rusiya sülhməramlılarına rəhbərlik edən Rüstəm Muradov kimdir?

Qarabağda Rusiya sülhməramlılarına rəhbərlik edən Rüstəm Muradov kimdir?
14 Noyabr 2020
Mətni dəyiş

Dağlıq Qarabağdakı Rusiya sülhməramlılarına general-leytenant Rüstəm Muradov komandanlıq edəcək. Ermənistanda bu qərara son dərəcə ehtiyatla yanaşılır, çünki Muradov sakinlərinin çoxu azərbaycanlı olan Dağıstan kəndində anadan olub.

Bununla birlikdə generalın özü bəyan edir ki, zabitin millət anlayışı olmamalıdır. BBC News Rusca xidməti Rüstəm Muradovun nə ilə tanındığını izah edir.

"Milli incəlikləri başa düşür"

General Muradov əsasən azərbaycanlıların yaşadığı Dağıstanın Dərbənd rayonundakı Çinar kəndində anadan olub.

Bu, dərhal erməni Telegram kanallarında müzakirə mövzusuna çevrilib. Ancaq generalın özü Dağıstanın yerli azsaylı xalqlardan biri olan - tabasaran xalqına mənsubdur.

"Onun təyinatına təəccüblənmirəm. Milli incəlikləri başa düşür - özü də Dağıstan əsillidir, orada isə xalqların sayı az deyil və bir-birini yola verməyənlər də var, - hərbi jurnalist, ehtiyatda olan polkovnik Sergey Tyutyunnik BBC-yə bildirib. - O, müəyyən dərəcədə diplomat olmalıdır. Düşünürəm ki, özünü yaxşı göstərəcək və münaqişənin hər iki tərəfi ilə təmas qura biləcək. "

1996-cı ildə 23 yaşında olan Rüstəm Muradov Çeçenistandakı Yuxarı Tsentoroy kəndini ələ keçirmək üzrə əməliyyatda fərqlənərək Cəsarət ordeninə layiq görülüb.

"O vaxt gənc leytenant olan Muradov Buynakskdakı 136-cı briqadanın kəşfiyyat bölüyünün komandiri idi," - Müdafiə Nazirliyinin "Krasnaya Zvezda" qəzeti yazır.

O, ikinci Cəsarət ordeniylə 2000-ci ildə, Aslan Masxadovun Datoydakı qərargahını ələ keçirməyə görə təltif olunub. Bu əməliyyata general-mayor Vladimir Şamanov rəhbərlik edirdi.

Muradov Çeçenistanda xidmətini 2009-cu ilə qədər davam etdirib. O, Şali şəhərində 17-ci motoatıcı briqadasının komandiri olub, bundan sonra rotasiya ilə Zabaykalye bölgəsinə keçirilib.

Borzda yerləşən Şərqi Hərbi Dairənin 36-cı motoatıcı Lozovskaya briqadasının komandiri olaraq, general-mayor rütbəsini alıb. O, eyni ərəfədə Prezident Dmitri Medvedev tərəfindən Hərbi Xidmətə görə ordenlə təltif olunur.

Muradov 2008-ci ildə Cənubi Osetiyadakı beş günlük müharibədə iştirak etməyib. Çünki o, həmin vaxtlarda Şərqi Hərbi Dairədə briqada komandiri idi.

2014-cü ildə Ukraynanın şərqində müharibə başlayanda general Muradov Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasında oxuyurdu. 2016-cı ildə bölgədə aparılan aktiv döyüşlər başa çatandan sonra o, Atəşkəsə Nəzarət üzrə Birgə Rusiya-Ukrayna Mərkəzində (ANBRU) Rusiyanın nümayəndəsi olur.

2015-ci ilin fevral ayında Debaltsevoya hücumdan əvvəl Birgə Mərkəz bu şəhərdə yerləşirdi. Lakin son həmlədən bir neçə gün əvvəl Rusiya təmsilçiləri yerlərini dəyişdirməyə qərar verəndən sonra Mərkəz Soledar şəhərinə keçirilib, ukraynalı zabitlər deyirlər. Mərkəzdəki Rusiya nümayəndələri jurnalistlərə müsahibə vermirdirlər.

