Ermənistan baş naziri Nikol Paşinyan növbəti dəfə xalqına müraciət edib. Baş nazir bu dəfə əvvəlkilərdən fərqli olaraq sosial şəbəkə ilə yox, Ermənistanın İctimai Televiziyasına müsahibə verib.
Abzas xəbər verir ki, Qarabağ müharibəsi ilə bağlı atəşkəs bəyanatının imzalandığı elan edilən andan Ermənistanda etirazlar başlayıb. Ermənistanın bir sıra siyasi partiyaları bu şərtlərlə razılaşmadan narazıdırlar və baş naziri istefaya səsləyirlər.
Nikol Paşinyan isə erməni ictimaiyyətini inandırmağa çalışır ki, bu razılaşmanı imzalamaq məcburiyyətində qalıblar, çünki əks təqdirdə daha çox hərbçi və ərazi itirəcəkdilər.
'Ortaq bəyanatdır, razılaşma deyil'Baş nazir müsahibəsində bildirib ki, bu, ortaq bir bəyanatdır, razılaşma deyil. Onun sözlərinə görə, birgə bir bəyanat imzalamaqda əsas amil ondan ibarət olub ki, sənəd imzalanmasaydı, Xankəndi mühasirəyə düşəcək və 20-30 min əsgər əsir alınacaqdı.
Paşinyan deyib ki, atəşkən qərarını parlamentlə müzakirə etmək üçün vaxt və fürsət olmayıb: "Niyə bunu parlamentlə və ya başqası ilə müzakirə etmədiyimi soruşursunuz, qərar bir neçə saat ərzində verilməli idi".
Hökumət başçısının sözlərinə görə, bu, torpağın təslim edilməsinə deyil, qorunması mümkün olanın qorunmasıdır.
'Rusiyanın Qarabağla bağlı mövqeyi dəyişməyib'Paşinyan bildirib ki, bu sənədi cırıb ata bilərlər, ancaq bunun nəticələri barədə düşünmək lazımdır: "Bu sənədi rədd etmə üsullarının təklif olunduğunu da eşitməmişəm".
"Rusiyanın Qarabağla bağlı mövqeyinin son 4-5 ildə dəyişmədiyini açıq şəkildə bildirirəm. Yəni Rusiyanın mövqeyi indi 4-5 il əvvəl olduğu ilə eynidir. Bunu rəsmi olaraq deyirəm. Rusiya ilə Ermənistan arasındakı münasibətlər bu mövqeyə təsir göstərmədi", deyə Paşinyan bildirib.
Hökumət başçısının sözlərinə görə, ermənilər Şuşanı qaytarmaq üçün iki cəhd edib, lakin ikisi də, uğursuz olub.
'PUA-lar və xüsusi təyinatlılar qalib gəldi'"Şuşanın itirilməsi ətrafında bir çox mif var. Məsələn, Şuşanın itirilməsini biləndə mənə 50 döyüşçümüzün hələ də, orada olduğu barədə məlumat verildi. Məlumat verən şəxslə əlaqə qurmağı xahiş etdim və sonra onun Şuşada deyil də, Xankəndidə olduğu məlum oldu".
Paşinyan bildirib ki, onlarda qalan ərazilərdə dağılan evlər bərpa ediləcək, sərmayələr qoyulacaq, yaxşı yaşamaq üçün şərait yaradılacaqdır. Ermənistanla Qarabağ arasında yol, rabitə problemi olmayacaq. Rusiya sülhməramlıları sayəsində yollar təhlükəsiz olacaq.
"Bu müharibədə pilotsuz uçuş aparatları (PUA) və mobil qruplar (xüsusi təyinatlı) qalib gəldi. Müharibə ordumuzun xüsusi təyinatlılara daha çox ehtiyacı olduğunu göstərdi. Hərbi sənaye kompleksi və yüksək texnologiyalar iqtisadiyyatımızın aparıcı sahəsinə çevrilməlidir".
Baş nazir bildirib ki, imzalanan sənəd Türkiyə ilə sərhədlərin açılmasını nəzərdə tutmur, eyni zamanda Rusiyaya alternativ yollar və İranla dəmir yolu xətti çəkmək istəyirlər.