Diasporla İş üzrə Dövlət Komitəsinin və "Timberwolf Phoenix" media şirkətinin təşkilatçılığı ilə “Ərazi bütövlüyü beynəlxalq hüququn bir hissəsi kimi: Azərbaycan nümunəsi” mövzusunda videokonfrans təşkil olunub.
Komitədən verilən məlumata görə, qurumun rəsmi əməkdaşlarının, "Timberwolf Phoenix" media şirkətinin prezidenti Ben Minik və vitse-prezidenti İrina Tsukermanın iştirak etdiyi videokonfransda müxtəlif ölkələrdə yaşayan 40-a yaxın jurnalist, siyasi ekspertlər və digər şəxslər iştirak ediblər.
Məqsəd Azərbaycanın ədalətli və haqlı mövqeyini dəstəkləyən dünya jurnalistlərini bir araya gətirmək və Qafqaz Jurnalistləri Şəbəkəsini yaratmaqdan ibarətdir.
İrina Tsukerman və Ben Minik "Timberwolf Phoenix"in missiyası və fəaliyyəti, Azərbaycan və Ermənistan arasında müharibə zamanı “Republic-Underground” xəbər saytındakı məqalələrin baxış sayının 65.000.000-a çatması, eləcə də onlayn konfransın məqsədi barədə ətraflı məlumat veriblər.
Sonra öz fəaliyyətləri barədə təqdimatla çıxış edən hər bir jurnalist tədbirin əhəmiyyətinə diqqəti cəlb edib və Azərbaycanın ərazi bütövlüyünü tanıyan jurnalistlər şəbəkəsinin yaradılmasının önəmindən danışıblar.
Tədbir Ermənistanın Azərbaycana qarşı təcavüzünün kökləri, tarixi və hal-hazırda siyasi meydanda baş verən hadisələrə həsr olunmuş videoçarxın nümayiş olunması ilə davam edib.