Pol Qobl: 'Ermənistan Rusiyanın əvəzinə özünə müdafiəçi axtaracaq, sülhməramlıların tərkibi isə dəyişə bilər'

Pol Qobl: 'Ermənistan Rusiyanın əvəzinə özünə müdafiəçi axtaracaq, sülhməramlıların tərkibi isə dəyişə bilər'
14 Noyabr 2020
Mətni dəyiş

1992-ci ildə Qarabağ münaqişəsinin Laçın və Mehrinin dəyişdirilməsi ideyasını ehtiva edən nizamlanma variantını təklif edən məşhur Amerikalı politoloq Pol Qoblun Turan-a eksklüziv müsahibəsini təqdim edirik. 

- Laçın dəhlizinin Mehridən keçən dəhlizlə dəyişdirilməsi ideyasının müəllifisiniz. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağda nizamlanma ilə bağlı 10 noyabr tarixli razılaşması sizin ideyanızın həyata keçməsi deməkdirmi?

- Mənim ideyam daha geniş miqyaslı idi, amma Azərbaycan və Naxçıvan arasında tranzit dəhlizin yaradılması mənim təxminən 30 il əvvəl təklif etdiyim istiqamətdə atılan mühüm addımdır. Ümid edirəm ki, zamanla o, daha da əhəmiyyət qazanacaq və müəyyən “suverenlik” əldə edəcək.

- Üç ölkə liderinin 10 noyabr tarixli bəyanatı ABŞ və Fransanın iştirakı olmadan verilib. Bunun səbəbi nədir? Nəticələri nə olacaq?

- Rusiya regionda əhəmiyyətə malik yeganə qüvvə olduğunu göstərmək istəyirdi. ABŞ-ın başı qarışıqdı, Fransa hələ də təkbaşına necə hərəkət edəcəyini bilmir.

Hesab edirəm ki, ABŞ-da yeni administrasiya hakimiyyətə gəldikdə Vaşinqton yenidən daha əhəmiyyətli rol oynamağa başlayacaq və Moskvanın sülhməramlıları təkbaşına yeritməsinə etiraz edəcək, çünki, bu, beynəlxalq hüquqa əsasən münaqişə tərəfi olan ölkə üçün düzgün deyil.

-  Azərbaycan, Ermənistan və Rusiya tərəfindən imzalanmış Bəyanatın müddəalarının həyata keçirilməsi nə dərəcədə realdır?

- Burada müqavilə və ya saziş deyil, birgə bəyanat olması mühüm məqamdır. Bir çox müddəaların ciddi şəkildə sınaqdan keçiriləcəyini təxmin edirəm. Bununla belə, şiddətin səngiyəcəyini və Azərbaycanın diqqətini yenidən əldə etdiyi əraziləri təkrarən dirçəldmək işi ilə məşqul olmagını, Ermənistanın isə Rusiyanın müttəfiq rolundan imtina etməsindən sonra başqa müdafiəçi axtarmağa başlayacağını gözləyirəm.

Münaqişədə Türkiyənin rolunu necə qiymətləndirirsiniz?

- Türkiyə öz kartlarını yaxşı oynayıb. O, öz təsirini genişləndirib, amma Rusiyanın mövqeyinin onun fəaliyyət göstərmək qabiliyyətini hələ də məhdudlaşdırdığı görünür. Amma düşünürəm ki, Ankaranın rolu artacaq, Rusiyanın rolu isə azalacaq.

- Qarabağda üçüncü tərəfin sülhməramlıları yerləşdirilə bilər?

- Əlbəttə yerləşdirilə bilər. Ümid edirəm ki, ABŞ və Fransa razılaşmaların Rusiyanın fors-major hallarına deyil, beynəlxalq hüquqa uyğun olmasında israr edəcək.

- Azərbaycanlılar və ermənilər gələcəkdə bu regionda sülh içərisində yaşaya bilərmi?

- Bunun mümkün olacağına ümid var, amma bu, bir tərəfin digər tərəfə nəyisə zorla qəbul etdirdiyini ya da bunu kənardan kiminsə etdiyini deyil, hər iki tərəfin razılaşmalardan nə isə əldə etdiyini hesab edəcəyi təqdirdə baş verəcək.

Vaşinqton-Bakı

13 noyabr 2020

Pol A. Qobl (ing. Paul A. Goble) (13 yanvar 1949)  Rusiyada iş təcrübəsi olan Amerikalı analitik, yazıçı və icmalçıdır. Mayami Universitetində (B.A. 1970) və Çikago Universitetində (M.A. 1973) ixtisas alıb, Sovet İttifaqının etnik məsələləri ilə bağlı dörd cildin redaktorudur və etnik mənsubiyyət və milliyyətçilik məsələləri ilə bağlı 150-dən çox məqalə dərc edib. Qobl dövlət katibi Ceyms Beykerin sovet milliyyətləri və Pribaltika işləri üzrə xüsusi müşaviri vəzifəsində xidmət edib. Hazırda Dünya Siyasəti İnstitutunun köməkçi professoru qismində “Avrasiyada islam və geosiyasət” kursu tədris edir.-0-

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun