Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar. İlham Əliyev Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırıb. Prezident işğaldan azad olunmuş torpaqlardan bəzi açıqlamalar verib. O bildirib ki, bütün dünya bunu görsün, görsün və bilsin biz hansı yaramaz düşmənlə üz-üzəyik. Bütün binaları dağıdıblar, talan ediblər.
“Onların məqsədi var idi ki, bundan sonra heç vaxt burada azərbaycanlılar yaşamasınlar. Yaşayacağıq, əbədi yaşayacağıq! Hamısını bərpa edəcəyik, hamısını. Baxın, nə günə qoyublar. 30 il ərzində hansısa bir beynəlxalq qurum bu məsələni qaldırıbmı? Burada monitorinq aparılıbmı? İndi bütün dünya görəcək ki, nə günə salıblar Cəbrayıl şəhərini”, - dövlət başçısı vurğulayıb. Prezident deyib ki, düşmən oğru, əxlaqsız, vicdansız bir düşməndir. Mən bir daha demək istəyirəm ki, bizim parlaq qələbəmiz təkcə ölkəmizin ərazi bütövlüyümüzün bərpası deyil.
“Bu, şərlə xeyir qüvvələrinin mübarizəsidir. Şər qüvvələri məğlub olub, ancaq biz qalib gəlmişik. Çünki biz qurub-yaradanıq. Ermənilər isə bunu ediblər, dağıdıblar”, - o vurğulayıb. Şuşanın işğaldan azad olunmasına da toxunan prezident bildirib ki, Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi. Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi.
“Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaq. Çünki bu əməliyyatı bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək yalnız yüngül silahlarla silahlanmış şəkildə azad ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı qələbəmizdir”, - o vurğulayıb. Səfər zamanı Füzulidən Şuşaya çəkiləcək yeni avtomobil yolunun təməlqoyma mərasimi keçirilib. Prezident deyib ki, bu gün ölkəmizin həyatında çox əlamətdar tarixi bir gündür. Bu gün Füzuli-Şuşa avtomobil yolunun təməli qoyulur. Bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edirəm. Bu yolun çox böyük əhəmiyyəti var. Çünki bu yol bizi Qarabağın tacı olan Şuşaya aparır. Son illər ərzində ölkəmizdə bir çox yollar inşa edilib. 2004-cü ildən bu günə qədər 16 min km-dan çox avtomobil yolu çəkilib. Yollarda keyfiyyətlidir. Şuşaya çəkilən bu yolun xüsusi əhəmiyyəti var. Bu layihə işğaldan azad edilən torpaqlarımızda birinci layihədir. Dağlıq Qarabağın gələcək taleyi ilə bağlı da danışan İlham Əliyev deyib ki, heç bir status haqqında söhbət gedə bilməz. Vahid Azərbaycan dövləti var. Çoxmillətli, çoxkonfensiyalı, mütərəqqi Azərbaycan dövləti var.
“Bütün Azərbaycan vətəndaşları bütün xalqların, dinlərin nümayəndələri normal yaşayırlar, mehribanlıq, sülh şəraitində yaşayırlar. Erməni xalqı da belə yaşayacaq. Bizim erməni xalqı ilə işimiz yoxdur ”, - o vurğulayıb. Son olaraq prezident bildirib ki, 30 il ərzində müxtəlif uydurmalar ortalığa atılıb.
“Həm Ermənistan rəhbərliyi, həm onların havadarları, həm ermənipərəst qüvvələr, həm azərbaycanofob qüvvələr tərəfindən ki, bəli, Ermənistanın güclü ordusu var, erməni xalqı döyüşkən xalqdır, Azərbaycan xalqı isə döyüşə bilmir. Məhv etmişik bu uydurmanı! Göstərmişik kim döyüşkən xalqdır! Göstərmişik kim Müzəffər Xalqdır!”, - o qeyd edib.