“Noyabrın 8-də Şuşanın işğaldan azad olunması münasibətilə 50 siyasi partiya Prezident, Müzəffər Ali Baş Komandanı təbrik edərək, bu qələbəni illərlə yürüdülmüş müdrik siyasətin, siyasi uzaqgörənliyin, iqtisadi islahatların, xalqın iqtidara göstərdiyi yüksək etimadın, xalq-dövlət vəhdətinin ən ali təcəssümü olduğunu bildiriblər”.
Bu fikirlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin "Azərbaycan dövlətçiliyinin islahatlar və zəfər mərhələsi" adlı məqaləsində öz əksini tapıb.
O bildirib ki, Azərbaycanın yaxın siyasi tarixində ilk dəfə olaraq radikal müxalif qanadı təmsil edən AXCP və Müsavat rəhbərləri də qazanılmış qələbə münasibətilə Ali Baş Komandanı, Milli Ordunu və Azərbaycan xalqını təbrik edib, onları qələbənin əsas müəllifləri adlandırıblar.
Ə.Vəliyev qeyd edib ki, ölkədə aparılan iqtidar-müxalifət dialoquna töhfə vermək məqsədilə çoxlu sayda müxtəlif siyasi partiya fəallarının və tanınmış ictimaiyyət nümayəndələrinin özlərinin və ailə üzvlərinin tibbi və ya digər şəxsi problemlərinin həllinə kömək edilib:
“Partiyaların ofislə təmin edilməsi üçün ilk dəfə olaraq addımlar atılıb. Sabit siyasi mühitin dəstəklənməsi və siyasi partiyaların bölgələrdə normal fəaliyyətinin təmin olunması üçün şöbə tərəfindən mütəmadi qaydada yerli icra orqanları ilə iş aparılır, bütün siyasi qüvvələr üçün bərabər şəraitin yaradılması məqsədilə siyasi partiyaların fəallığının təşviqi istiqamətində müvafiq tədbirlər görülür".
Prezident Administrasiyası rəsmisi bildirib ki, bu ilin fevralından etibarən başlamış danışıqlar və partiyalararası konstruktiv əməkdaşlığın qurulması prosesindən özünü kənara çəkən Azərbaycan Xalq Cəbhəsi Partiyası və özünü "Milli Şura" adlandıran qurum olub:
"Ölkənin siyasi rəhbərliyi tərəfindən yeni siyasi islahatlar kursu təqdim olunmasına, yeni konfiqurasiya elan edilməsinə, dialoq təklifləri səsləndirilməsinə, Prezident Administrasiyasının müvafiq strukturunun təşəbbüslərinə baxmayaraq, təəssüf ki, AXCP və onun yandaş qurumu olan "Milli Şura" inadla siyasi dialoqdan yayınıb. Bu, əslində, Azərbaycanda guya demokratiya sahəsindəki çatışmazlıqlar olmasını siyasi təzyiq məqsədilə istifadə etmək istəyən müəyyən xarici dairələrə bəhanələr yaratmağa xidmət edir. Yaranmış yeni sağlam mühit təşəbbüskar gənclərin siyasi birliklərdə iştirakını artıracaq, eyni zamanda, sağlam rəqabət aparmağa qabil olmayan qüvvələr siyasi səhnəni gec-tez tərk edəcəklər. Prezident İlham Əliyev deyib: “Mən yeni siyasi islahatlar proqramını təqdim etmişəm, o, bütün siyasi partiyaların mütləq əksəriyyəti tərəfindən dəstəklənib... Biz siyasi dialoqun çox aktiv fazasındayıq”.
Azərbaycan Xalq Cəbhəsi Partiyası isə dəfələrlə dialoqdan imtina etmədiyini bildirib. Partiya sədri Əli Kərimli deyib ki, real məzmuunlu və ölkədəki problemlərin həqiqi həllinə yönəlmiş dialoqda iştirak edə bilər. Ancaq imitasiya xarakterli görüşlərdə iştirak etməyəcəklər.