2016-cı ilin mart ayında tanınmamış "Donetsk Xalq Respublikasının" nümayəndələrinə istinad edən Rusiyanın RİA Novosti agentliyi, general Muradovun Yasinovataya rayonunda təxminən 20 dəqiqə davam edən, RPG, zenit silahları və ağır pulemyotlardan atəşə tutulduğunu xəbər vermişdi.

2017-ci ildə Suriyada hərbi müşavir kimi xidmət edən general, Deyr əz-Zor bölgəsində yerləşən Rusiya hərbi qüvvələrinə komandanlıq edib və həmin ezamiyyətin yekunlarına görə, o, ölkənin ən yüksək mükafatına - Rusiya Federasiyasının Qəhrəmanı adına layiq görülüb. Mükafatı ona Kremldə Prezident Vladimir Putin tədqim edib.

Suriyadan qayıtdıqdan sonra general Muradov Dağlıq Qarabağa yerləşdirilən sülhməramlı briqadanın daxil olduğu Mərkəzi Hərbi Dairəsinin 2-ci Ümumqoşun Ordusuna komandanlıq edib.

Rusiya sülhməramlıları 2019-cu il ərzində üç dəfə Tacikistandakı təlimlərdə iştirak ediblər. "Birliyin tərkibinə daxil olan əlahiddə motoatıcı briqada Quru Qoşunlarında yeganə sülhməramlı birləşmədir," - o vaxt Muradov deyirdi.

O, həmçinin Volqa boyunca "Patriot" parklarının yaradılmasında da iştirak etmişdir: "Biz hərbi texnikanın statik nümayişi və hərbi-vətənpərvərlik tədbirlərinin keçirilməsi üçün Patriot hərbi-vətənpərvərlik parkları yaradırıq. 2019-cu ilin birinci yarısında bu cür parklar Orenburq, Penza, Samara, İjevsklə yanaşı Totsk və Roşşinski qarnizonlarında peyda olacaq", - general Muradov iki il əvvəl Müdafiə Nazirliyinin Zvezda qəzetinə bildirib.

"Hər hansı cinayət - zabitin nöqsanıdır"

General Muradov son iki ildə Cənubi Hərbi Dairə komandanının müavini olub, 2020-ci ilin fevralında general-leytenant rütbəsini alıb və hazırda Qarabağdakı Rusiya sülhməramlı kontingentinə başçılıq edir.

2012-ci ildə Krasnaya Zvezda hərbi nəşrinin müxbiri Muradova belə sual verib: "Çoxmillətli kollektivlərdə birlik məsələlərinin həllini necə görürsünüz?".

"İnanıram ki, bir dövlət xadimi olaraq zabitin millət anlayışı olmamalıdır. Bu, mənim prinsiplərimdən biridir. Əminəm ki, "Şimali Qafqaz mənşəli insanlar" yoxdur. Şimali Qafqazdan çağırılan əsgərlər var. Buna görə, nizamnaməyə uyğun olaraq hər kəsə prinsipial, qətiyyətlə yanaşmaq lazımdır," - general Muradov deyib.

"Zabitlərdən milli psixologiyanın xüsusiyyətlərini bilməyi tələb edirəm, Qafqazın nə olduğunu izah edirəm. Ancaq problem yarananda milliyyətindən asılı olmayaraq bütün əsgərlərə eyni tələblərlə yanaşırıq. Cinayət tərkibi varsa, qətiyyətlə cəzalandırırıq".

Eyni dövrdə Muradov, əsgərlərinin heç vaxt probleminin olmadığını deyib.

"Hər hansı bir cinayət zabitin, komandirin nöqsanıdır. Bu deməkdir ki, vəziyyəti nəzərdən keçirməmişik. Əsgəri öyrənməmişik və onu tələb olunan kimi işlədə bilməmişik. Məhz buna görə, bu gün briqadamızda nizam-intizamla bağlı problemimiz yoxdur."

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun