Prezidentin sabiq müşaviri Jirayr Libaridyan: "Ermənistan bir zamanlar tövsiyələrini qulaq ardına verdiyi ölkələrdən indi kömək umur"

Prezidentin sabiq müşaviri Jirayr Libaridyan: "Ermənistan bir zamanlar tövsiyələrini qulaq ardına verdiyi ölkələrdən indi kömək umur"
5 Noyabr 2020
Mətni dəyiş

Sabiq Ermənistan prezidenti Levon Ter-Petrosyanın müşaviri, 1990-cı illərdə Ermənistan xarici işlər nazirinin müavini olmuş erməni əsilli amerikalı alim Dağlıq Qarabağ probleminin kökləri və hazırkı vəziyyətini təhlil edib.

Jirayr Libaridyan bu mövzuda Kaliforniya Universiteti nəzdindəki Erməni Tədqiqatlar Mərkəzinin təşkil etdiyi konfransda çıxış edib. Çıxışın tam mətnini Armenian Mirror Spectator nəşri dərc edir.

"Danışıqlar niyə uğursuzluğa uğradı" ("Why Negotiations Failed") sualına cavab axtaran tədqiqatçı, sovet dövründə yaranan münaqişənin kökləri, inkişafı və hazırkı dövrünə nəzər salır.

Jirayr Libaridyanın fikrincə, münaqişədə danışıqlar strategiyasını iki dövrə aid etmək olar. Şərti olaraq, birinci dövr 1991-1998 və ikinci dövr 1998-2020-ci illəri əhatə edir.

Danışıqların iki dövrü

Bu iki dövr arasında bəsit, lakin, həlledici bir fərqi görmək olar, təhlildə deyilir.

Birinci dövrdə, yəni Ter-Petrosyan rəhbərliyində münaqişə ilə bağlı siyasət onun həllini fəal şəkildə axtarmaq idi. İkinci dövrdə, yəni Koçaryan, Sarkisyan və Paşinyan administrasiyaları vaxtında siyasət əsasən status-kvonu qorumaqdan ibarət idi, Jirayr Libaridyan belə hesab edir.

"Münaqişənin mahiyyətinə varmaq istəsək, bunu aşağıdakı fərqdə tapa bilərik: Azərbaycan tərəfi Qarabağ problemini erməni əhalisi ilə birlikdə və ya bu əhali olmadan öz nəzarəti altına götürməli olan bir ərazi problemi kimi görür. Erməni tərəfi bu problemi Dağlıq Qarabağın (Artsaxın) erməni xalqının öz torpaqlarında azad və təhlükəsiz yaşamaq hüququ kimi görür".

Alim "İkinci dövrə" aid daha bir məqamı da qeyd edir. Onun dediyinə görə, tərəflər münaqişəni 1905-1907-ci illərə aid qarşıdurma epizodlarının davamı və xüsusən də azərbaycanlılara gəldikdə "milli kimliklərinin" hissəsi kimi qiymətləndirirlər. Bu isə, güzəştlərə getməyi mədəni dəyərlərin əldən verilməsinə "bərabər edir".

Münaqişə, Ermənistanın və Azərbaycanın daxili siyasətində mühüm rol oynamış, əhalini daha çox millətçi və maksimalist mövqelərə sövq etmişdir, Jirayr Libaridyan belə hesab edir. Onun sözlərincə, Minsk qrupu həmsədrləri, xüsusən də Rusiyanın problemin həlli yollarına dair izahatları uzun müddət nəzərə alınmayıb və indi Ermənistan, bir zamanlar tövsiyələrini qulaq ardına verdiyi ölkələrdən kömək umur.

"İndi də bizi xilas etmələri üçün onlara müraciət edirik, özü də bizim öz şərtlərimizlə."

Zaman kimin tərəfində idi?

Təhlilə əsasən, danışıqların uğursuzluğuna səbəb olan amillərin sayı az deyil və onların arasında həm diaspor, həm də elmi dairələrin mövqelərini qeyd etmək olar. "Diasporların mövqelərinin maksimalist olduğunu və yumşaq desək, evdəki vəziyyətin daha real qiymətləndirilməsinə töhfə vermədiyini iddia etsəm, yanılmayacağımı düşünürəm".

Münaqişənin hər iki tərəfi zamanın öz tərəfində olduğuna inanırdı, Jirayr Libaridyan deyir. Azərbaycan əmin idi ki, neft gəlirləri sayəsində beynəlxalq dəstəyin davamlı olmasını təmin etməklə, növbəti müharibəyə hazırlaşmaq üçün möhlət qazanacaq. Erməni tərəfi isə öz diasporunu Azərbaycanın puluna qarşı dəyərli ekvivalent hesab edirdi.

[caption id="" align="alignleft" width="976"]Levon Ter-Petrosyan Jirayr Libaridyan Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın müşaviri olub[/caption]

Jirayr Libaridyan danışıqlarda beynəlxalq vasitəçilərin rolunu da qeyd edir. Onun dediyinə əsasən, Minsk Qrupunda təmsil olunan ABŞ və Rusiya çalışırdılar ki, təklif olunan planlar onların bölgədəki təsirlərini maksimum dərəcədə artırsın: "Nəticəsi qeyri-effektiv vasitəçilk oldu".

"Yeni səs tapmalıdırlar"

Jirayr Libaridyan bu müddət ərzində elmi dairələrdə qeyri-maksimalist mövqenin sərt tənqidə tuş gəldiyini də qeyd edir.

"Daha da əhəmiyyətlisi, 20 il və ya daha çox müddət ərzində hər hansı bir məqalə, kitab və ya ictimaiyyətə təqdimatda bu cür ekstremist siyasətlərə tənqidi baxış əks etdirən - tarixçi, politoloq və ya başqa alim tapmaq mümkün deyil".

Erməni əsilli alimin dediyinə əsasən, Ermənistan "kritik bir nöqtədədir" və Baş nazir "sərt qərarlar qəbul etməli olacaq". Bunun üçün alimlər, ictimaiyyət və daha geniş diasporlar mövqelərini yenidən düşünməli olmalıdırlar.

Onlar problemin "tərkib hissəsi" olmaqdansa, müharibəyə yol açan "maksimalist mövqedən" imtina edərək, "yeni səs tapmalıdırlar". "Fərqli bir nəticə gözləyərkən keçmiş səhvlərini təkrarlamaq, öz tarixini bilən millətə xas əlamət deyil,"- Jirayr Libaridyanın çıxışında deyilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun